Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Dekabr 2019 13:14

ƏÜO-da gənc əsgərlərin xidmət yerlərinə yola salınma mərasimi keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin növbəti xidmət yerlərinə yola salınması mərasimi keçirilib. Müxtəlif hərbi ixtisaslara yiyələnən gənc əsgərlər öz bacarıqlarını nümayiş etdirib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himninin səsləndirildiyi tədbirdə çıxış edən polkovnik Mehman Gülməmmədov əsgərləri ixtisas hazırlığı kursunu uğurla başa vurmaları münasibəti ilə təbrik edib.
Bildirilib ki, gənc əsgərlərin ixtisas hazırlığı dövründə dərslər tədris proqramına uyğun olaraq keçirilib. Tədris prosesində əsas diqqət praktiki məşğələlərə yönəldilib və bu məqsədlə bütün silah növlərindən atışlar, zirehli və avtomobil texnikalarından isə praktiki sürücülük çalışmaları icra olunub.
Ölkəmizdə sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, ordu quruculuğunun da mühüm amillərdən biri hesab olunduğunu vurğulayan valideyn Taməddin Hüseynov əsgərlərə hərbi xidmətlərində uğurlar arzulayıb.
Əsgərlər adından çıxış edən Elçin Əhmədov Azərbaycan Ordusunda xidmətilə qürur duyduğunu bildirib və bundan sonra da hərbi biliklərini təkmilləşdirəcəklərinə söz verib.
Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayevin təbrikini  şəxsi heyətə çatdıran general-mayor Fazil Ağalarov bildirib ki, bu gün Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsinə, ən müasir silah-sursat və texnika ilə təminatına xüsusi diqqət yetirilir.
Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fədakar əməyi sayəsinə bu gün Naxçıvanın müdafiəsi yüksək səviyyədə təmin olunur. Əminliklə deyə bilərik ki, ixtisas hazırlığı kursunu uğurla başa vuran əsgərlər də qazandıqları nəzəri bilikləri və praktiki vərdişləri daha da təkmilləşdirəcək, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda ən çətin döyüş tapşırıqlarını şərəflə yerinə yetirəcəklər.
Təbrik oxunduqdan sonra müxtəlif ixtisaslar üzrə elementləri praktiki yerinə yetirən əsgərlər qazandıqları bilik və bacarıqları peşəkar döyüşçü kimi nümayiş etdiriblər.
Ən yaxşı tabor, bölük və taqım adına layiq görülən bölmələrə keçici bayraqlar təqdim edilib, nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb. Təntənəli keçiddən sonra “Əlahiddə Ümumqoşun Ordunun marşı” ifa olunub.
Mərasim başa çatdıqdan sonra əsgər valideynləri və yaxınları hərbi hissədə yaradılmış şəraitlə tanış olub və əsgərlərlə birlikdə nahar ediblər.