Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Avqust 2017 15:45

Füzuli və Cəbrayıl rayonlarının işğalı günü bölgələrdəki hərbi hissələrdə fərqli şəkildə qeyd edilib

23 avqust - Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı günü bu il Silahlı Qüvvələrimizin bölgədəki hərbi hissələrində fərqli şəkildə - işğal edilmiş əzəli və əbədi torpaqlarımıza tezliklə qayıdacağımıza inam günü kimi qeyd edilib.
"Biz yurd yerlərimizə qayıdacağıq!" devizi altında keçirilən tədbirlərdə Füzuli və Cəbrayıl rayonlarının tarixi, milli adət-ənənələri, füsunkar  təbiəti, eləcə də görkəmli şəxsiyyətləri, qəhrəmanları haqqında ətraflı məlumat verilib.
Aprel döyüşləri zamanı yüzlərlə hektar torpağın işğaldan azad edildiyi, nəzarətə götürüldüyü və bunun nəticəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yenidən qurulması və böyük qayıdışın ilk köçünün yurd yerlərinə dönməsi böyük fərəh hissi ilə qeyd edilib.
Çıxış edənlər ordu ilə xalqın birliyindən danışıb, Ordumuzun Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün istənilən əmri yerinə yetirməyə hazır və qadir olduğunu bildiriblər.
Vətənpərvərlik hissinin daha da yüksəldilməsinə, yurd yerlərinə qayıdacağımız günə inam və ümidlərin daha da artmasına həsr edilən vətənpərvərlik mahnıları, hərbi marşlar, şeirlər döyüşçülər tərəfindən rəğbətlə və alqışlarla qarşılanıb.