Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində tanınmış azərbaycanlı fotoqraf Reza Deqati ilə görüş keçirilib.
Əvvəlcə R.Deqatiyə Nazirliyin nəşriyyat, multimedia və redaksiya fəaliyyəti barədə geniş məlumat verilib.
Görüşdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük xidmətlər göstərən R.Deqatinin ölkəmizin ən ağır və faciəvi günlərində, taleyüklü anlarında xalqımızın yanında olduğu vurğulanıb. Onun Birinci Qarabağ və Vətən müharibəsi, eləcə də tarixi zəfərdən sonrakı dövrlərdə erməni vandalizmini və terrorçuluğunu ifşa edən fəaliyyətindən, Azərbaycanın təbiətini, adət-ənənələrini və mədəniyyətini təbliğ edən çoxşaxəli işlərindən bəhs edilib.
Müdafiə Nazirliyinin kommunikasiya sahəsində fəaliyyət göstərən bir qrup heyəti ilə fotoqrafiya sənətinə həsr edilmiş master-klas keçirilib. İştirakçılara foto sənətinin inkişaf mərhələləri, fotoqrafiyanın tarixi, janrları, həmçinin müasir foto avadanlıqların imkanları haqqında məlumat verilib. Fotoqrafiya sənətinin incəliklərindən danışan R.Deqati fotoda əsas məqamlar olan dokumentalizm, həqiqilik, dolğunluq və reallığa diqqət yetirilməsinin vacibliyini xüsusi qeyd edib.
Master-klas iştirakçılarına azərbaycanlı fotoqrafın həyat və yaradıcılığını əks etdirən film təqdim olunub.
Görüş iştirakçılarının çoxsaylı suallarını cavablandıran R.Deqati zəngin xatirələrini bölüşüb.
Tədbirin sonunda Azərbaycan Ordusunun fəaliyyətini, xüsusilə Vətən müharibəsi dövrünü əks etdirən fotosərgiyə baxış keçirilib.