Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Dekabr 2017 15:19

Ən yaxşı tabor (divizion) komandirləri yarışlarının qalibləri mükafatlandırılıblar

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2017-ci ilin döyüş hazırlığı planına əsasən, poliqonlarda və təlim mərkəzlərində müxtəlif ixtisaslar üzrə tabor, divizion və onlara bərabər tutulan bölmələrin ən yaxşı komandirlərinin müəyyən edilməsi məqsədilə müsabiqələr keçirilib.
Yarışlar çərçivəsində Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi tərəfindən “Qaraheybət” və digər təlim mərkəzlərində, poliqonlarında “Ən yaxşı motoatıcı tabor komandiri” adı uğrunda müsabiqə təşkil olunub.
Dekabrın 20-də Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müdafiə Nazirliyinin əməkdaşı, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani yarışların keçirilməsi və nəticələri haqqında məlumat verib.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov qalibləri təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb.
General-leytenant N.Osmanov bildirib ki, dövlət müstəqilliyimizin, milli təhlükəsizliyimizin, xalqımızın əmin-amanlıq içərisində yaşamasının təminatçısı olan ordumuz son illər daha da möhkəmlənib, mütəşəkkil hərbi qüvvəyə çevrilib. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan Ordusu regionun ən güclü ordusudur və istənilən təcavüzün qarşısını almağa, hücum tapşırığını yerinə yetirməyə qadirdir: “Ötən il aprel döyüşləri zamanı Azərbaycan Ordusu nəyə qadir olduğunu bir daha nümayiş etdirdi. Aprel döyüşlərində qazandığımız qələbə xalqımızın birliyinin, həmrəyliyinin, vətənpərvərliyinin, Azərbaycan Ordusunun güc və qüdrətinin, həmçinin Prizdentimiz, qətiyyətli sərkərdəmiz, Ali Baş Komandan İlham Əliyevin qələbəsi kimi tarixə düşdü. Ali Baş Komandanımız bu zəfərlə hərbi şöhrət salnaməmizə yeni parlaq səhifə yazdı”.
Qeyd edilib ki, keçirilən irimiqyaslı taktiki təlimlər, komanda-qərargah hərbi oyunları Azərbaycan Ordusunun quruda, dənizdə və havada, istənilən iqlim şəraitində qarşıya qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirməyə hər an hazır olduğunu göstərir. Müdafiə Nazirliyinin rəhbərliyi göstərilən etimadı əməli fəaliyyəti ilə doğruldur və şəxsi heyətin məsuliyyət hissi daha da artır.
Diqqətə çatdırılıb ki, Silahlı Qüvvələrin 2017-ci tədris ili üçün hazırlıq planına müvafiq olaraq Silahlı Qüvvələr, qoşun növləri və xidmətlər üzrə “Ən yaxşı tabor (divizion) komandiri” adı uğrunda yarışlar yüksək səviyyədə keçirilib. Bu yarışlarda əsasən tabor (divizion) komandirlərinin öz ixtisasları üzrə nəzəri biliklərinin, praktiki bacarıq və vərdişlərinin, fiziki hazırlıqlarının, eləcə də döyüşü idarəetmədə, şəxsi heyətlə işləməkdə səriştə və qabiliyyətinin yoxlanılmasına xüsusi diqqət yetirilib.
Sonra qaliblərin mükafatlandırılması haqqında Silahlı Qüvvələrin Baş Qərargah rəisinin əmri oxunub.
Tədbirdə bildirilib ki, hazırlıq məşqləri zamanı komandirlərin taktiki, atəş, fiziki hazırlığı və döyüş maşınlarının idarə edilməsi üzrə nəzəri bilikləri, eləcə də praktiki vərdişləri yoxlanılıb. Eyni zamanda, zabitlərin döyüş zamanı tabeliklərində olan bölmələrinin idarəetmə bacarıqları da qiymətləndirilib. Bütün iştirakçılar yoxlanılan suallar üzrə yüksək bilik və bacarıq nümayiş etdirərək yaxşı qiymətlər alıblar. Yarışların nəticələri obyektiv qiymətləndirilərək qaliblər müəyyən edilib.
Diqqətə çatdırılıb ki, yarışlar bir neçə istiqamət üzrə - motoatıcı, tank, kəşfiyyat, mühəndis tabor, xüsusi təyinatlı, rabitə və maddi-texniki təminat taborları, raket, artilleriya, zenit-raket, gəmi divizionları və eskadrilya komandirləri arasında keçirilib.
Daha sonra Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin Mahnı və Rəqs Ansambılının ifasında ədəbi musiqili xoreoqrafik kompozisiya təqdim olunub.
Sonda qaliblərə mükafatlar təqdim edilib.