Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Avqust 2020 17:20

Gənc Liderlər Proqramının iştirakçıları Azərbaycanın Müdafiə naziri ilə görüşüblər

Gənclər və İdman Nazirliyinin və Heydər Əliyev Mərkəzinin 2019-cu ildən həyata keçirdiyi “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçıları bu dəfə Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə görüşüblər.
Onlayn tədbirdə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev əvvəlcə layihənin məqsədi, nazirlik tərəfindən vətənpərvərlik sahəsində görülən işlər, artıq 20 ildən artıq müddətdə Müdafiə Nazirliyinin, Gənclər və İdman Nazirliyinin əlaqədar qurumlarla birgə həyata keçirdiyi “Şahinlər” hərbi-vətənpərvərlik oyunu, ümumilikdə gerçəkləşdirilən layihə və tədbirlər haqqında məlumat verib. Nazir müavini bu tədbirlərdə 10 mindən artıq gəncin iştirakı etdiyini bildirib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov vətənpərvərliyin sadəcə əsgərlərin çiyninə düşmədiyini, tutduğu vəzifədən asılı olmayaraq hər bir vətəndaşa aid olduğunu diqqətə çatdırıb.
Zakir Həsənov bildirib ki, düşmənin əsas məqsədlərindən biri gənclərdə ölkəmizlə bağlı müxtəlif xoşagəlməz fikirlər formalaşdırmaqdır. Bu gün sosial şəbəkələrdə azərbaycanlı adı ilə qeydiyyatdan keçən çoxsaylı ermənilər var. Onların əsas məqsədi gənclərimizdə vətəninə, ölkəsinə, dövlətinə qarşı mənfi rəy formalaşdırmaqdır. Mütləq şəkildə iki hədəfimiz olmalıdır. İlk növbədə, gənclər hər bir işdə həmrəy olmalıdırlar. Digər məqam bir-birimizə dəstək olmağımızdır. Biz daim vətən uğrunda çiyin-çiyinə döyüşməyə, onun müdafiəsinə hazır olmalıyıq.
Sonra nazir Zakir Həsənov gənclərin Tovuz döyüşləri, Azərbaycanın ordu quruculuğu, Azərbaycan-Türkiyə birgə hərbi təlimləri və digər mövzular barədə suallarını cavablandırıb.
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının əsas məqsədi gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi ilə onlarda liderlik keyfiyyətlərinin inkişafına şərait yaratmaqdır. Cari ilin aprelindən start götürən proqramda iştirak üçün 350-dən artıq gənc müraciət edib. İlkin seçimlərdən sonra 171 gənclə onlayn formada müsahibə aparılıb. Nəticədə 30-a yaxın rayondan 115 gənc iştirakçı kimi seçilib. Proqramı uğurla başa vurmuş gənclərə diplom və gənc liderin döş nişanı təqdim ediləcək.
İştirakçıların seçimi zamanı onların ictimai fəallığı, təşkilatçılıq bacarıqları, dünyagörüşləri, hadisələrə baxışları, ünsiyyət və əlaqə qurmaq bacarıqları, komandada işləmək təcrübəsi kimi meyarlara üstünlük verilir.
Avqust-oktyabr aylarında proqram çərçivəsində onlayn formada rəsmi şəxslərlə görüş, vebinar və təlimlərin keçirilməsi nəzərdə tutulub.
Proqram Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.1.1-ci yarımbəndinə (ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ olunması) əsasən həyata keçirilir.