Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Mart 2017 20:20

Əsgər valideynləri hərbi hissədə yaradılan şəraitdən razı qalıblar

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, martın 20-də Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə olduğu kimi, Ağcabədi rayonu ərazisindəki “N” saylı hərbi hissədə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilib.
Tədbir Azərbaycanın dövlət himninin oxunması ilə başlayıb. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin rəsmi hissəsində çıxış edənlər şəxsi heyəti və valideynləri Novruz bayramı münasibətilə təbrik edib, onlara əmin-amanlıq və cansağlığı arzulayıblar. Çıxışlarda ordumuzun döyüş və mənəvi-psixoloji hazırlığının daha da gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işlərdən danışılıb.
Valideynlər gündən-günə qüdrətlənən Azərbaycan Ordusu ilə fəxr etdiklərini bildirib, əsgərlərimizə Vətənə şərəflə xidmət etməyi və işğal altında olan torpaqlarımızın azadlığı uğrunda Ali Baş komandanın əmri ilə hər an döyüşə hazır olmağı tövsiyə ediblər.
Ziyarətçilər hərbi hissədə qida rasionuna daxil olan ərzaq nümunələri, əşya normaları və geyimləri ilə yaxından tanış olub, şəxsi heyətin xidmət və məişəti üçün yaradılan şəraitlə maraqlanıb, yataq yerləri, tibb məntəqəsi və yeməkxanaya baş çəkiblər. Valideynləri maraqlandıran suallar hərbi hissə komandanlığı tərəfindən cavablandırılıb. Əsgər valideynləri hərbi hissədə yaradılan şəraitdən razı qalıblar.
İncəsənət ustalarının ifasında rəngarəng konsert proqramı əsgər və valideynlərdə əsl bayram əhval-ruhiyyəsi yaradıb. Sonra bayram süfrəsi arxasında birgə nahar təşkil edilib.