Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə “Vətən Uğrunda!” Səyyar Təbliğat dəstəsi Qurban bayramı münasibətilə ön xətdə yerləşən hərbi hissələrdə və döyüş növbətçiliyi çəkən bölmələrdə şəxsi heyəti ziyarət edib.
Hərbi qulluqçularla keçirilən görüşlərdə döyüş hazırlığında nizam-intizamın, hərbi biliklərin, peşəkarlığın vacibliyi və mənəvi-psixoloji hazırlıq mövzularında söhbətlər aparılıb və hərbi-vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib.
Əsgərlər mənəvi kamillik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan vətəndaşlarına və dünyanın müxtəlif yerlərində yaşayan bütün soydaşlarımıza, eyni zamanda ordumuza və öz ailə üzvlərinə təbrik ünvanlayıblar.
Sonra musiqi dəqiqələri ilə davam edən görüşlərdə “Vətən Uğrunda!” Səyyar Təbliğat dəstəsinin üzvləri Cavid Məmmədov və Arif Səfərovun vətənpərvərlik ruhunda səsləndirdikləri ifalar əsgərlər və zabitlər tərəfindən alqışlarla qarşılanıb.