Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Fevral 2018 19:34

Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsi anılıb

Fevralın 22-də Həzi Aslanov adına Mərkəzi Zabitlər Evi və Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilib.
Anım tədbiri dövlət himninin səslənməsi və soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Teatrın pedaqoq-təşkilatçısı, əməkdar artist Ötkəm İsgəndərov Azərbaycan xalqının erməni millətçiləri tərəfindən davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmasından, öz tarixi torpaqlarından qovulmasından söz açıb, Xocalı soyqırımının heç zaman unudulmayacağını vurğulayıb.
Çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan qoşunlarının Xocalı şəhərinə hücumu nəticəsində 613 nəfərin öldürüldüyünü diqqətə çatdıraraq dövlətimiz tərəfindən bu soyqırımı faktının dünyada tanıdılması istiqamətində aparılan fəaliyyətlərdən və cinayətkarların cəzasız qalmayacağından bəhs ediblər.
Qeyd olunub ki, bu gün soyqırımı qurbanlarının qisasını alacaq, ata-baba torpaqlarımızı düşməndən azad edərək üçrəngli bayrağımızı Qarabağda dalğalandıracaq güclü ordumuz və rəşadətli Azərbaycan əsgəri vardır.
Teatrın repertuarında S.Elsevərin Xocalı faciəsinə həsr edilmiş “Arzu və Murad” tamaşası tədbir iştirakçılarına təqdim olunub. Tamaşanı Müdafiə Nazirliyinin zabit, əsgər və kursant heyəti, Səbail rayon 50 saylı orta məktəbin müəllim və şagird kollektivi, Xocalı faciəsinin şahidləri böyük maraq və həyəcanla izləyiblər.
Tədbirin sonunda gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində göstərdikləri təşəbbüsə görə tamaşanın yaradıcı kollektivi Fəxri fərmanlarla təltif edilib.