Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 May 2024 16:38

ƏÜO-da təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) bir qrup zabitin təkmilləşdirmə kursunu müvəffəqiyyətlə bitirərək yeni vəzifələrə təyin olunması münasibətilə buraxılış mərasimi keçirilib.
Mərasimdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.  
Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev “Zabit heyətinin təkmilləşdirilməsi kursu”nun buraxılış mərasiminin Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə təsadüf etməsinin sevindirici hal olduğunu bildirib.
Qeyd olunub ki, bu gün Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqaz regionunun ən güclü ordusuna malikdirsə, bunda Ulu Öndərin misilsiz xidmətləri dayanır. Dahi rəhbər tərəfindən 1993-cü ildə başladılan ordu sahəsində aparılan islahatlar ötən illər ərzində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
General-polkovnik K.Mustafayev zabitləri kursu uğurla başa vuraraq yeni vəzifələrə təyin olunmaları münasibətilə təbrik edib, hər bir zabitə Vətənimizin müdafiəsində qüsursuz xidmət arzulayıb.
Məzunlar isə öz növbələrində Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq olacaqlarına, gələcək xidmətlərində hərbi biliklərə daha yaxından nüfuz edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Ordumuzun daha da qüdrətlənməsi üçün səylə çalışacaqlarına söz veriblər.
Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib.
Kurs birincisi xatirə lövhəsinə buraxılış emblemini vurduqdan sonra məzunların yeni vəzifələrə təyin olunmaları ilə bağlı əmr mərasim iştirakçılarına çatdırılıb.
Məzunların tribuna önündən təntənəli keçidi ilə mərasim başa çatıb.
Sonda xatirə şəkli çəkdirilib.