Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Aprel 2012 09:00

Eldar Sabiroğlu: «Daşların haradan atıldığı ünvan gizlin deyil»

Son günlər Müdafiə Nazirliyi ilə bağlı mətbuatda yenə müxtəlif səpkili yazılar dərc olunur. Hətta qurumda dəyişikliklərin olacağı da bildirilir. Arqumentlərdən biri də odur ki, NATO da belə istəyir...
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Eldar Sabiroğlunun bununla bağlı açıqlaması:
“Bəli, öncəgörənlərin mövqeyi ilə biz də tanışıq. Dəfələrlə belə mənasız ara söhbətlərinin şahidi olmuşuq. Ancaq acınacaqlısı odur ki, adlarını çəkməyi özümə lüzum bilmədiyim adamlar suveren dövlətin nə demək olduğunu, onun hansı mahiyyət daşıdığını ya ümumiyyətlə bilmir, ya da heç dərk etmək istəmirlər. Öz qanunları ilə idarə olunan güclü və möhkəm Azərbaycan dövlətində bu cür yüksək səviyyəli dəyişikliklər hansısa beynəlxalq təşkilatın təklifi və tövsiyyəsi, yaxud başqa birinin arzu və istəyi ilə aparılmır. Bu mühüm məsələləri ölkədə yalnız bir şəxs həll edir. Konstitusiya ilə bu müstəsna hüquq Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətinə daxildir. Kiminlə də nə zamana qədər işləyəcəyini yalnız o özü müəyyən edir, başqa bir kimsə yox. Bax bunu anlamaq lazımdır.
Həqiqətən, düşündürücü bir vəziyyət göz önündədir. Müdafiə Nazirliyinə qarşı kampaniya dənizdəki dalğa kimi gah kükrəyir, gah da öz-özünə sakitləşir. Amma gözəgörünməz dalğıclar məqam gələn kimi yenə təlatüm qoparmağa cəhd edirlər. Bunun ən bariz nümunəsini öncə qeyd etdiyimiz kimi, bəzi informasiya vasitələrinin səhifələrindən görmək olar. Hər gün, hər həftə yalan və uydurma informasiya ixrac etməklə məşğul olan həmin qanad son zamanlar bütün hədləri belə aşmağa başlayıb. Məqsədli dezinformasiyaların yayılmasına, Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı əsassız münasibətlərin səslənməsinə bekarçılığın əlaməti kimi baxmıram. Daşların haradan atıldığı ünvan gizlin deyil. Yalan futbol topu kimi ötürülür və bacarıqsız oyunçu da gözünü yumub topu hara gəldi vurur. Bir sözlə, əsasən belə işlər sifarişli şəkildə olur və arxasında maraqlı şəxslərin kölgəsi dayanır. Biz hər şeyin ideal olduğu iddiasında da deyilik. Ancaq qərəzli və ədalətsiz münasibətlə də heç vaxt barışa bilmərik.
Hətta adını ekspert qoyan uğursuzlardan biri elə ciddi qurumun adını çəkir ki, guya həmin məlumatlar da ona oradan gəlir. Halbuki o yüksək qurumun süpürgəçisi belə onunla görüşməyi özünə rəva bilməz. Bəs niyə belə edir? Bunun çox sadə bir cavabı var. Desinlər ki, kişinin oğlunun əlləri görün haralara gedib çıxır, hətta orada gedən müzakirələrdən belə yerli-yataqlı məlumatı var. Yazıqlar olsun! Əslində günahı beləsin də yox, onu danışdıranda axtarmaq lazımdır. ”