Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 İyul 2015 09:00

Gədəbəy rayonunda şəhid əsgər Eldar Fətəliyevin xatirəsi anıldı

1991-ci ilin yanvar ayında anadan olmuş, həqiqi hərbi xidmətini Tərtər rayonunda, düşmənlə təmas xəttində uğurla başa vurmuş və il yarımdır ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Gədəbəy bölgəsində Vətən qarşısında əsgəri borcunu şərəflə yerinə yetirən Eldar Fətəliyevin xatirəsi şəhid olduğu vaxtdan yeddi gün sonra doğulduğu Novoivanovka kəndində böyük izdihamın iştirakı ilə yad edilib.
Müdafiə Nazirliyinin, Gədəbəy rayon İcra Hakimiyyətinin, ictimaiyyətin nümayəndələri, Qarabağ müharibəsi veteranlarının bir qrupu əvvəlcə dəniz səviyyəsindən 3000 metr yüksəklikdə yerləşən zirvələrə qalxaraq vətən müdafiəçiləri ilə görüşüb, onların xidmət şəraiti ilə yaxından tanış olub, problem və qayğıları ilə maraqlanıblar.
Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov əsgəri xidmət üçün yaradılan şəraitindən məmnun qaldıqlarını, ordumuzun ən müasir silah və döyüş texnikaları ilə təchiz edildiyini və hər şeydən öncə əsgər və zabitlərin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik hissinin çox yüksək səviyyədə olduğunu qeyd edib.
Rayon ağsaqqalları adından çıxış edən Bəkir Rzayev, Qarabağ müharibəsinin qazi və veteranlarından Xanlar Məmmədov, Asəf Tapdıq, Qalib Abbasov, Çingiz Məmmədov və başqaları ön səngərdəki vətən oğullarını əmin ediblər ki, döyüş yenidən başlayarsa, bütün gədəbəylilər də bir nəfər kimi silaha sarılaraq döyüşçülərlə bir səngərdə olacaqlar.
Şəhid atası Səxavət Fətəliyev oğlunun şəhidliyindən böyük qürur duyduğunu, ikinci oğlunun və özünün də vətən uğrunda döyüşlərə hazır olduqlarını bəyan edərək oğlunun qisasının tezliklə alınacağını bildirib.
Xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu rayon rəhbərliyi tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Zabit Oruc Abdullayev qonaqları əmin edib ki, hərbi qulluqçularımız ön səngərdə sərvaxtdırlar, düşmən kəşfiyyat-təxribat qrupları öncədən aşkarlanaraq, qarşısı vaxtında alınır, hər gün atəşkəsi bir neçə dəfə pozan düşmən cavab atəşləri ilə dərhal susdurulur. Azərbaycan əsgəri işğal altında olan torpaqlarımızı azad etmək uğrunda Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdır.
Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani möhtərəm prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zamanı dediyi “Bir həftə ərzində orada daş-daş üstə qalmaz” sözlərini bir daha xatırladaraq bu gün xalqla ordunun daha sıx birləşdiyini, xalqın orduya güvəndiyini, ordunun isə xalqa arxalandığını, bir həftə ərzində həqiqətən xalqla ordunun gücü ilə Ermənistanda daş-daş üstə qalmayacağını qeyd edib.
Novoivanovka kəndində şəhid Eldar Fətəliyevin evinin qarşısında keçirilən anım mərasimini Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı R.Yediyarov açaraq bildirb ki, Eldar Səxavət oğlu rayonun 188-ci şəhididir. Gədəbəylilər bütün dövrlərdə torpağa bağlı, Vətənə, dövlətə sadiq olmuş və bu gün də Ali Baş Komandanın əmrinə müntəzirdirlər.
Müdafiə Nazirliyinin zabiti, polkovnik A.Qurbani Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsinin dövlət səviyyəsində həmişə əziz tutulduğunu, onların adlarının əbədiləşdirildiyini, ailələrinin daim diqqət və qayğı ilə əhatə olunduqlarını vurğulayıb. O, Azərbaycan Respublikası Prezidenti adından Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə əsgər Eldar Fətəliyevin ölümündən sonra təltif olunduğu “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalını şəhidin ailəsinə təqdim edib. Şəhidin atası, qardaşı və həyat yoldaşı “Vətən sağ olsun!” deyərək medalı qəbul ediblər.
Azərbaycanın Milli Qəhrəmanı, şəhid Məzahir Rüstəmovun atası professor İzzət Rüstəmov möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin günü-gündən güclənməsindən, qüdrətlənməsindən xalqımızın böyük qürur duyduğunu və Azərbaycanın ərazi bötüvlüyünün tezliklə bərpa ediləcəyinə inandığını bildirib.
Rayonun fəal qadınlarından olan Kəmalə Nağıyeva bu gün nəinki kişilərin, Gədəbəy qadınlarının da Vətənin çağırışına hər an hazır olduqlarını deyib.
Əsgərlər, zabitlər və burada təcrübə keçən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları şəhidlərimizin qisasını alacaqlarına and içiblər.
Mərasim iştirakçıları kənd qəbiristranlığına gedərək şəhidin məzarını ziyarət edib və üzərinə əklillər, gül dəstələləri qoyublar.