Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Noyabr 2026 16:19

“Eternity-2026” təlimi uğurla davam edir

Ölkəmizdə keçirilən “Eternity-2026” kompüter dəstəkli birgə komanda-qərargah təlimi uğurla davam edir.

Ssenariyə uyğun olaraq, Azərbaycan, Türkiyə və Gürcüstan nümayəndələrindən ibarət birgə qərargahda bölgədən keçən strateji iqtisadi layihələrin və regional enerji-kommunikasiya xətlərinin mühafizəsi üzrə əməliyyatlar planlaşdırılır.

Müasir kompüter simulyasiya sistemləri vasitəsilə mümkün təhdidlər təhlil olunur, böhran vəziyyətlərində qərarlar qəbul edilir, eləcə də qoşun növləri və aidiyyəti dövlət qurumları arasında qarşılıqlı fəaliyyət təşkil olunur.

Təlim poliqonunda isə iştirakçılar əməliyyat rayonunun təcrid olunması, PUA-larla nəzarət, eləcə də partlayıcı qurğuların və naməlum dronların zərərsizləşdirilməsi üzrə fəaliyyətləri yerinə yetirirlər.

Bundan əlavə, hərbi bazaya basqının dəf edilməsi, dəmir yolu xətlərinin və neft-qaz infrastrukturunun təxribatlardan qorunması, yanğınların söndürülməsi və yaralıların təxliyəsi tapşırıqları uğurla icra olunur.

Qeyd edək ki, təlim iştirakçılar arasında birgə planlaşdırma və idarəetmə vərdişlərini təkmilləşdirmək məqsədi daşıyır.