Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Avqust 2019 19:04

Gənc vətənpərvərlər "Hərbiyyə - 2019" düşərgəsindən xoş təəssüratlarla ayrılıblar

Gədəbəy rayonunda Müdafiə Nazirliyi, “ASAN xidmət”, Gədəbəy rayon İcra Hakimiyyəti, “ASAN Könüllüləri” təşkilatı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun birgə layihəsi olan "Hərbiyyə - 2019" hərbi vətənpərvərlik düşərgəsinin bağlanışına həsr olunmuş təntənəli mərasim keçirilib.
Mərasimdə Müdafiə, Gənclər və İdman nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəsmiləri, Gədəbəy rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, bölgənin müdafiəsində dayanan hərbi hissənin döyüşçüləri, müxtəlif rayonlardan gəlmiş müharibə veteranları və qazilər, şəhid ailələrinin üzvləri iştirak ediblər.
Əvvəlcə Respublikamızın 10 bölgəsini təmsil edən 100-ə yaxın “ASAN Könüllüləri” komanda bayraqları altında, hərbi orkestrin müşayiəti ilə mərasim keçirilən meydana dəvət ediliblər.
Müdafiə Nazirliyinin zabiti əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından düşərgənin uğurla başa çatması münasibətilə təşkilatçıları və gənc vətənpərvərləri təbrik edib.
Qeyd olunub ki, müharibə şəraitində yaşayan ölkədə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, şanlı döyüş tariximizin öyrənilməsi, əcdadlarımızın qəhrəmanlıq ənənələrinin təbliği, Vətənə, dövlətə, xalqa, orduya sədaqətli oğulların yetişdirilməsi başlıca vəzifələrdəndir və bu məsələlərə ölkə rəhbərliyi səviyyəsində xüsusi önəm göstərilir. Müdafiə Nazirliyinin rəhbərliyi irəli sürülən hər bir vətənpərvərlik təşəbbüsünü alqışlayır, görülən işləri ordumuza, ölkəmizin müdafiə qüdrətinin daha da gücləndirilməsinə dəstək kimi təqdir edir.
Prezidentin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin gənclərdə yüksək əxlaqi, mənəvi və iradi keyfiyyətlərin aşılanması, vətənpərvər gənclərin yetişdirilməsi, gənclərin orduya hazırlanması istiqamətində həyata keçirdiyi layihələr təqdirəlayiqdir.
“ASAN Könüllüləri” Təşkilatının sədri Səbinə Cabarova düşərgənin bir həftəlik fəaliyyəti barədə hesabat xarakterli çıxış edib və gözlədiklərindən də artıq nəticələr əldə olunduğunu bildirib. O, könüllülər üçün yaradılan hər cür şəraitə görə Müdafiə Nazirliyinin, “ASAN Xidmət”in, Gədəbəy rayon İcra Hakimiyyətinin, “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbərliyinə minnətdarlıq edib. Könüllülərin yenidən bu yerlərə qayıtmaq arzusu ilə Gədəbəydən ayrılacaqlarını vurğulayıb.
Düşərgədə keçirilən ümumi hərbi hazırlıq, xüsusi dağ hazırlığı, atıcılıq və digər taktiki təlimlərdə, yarışlarda, eləcə də kütləvi hərbi vətənpərvərlik tədbirlərində fərqlənən komandalara və yüksək nəticələr əldə etmiş gənc vətənpərvərlərə  Müdafiə Nazirliyinin təsis etdiyi kuboklar, fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub. “ASAN Könüllüləri” Təşkilatının sədri Səbinə Cabarovaya respublikamızda hərbi vətənpərlik işinin təşkilində fəal iştirakına görə Müdafiə nazirinin şəxsi hədiyyəsi təqdim edilib.
Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev düşərgə iştirakçılarını bir daha təbrik edib, onların hər birinin "Hərbiyyə - 2019" hərbi vətənpərvərlik düşərgəsindən qalib kimi ayrılacaqlarına əminliyini bildirib.
Bütün iştirakçılara və Qarabağ müharibəsinin qazilərinə Gədəbəy rayon İcra Hakimiyyətinin və “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun xatirə hədiyyələri təqdim edilib.
Polkovnik Abdulla Qurbani düşərgənin fəaliyyətində xüsusi xidmətlərinə görə “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənova öz şəxsi kolleksiyasından Cavad Xanın bayrağının surətini, Gədəbəy rayon Rus icmasının sədri Nikolay Bıçkova isə Kremlin təsviri olan keramik əl işini hədiyyə edib.
Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və Vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov və “ASAN Xidmət”in məsul əməkdaşı Cahangir Hacıyev çıxış edərək düşərgənin təşkilində və uğurla başa çatmasında xidməti olan hər kəsə minnətdarlığını bildirib, gənc vətənpərvərlərə “yaxşı yol” arzulayıb.
Bütün göstəricilər üzrə birinci yerə layiq görülən “Ağdam” komandasının üzvləri düşərgənin bayrağını endiriblər.
"Hərbiyyə - 2019" hərbi vətənpərvərlik düşərgəsi “Hər əmrinə hazırıq, cənab Ali Baş Komandan!” mahnısının ifası ilə başa çatıb.
Hərbi orkestrin ifa etdiyi “Heyratı” marşının və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin bədii təşviqat dəstəsinin səsləndirdiyi vətənpərvərlik mahnılarının sədaları altında gənc vətənpərvərlər cəbhəyanı bölgədəki düşərgədən xoş təəssüratlarla ayrılıblar.