Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Avqust 2015 09:00

Gənc əsgərlər Hərbi And - Vətənə sədaqət andı içməyə hazırdırlar

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 29 may 2015-ci il tarixli Sərəncamına əsasən Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı və müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılması başa çatıb.
Hərbi xidmətini başa vurmuş hərbi qulluqçulara Müdafiə nazirinin adından nümunəvi xidmətlərinə görə təşəkkür elan edilib, Vətənə layiqli övladlar yetişdirdiklərinə görə valideynlərə minnətdarlıq bildirilib, gənc əsgərlərə isə hərbi ənənələri uğurla davam etdirərək Silahlı Qüvvələrimizin döyüş salnaməsinə yeni-yeni parlaq səhifələr yazmaları arzulanıb.
Artıq bir aydan çoxdur ki, gənc əsgərlər hərbi həyata qədəm qoymuş və ilkin əsgəri bilik və vərdişlərə yiyələnirlər. Müdafiə nazirinin müvafiq əmrinə əsasən onların xidmət keçmələri üçün hər cür şərait yaradılıb. Peşəkar zabitlər, psixoloqlar gənc əsgərlərin adaptasiya dövründə səmərəli fəaliyyət göstərirlər. Gənclər nizamnamələri dərindən öyrənir, ilkin sıra hazırlığı və fiziki hazırlıqda yaxından iştirak edir, hərbi hissənin keçdiyi döyüş yolu ilə tanış olur, xidmət etdikləri diyarın görməli yerlərinə, memarlıq abidələrinə, muzey və mərkəzlərinə ekskursiyalar edirlər.
Lənkəran qarnizonunun hərbi hissələrində gənc əsgərlərin mənəvi-psixoloji hazırlığı, onların asudə vaxtının səmərəli təşkili ilk gündən diqqət mərkəzindədir.
Növbəti tədbirlərdən birində rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ və Əfqanıstan müharibəsi veteranları, yazıçılar, mədəniyyət xadimləri gənc əsgərlər qarşısında çıxış edərək onlara rayonun tarixi, qəhrəmanlıq ənənələri barədə geniş məlumat vermiş, əsgəri ənənələri uğurla davam etdirməyi arzulamışlar.
Xalq artisti Qabil Quliyev Ulu Öndər Heydər Əliyevin “Orduda xidmət edən əsgərlər, borcunu yerinə yetirən gənclər xalqımızın, cəmiyyətimizin içərisində hörmətli, dəyərli insanlardır. Həyatını bu şərəfli peşəyə-ölkəni, Vətəni qorumaq peşəsinə həsr edən zabitlər, hərbçilər Azərbaycan xalqının daim hörmət və ehtiramını qazanacaqlar” sözlərini xatırladaraq əmin olduğunu bildirib ki, 2015-ci ilin iyul çağırışının gənc əsgərləri də Vətənə, xalqa sədaqətlə xidmət edəcək və onlara göstərilən etimadı doğruldacaqlar.
İki "Qırmızı Ulduz" ordenli, Əfqanıstan müharibəsi veteranı Əflatun İsmayılov, Qarabağ müharibəsi veteranı Əlisəfa Ağayev və şair Ağa Mircavadın çıxışları da maraqla qarşılanıb.
Gənc əsgər Ayxan Cəbrayılov deyib ki, mən Ağdam rayonunun Abdal-Gülablı kəndindənəm. Bizim kəndimiz Azərbaycan mədəniyyətinə çox görkəmli şəxsiyyətlər bəxş edib. Ancaq kəndimiz neçə illərdir ki, düşmən caynağındadır. Mən və mənim yaşıdlarım işğal altında olan torpaqlarımızı azad etmək arzusu ilə hərbi xidmətə gəlmişik. Doğrudur, əsgər həyatının özünəməxsus çətinlikləri vardır. Lakin Vətənini, xalqını, dövlətini ürəkdən sevən gənc bu çətinliklərdən qorxmamalıdır. Biz hərb elmini, etibar edilmiş silah və döyüş texnikalarını dərindən öyrənəcək, komandir və rəislərin əmrlərini sözsüz yerinə yetirəcək, çətin, lakin şərəfli yolu uğurla keçəcəyik.
Müdafiə Nazirliyi rəsmisinin və hərbi hissə komandirinin də iştirak etdiyi gənc əsgərlərlə və onların valideynləri ilə görüşlər zamanı vurğulanıb ki, torpaqlarımızın bir hissəsi düşmən işğalındadır. Qarşımızda duran ən mühüm vəzifə isə bu torpaqları düşmən əsarətindən xilas etməkdir. Hər birimiz Ali Baş Komandanın əmlərinə hər an hazır olmalıyıq.
Gənc əsgərlərimiz artıq Hərbi And-Vətənə sədaqət andı içməyə hazırdırlar.