Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Yanvar 2015 09:00

Ermənistan silahlı qüvvələrinin təxribat qrupu məhv edilib

Ermənistanın Müdafiə Nazirliyinə istinadən düşmən tərəfinin kütləvi informasiya vasitələrinin guya yanvarın 31-də Silahlı Qüvvələrimizin mövqelərinin və minik avtomobilinin məhv edilməsi barədə verilən məlumatlar yalandır və dezinformasiya xarakteri daşıyır.
Düşmən tərəfi son vaxtlar cəbhədə canlı qüvvə və texnika baxımından verdiyi ağır itkilərin, o cümlədən yanvarın 29-da məhv edilən pilotsuz uçan aparatın əvəzini çıxmaq məqsədilə heç bir uğurlu cavab tədbiri görə bilməməsi səbəbindən əsası olmayan, uydurma məlumatlar yaymaqla məyus erməni xalqını və əsgərini növbəti dəfə aldatmaqla məşğuldur.
Tam fərqli olaraq, bu gün saat 15.00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhəddinin Qazax rayonu sahəsində düşmən tərəfinin təxribatının qarşısı uğurla alınıb.
Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı və görülən qabaqlayıcı tədbirlər nəticəsində təxribat törətmək məqsədilə minalanmış sahədən keçid açmağa cəhd göstərən düşmənin 6 nəfərdən ibarət hərbi qulluqçusu tam məhv edilib.
Təəssüflər olsun ki, yanvarın 31-də saat 12.55 radələrində cəbhənin digər istiqamətində, Xocavənd rayonu ərazisində, erməni silahlı bölmələrinin atəşkəs rejimini növbəti dəfə pozması və düşmən tərəfindən atılan güllənin rikoşet etməsi nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Allahverdiyev Eşqin Rəhim oğlu dayaq məntəqəsində şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbir diləyir!
Müdafiə Nazirliyi bildirir ki, Ordumuz bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir. Silahlı Qüvvələrimizin bölmələri həmişə olduğu kimi düşmənin istənilən hərəkətinin qarşısı qətiyyətlə almağa və onu məhv etməyə hazırdır.