Azərbaycan dövlət müstəqilliyinin 25 illik yubileyi ərəfəsində Gəncə Qarnizonunda "Heydər Əliyev və dövlət müstəqilliyimiz" mövzusunda tədbir keçirilib.
Bir qrup hərbi qulluqçu Gəncə şəhərindəki Heydər Əliyev park-kompleksinə gələrək Ümummili Liderimizin abidəsi önünə gül dəstələri qoyublar. Sonra hərbi qulluqçular Heydər Əliyev Mərkəzinin nəzdindəki muzeyin ekspozisiyası ilə tanış olublar.
Mərkəzin əməkdaşı Sevinc Əhmədova Ümummilli liderimizin uşaqlıq və gənclik illəri, dövlət təhlükəsizliyi orqanlarında fəaliyyəti, Azərbaycana rəhbərlik etdiyi illər, dövlət müstəqilliyimizin qorunması, ordu quruculuğunda, eləcə də qədim Gəncənin inkişafındakı müstəsna xidmətlərini əks etdirən foto, sənəd və digər eksponatlarla əsgər və zabitləri tanış edib.
Sonra "Heydər Əliyev və dövlət müstəqilliyimiz" mövzusunda "dəyirmi masa" öz işinə başlayıb.
Müdafiə Nazirliyinin zabiti, Prezidentin Fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani mövzu ilə bağlı ətraflı çıxış edərək bildirib ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra respublikamız uzun müddət SSRİ-nin tərkibində olsa da, xalqımız həmişə müstəqillik arzuları ilə yaşamışdır.
Ulu öndərimiz Heydər Əliyev Azərbaycana rəhbərliyinin ilk vaxtlarından başlayaraq həmişə ölkəmizin dövlət müstəqilliyini bərpa edəcəyinə inanmış və bu istiqamətdə heç kimin xəyalına gəlməyən tədbirlər görmüşdür. Təkcə onu xatırlamaq kifayətdir ki, ötən əsrin 70-ci illərində milli liderimizin yaratdığı indiki C.Naxçıvanski adına Hərbi Lisey olmasaydı dövlət müstəqilliyimizin qarantı olan bugünkü güclü Silahlı Qüvvələrimiz haqqında danışmaq belə mümkün olmazdı.
Qeyd olunub ki, 1991-ci ilin oktyabr ayının 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilməsinə baxmayaraq həmin tarixi günə qovuşmağımızın təməlində məhz ulu öndərimiz Heydər Əliyevin uzaqgörən siyasəti dayanır.
Heydər Əliyevə görə Azərbaycanın dövlət müstəqilliyi xalqımızın ən böyük sərvətidir və müstəqilliyimiz daimidir, sarsılmazdır, əbədidir.
""Dəyirmi masa"da iştirak edən Gəncə Dövlət Universitetinin dosenti, tarix və siyasi elmlər üzrə fəlsəfə doktoru Etibar Musayev, Müdafiə Nazirliyinin zabiti polkovnik Nazim Əhmədov, Gəncə Dövlət Aqrar Universitetinin müəllimi Sevda Abdullayeva, polkovnik-leytenant Loğman Xanlarov, mayor İftixar Mehdiyev, kapitan Vüsal Sadıqov, leytenant Arif İsmayılov və başqaları respublikamızın tərəqqisində, iqtisadi, siyasi, mədəni uğurlarında, beynəlxalq əlaqələrin genişlənməsində, Azərbaycan ordusunun dünyanın ən güclü orduları sırasında yer almasında, ümumiyyətlə, dövlət müstəqilliyimizin möhkəmlənməsində, daimi və əbədi olmasında xalqımızın dahi oğlu Heydər Əliyevin müstəsna xidmətlərindən söhbət açıb, fikir və mülahizələrini bildiriblər.
Azərbaycanın Milli Qəhrəmanı şəhid Elbrus Allahverdiyevin qızı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Sevinc Allahverdiyeva Azərbaycanın dövlət müstəqilliyinin qorunması və respublikamızın ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi uğrunda şəhid olanların ailə üzvlərinin daim diqqət və qayğı ilə əhatə olunması ənənəsinin də Heydər Əliyevlə başlandığını "dəyirmi masa" iştirakçılarının diqqətinə çatdırıb.
"Dəyirmi masa"nın sonunda səmimi qarşılanmaya görə Heydər Əliyev Mərkəzinin direktoru Könül xanım Zeynalovaya və bütün əməkdaşlara Müdafiə Nazirliyi adından minnətdarlıq bildirilib.
Heydər Əliyev Mərkəzinə və qonaqlara kitab-albomlar hədiyyə edilib.