Müdafiə Nazirliyinin müxtəlif qoşun növlərində müvafiq ixtisaslar üzrə zabit qismində xidmət etmək arzusunda olan ali təhsilli gənclər üçün təşkil olunmuş "Ehtiyat zabit hazırlığı kursu" başa çatıb.
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən kursu müvəffəqiyyətlə bitirənlərə müdafiə nazirinin müvafiq əmrinə əsasən “leytenant” hərbi rütbəsi verilib.
Gənc zabitlərin hərbi hissələrə təyinatı püşkatma yolu ilə həyata keçirilib.
Yaxın günlərdə təyin olunduqları xidmət yerlərinə yola düşəcək gənc zabitlər yiyələndikləri ixtisaslar üzrə Azərbaycan Ordusunun birlik və birləşmələrində xidmət edəcəklər.
Qeyd edək ki, cari ilin may ayının 1-dən etibarən Milli Müdafiə Universiteti Azərbaycan Ordusunda "Psixoloq" vəzifələri üçün "Ehtiyat zabit hazırlığı kursu"na namizəd qəbulu elan edib.
Ali təhsil müəssisəsini "Psixologiya", "Sosiologiya", "Sosial iş" və "Təhsildə sosial-psixoloji xidmət" ixtisaslarından biri üzrə ən azı bakalavr səviyyəsində bitirmiş, Azərbaycan Ordusunda ən azı 9 (doqquz) ay müddətli həqiqi hərbi xidmət keçmiş, 30 yaşınadək ali təhsilli əsgərlər, matroslar və çavuşlar, həmçinin müddətli həqiqi hərbi xidmətini başa vurmuş 30 yaşınadək ali təhsilli ehtiyatda olan kişi cinsli hərbi vəzifəlilər, habelə qadınlar mayın 20-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.
Ətraflı məlumat üçün bu linkdən istifadə edə bilərsiniz.