Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 İyun 2021 12:54

Gəncə qarnizonunda Nizami Gəncəvi ili çərçivəsində "Ayıq ol, ölkənin keşiyini çək!" adlı tədbir keçirilib

Bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açan, insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin zəngin yaradıcılığının müstəsna əhəmiyyəti nəzərə alınmaqla Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2021-ci il  Azərbaycan Respublikasında "Nizami Gəncəvi İli" elan edilmişdir.
Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissələrində, xüsusi təyinatlı hərbi təhsil ocaqlarında, ideoloji iş və mədəniyyət mərkəzlərində də bununla bağlı silsilə təbirlər həyata keçirilir. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin həyat və yaradıcılığı, hər bir vətəndaş üçün örnək olan çoxşaxəli irsi şəxsi heyət arasında geniş təbliğ olunur.
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Gəncə Qarnizonunda gənc əsgərlər üçün təşkil edilən tədbirə N.Gəncəvinin müəllifi olduğu "Ayıq ol, ölkənin keşiyini çək!" fikrinin ad olaraq verilməsi də təsadüfi deyildir.
Bu barədə danışan layihənin müəllifi, Əməkdar, incəsənət xadimi Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani bildirib ki, Nizami Gəncəvi bu gün də müasirdir. Azərbaycan Ordusunda böyük qüvvə olan gənclərimizin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik hissinin daha da yüksəldilməsində, onların milli dəyərlərimizə, ənənələrimizə, mənəvi və iradi keyfiyyətlərə yiyələnməsində ustad sənətkarın yaradıcılığı əvəzolunmaz bir vasitədir.
Nəzərə çatdırılıb ki, dahi Nizaminin ədəbi qəhrəmanları Vətənini, yurdunu sonsuz məhəbbətlə sevir, ağıllı, cəsarətli və hünərlidir, doğma torpağını yadellilərin basqınlarından mərdliklə qorumağa, qılınc alıb, meydanda özünü göstərməyə, "doğma ölkəsinə qol-qanad" verməyə, öz ölkəsinin müstəqilliyini, ərazi bütövlüyünü əbədi və sarsılmaz etməyə, Vətənin azadlığını hər şeydən uca tutmağa qadirdir.
Qeyd olunub ki, hər bir gənc ömründə heç olmasa bir dəfə öz Vətəni uğrunda, torpağı uğrunda qəhrəmanlıq nümunəsi göstərməli, yeri gələrsə, bu amal uğrunda canından, qanından keçməyi bacarmalıdır. Nizami Gəncəvinin cavanlara ünvanladığı bu misralarında deyildiyi kimi:
Cavansan, şir kimi cəsarətin var,

Tacidar olmağa ləyaqətin var.

Ölkəni fitnədən xilas edərək,

Qüdrətini göstər bir dəfə görək.
Tədbirdə Nizami Gəncəvinin vətənpərvərlik ideyalarından bəhs edən Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov 44 günlük Vətən müharibəsi zamanı şəhidlərimizin qanı, ordu ilə xalqın sağlam mənəvi birliyi, həmrəyliyi, Azərbaycan Ordusunun  rəşadəti, dövlətimizin başçısının siyasi iradəsi, dünyanı heyrətə gətirən diplomatiyası, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu sayəsəində qazanılan möhtəşəm Qələbə münasibəti ilə tədbir iştirakçılarını bir daha təbrik edib və vətənpərvərlik rəmzinə çevrilən Şeyx Nizaminin da ruhunun bu gün şad olduğunu fəxarət hissi ilə vurğulayıb.
Vətənpərvər alim Nizami yaradıcılığından nümunələr gətirərərək gənc əsgərləri, ordumuzun gələcək möhkəm dayaqlarını Vətənimizə layiq cəsur döyüşçü kimi, xidmət etməyə, Vətənin,  ölkənin keşiyində ayıq-sayıq olmağa çağırıb.  "Nizami Gəncəvinin bu misraları qoy hər bir Vətən əsgərinin bələdçisi olsun!" deyib:
"Çalış ki, kirpiyin olsun almaz tək,

Ayıq ol, ölkənin keşiyini çək!"
Gəncə Dövlət Tarix və Mədəniyyət Qoruğunun Nizami Məqbərəsi filialının müdiri Gülnarə İsmayılovanın da çıxışı gənc əsgərlər tərəfindən maraqla qarşılanıb. Oğlunun da əsgər olduğundan böyük qürur duyan Gülnarə ana şəxsi heyəti Nizami məqbərəsinə ziyarətə dəvət edib və xidmət müddətində onların Nizami kimi dahini bəşər xəzinəsinə bəxş edən Gəncənin tarixinin, dini və mədəni memarlıq abidələrinin daha dərindən öyrənəcəklərinə əminliyini bildirib.
Gəncə Pedaqoji Universitetinin müəllimi, araşdırmaçı və yazar Vüsal Hicran hər bir əsgərə Nizami qəhrəmanları kimi vətənpərvər, əməksevər, ədalətli olmağı Vətəni sevməyi, torpağı sevməyi, çətinliklərdən qorxmamağı, müstəqilliyimizin, ərazi bütövlüyümüzün keşiyində həmişə ayıq-sayıq durmağı, Müzəffər Ali Baş Komandanın əmrlərinə hər an hazır olmağı arzulayıb və qalib Azərbaycan əsgərinə həsr etdiyi yeni şeirini oxuyub.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi yaradıcı heyəti Azərbaycan bəstəkarlarının Nizami şeirlərinə yazdığı məşhur "Sənsiz", "Sevgili canan", "Gülüm" romanslarını və digər əsərlərinin ifa edib, Nizami şeirləri səsləndirilib.
Sonda hərbi hissə komandiri təşkilatçılara, qonaqlara, yaradıcı heyətə vətənpərvərlik tədbirinə görə komandanlıq və şəxsi heyət adından minnətdarlıq edib.