Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 May 2018 15:46

Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanışlıq - VİDEO

Prezident, Ali Baş Komandan İlham Əliyev burada yeni hərbi xəstəxananın açılışını edib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.
Ölkəmizdə yeni hərbi hissələrin yaradılması, mövcud hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında da böyük əhəmiyyətə malik layihələr icra olunub. Bu gün muxtar respublikanın müdafiə potensialı və gücü durmadan artır. Ümumilikdə, ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bu gün hərbi hissələrin komplektləşdirilmə faizi və keyfiyyəti yüksək səviyyədədir, əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsili olan mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə təmin olunması ardıcıl şəkildə həyata keçirilir. Bununla yanaşı, birinci əməliyyat eşelonu birliklərində dayanıqlı müdafiənin təmin olunması istiqamətində əməli tədbirlər görülüb, müdafiə sistemi təkmilləşdirilib, qoşunların döyüş qabiliyyəti yüksək səviyyədə saxlanılıb. Ordunun döyüş qabiliyyətinin daha da artırılması, əməliyyat işləri üzrə hazırlığın gücləndirilməsi ilə bağlı birlik və birləşmələrin xeyli sayda komanda-qərargah təlimi keçirilib. Bu təlimlərə Silahlı Qüvvələrin müxtəlif qoşun birləşmələri cəlb olunub və həmin təlimlərdə ən müasir tələblərə cavab verən simulyator və kompüter şəbəkələrindən istifadə edilib. Son illərdə ordunun müasir silah və texnika ilə təchiz olunması istiqamətində də əməli tədbirlər görülüb. Dövlətimizin başçısının təşəbbüsü ilə 2005-ci ildən fəaliyyət göstərən Müdafiə Sənayesi Nazirliyinin yenidən qurulan müəssisələrində istehsal olunan silah və texnika hazırda ordumuzun maddi-texniki təchizatında aparıcı rol oynayır.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayev dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Azərbaycan Prezidenti silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış oldu.
Ali Baş komandana “ORBİTER-3B” pilotsuz uçuş aparatı təqdim edildi. Bildirildi ki, cəmi 28 kiloqram çəkisi olan bu aparatla 5500 metr maksimal hündürlükdə canlı yayımda gecə və gündüz şəraitində düşmən ərazisində havadan kəşfiyyat aparmaq, aşkar edilmiş hədəflərin koordinatlarını təyin etmək mümkündür. Sürəti saatda 93 kilometr olan aparatın maksimal uçuş məsafəsi 120 kilometr, uçuş müddəti isə 7 saatdır.
Qarnizonun arsenalına yeni qəbul olunmuş 60, 82 və 120 millimetrlik minaatanlar üçün simulyator dəsti döyüş mərmilərini sərf etmədən, komplektində olan pnevmatik mərmilərlə praktiki atəş tapşırıqlarının yerinə yetirilməsi üçün təyin olunub. Komplektə 20 pnevmatik mərmi və 100 partlayıcı maddə daxildir.
Ali Baş Komandana təqdim olunan 82 millimetrlik minaatan batareyası üçün rabitə və avtomatlaşdırılmış idarəetmə dəsti 5 kilometr dərinlikdə hədəfin aşkar edilməsi, hədəf haqqında məlumatların avtomatlaşdırılmış idarəetmə sistemi ilə atəş mövqeyinə ötürülməsi və atış üçün hesabatların aparılması, 120 millimetrlik minaatan və 122 millimetrlik “D-30” haubitsalı artilleriya batareyası üçün rabitə və avtomatlaşdırılmış idarəetmə dəsti isə 15-20 kilometr dərinlikdə hədəfin aşkar edilməsi, hədəf haqqında məlumatların avtomatlaşdırılmış idarəetmə sistemi ilə atəş mövqeyinə ötürülməsi və atış üçün qurğuların hesablanmasına təyin olunub.
“Su-25” hücum təyyarəsi gündüz və gecə, adi və mürəkkəb hava şəraitlərində yerüstü və hava hədəflərini məhv etmək və bilavasitə döyüş meydanında quru qoşunlarına dəstək vermək üçün yaradılıb. Saatda 1000 kilometrədək sürət yığan bu döyüş təyyarəsi 7 kilometrə qədər yüksəklikdə uça bilir.
Dövlətimizin başçısı “S-125-2 TM” zenit-raket kompleksinin nəqliyyat doldurucu maşınının da texniki-taktiki göstəriciləri ilə tanış oldu. Üzərində kran quraşdırılmış nəqliyyat doldurucu maşın idarəolunan zenit raketlərin konteynerdə və açıq vəziyyətdə daşınması, buraxıcı qurğuya doldurulub-boşaldılması üçün nəzərdə tutulub. Bu texnika ilə 4 ədəd raket daşımaq mümkündür.
Prezident İlham Əliyevə “SAND CAT” zirehli avtomobilinin taktiki-texniki göstəriciləri barədə də məlumat verildi. Bildirildi ki, bu zirehli yüngül avtomobil komanda heyətinin, silahlı bölmələrin, onlara aid avadanlığın və silah sistemlərinin daşınması, düşmənin canlı qüvvəsinin, zirehli texnikalarının və möhkəmləndirilmiş atəş mövqelərinin məhv edilməsi üçün təyin olunub. Avtomobil 12,7 millimetrlik pulemyot, 2 raketdən ibarət ”Spiker-LR” tank əleyhinə idarə olunan kompleks və 120 millimetrlik minaatanla təchiz edilib.
152 millimetrlik “QİASİNT-B” topu düşmənin canlı qüvvəsini, atəş vasitələrini və marş zamanı döyüş texnikalarını, cəmləşmə rayonlarını, dayaq məntəqələrini məhv etmək və susdurmaq imkanlarına malikdir. Bu qurğunun maksimal atış məsafəsi aktiv-reaktiv mərmi ilə 35,5, adi mərmi ilə 28,6 kilometrdir.
Müasir döyüş maşınlarından sayılan “BTR-82A” zirehli transportyor döyüş meydanında fəaliyyət göstərən piyadanın mobilliyini, silahlanmasını və müdafiəsini yüksəltmək, düşmənin canlı qüvvəsini, tank əleyhinə vasitələrini və yüngül zirehli texnikalarını məhv etmək üçün nəzərdə tutulur. Döyüş maşınında 30 millimetrlik top və 7,62 millimetrlik pulemyot quraşdırılıb.
Burada nümayiş olunan “TOS-1A” ağır odatan yaylım atəş sistemi düşmənin taqım dayaq məntəqələrini, həmlə edən bölüklərini, artilleriya və minaatan batareyalarının atəş mövqelərini və marşda olan avtomobil kolonlarını məhv etmək iqtidarına malikdir. 220 millimetrlik sistemin 24 istiqamətləndiricisi var və maksimal atəş məsafəsi 6 min metrdir.
“XRİZANTEMA-S” özüyeriyən tank əleyhinə raket kompleksi dinamik örtüklə təchiz edilmiş tankları, piyadaların döyüş maşınlarını və digər yüngül zirehli hədəfləri, fortifikasiya qurğularını və uzunmüddətli atəş nöqtələrini, alçaqdan uçan təyyarə və vertolyotları məhv etmək imkanlarına malikdir. Batareya komandirinin idarəetmə maşını düşmənin güc və vasitələrinin aşkar edilməsi, taqım və heyətlər arasında hədəflərin bölüşdürülməsi üçün təyin olunub.
Bütün bunlar göstərir ki, 100 illiyini qeyd etməyə hazırlaşdığımız Azərbaycan Silahlı Qüvvələrinin bu gün dünyanın ən güclü 50 ordusu sırasında olması heç də təsadüfi deyil. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər nəticəsində ordumuzun arsenalı dünyanın aparıcı ölkələrinin istehsalı olan silah-sursatla genişlənir və bu işdə Azərbaycanın milli müdafiə sənayesi kompleksinin imkanları mühüm rol oynayır.
Sonra Prezident İlham Əliyev Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsinin yeni hərbi xəstəxanasının açılışında iştirak etdi.
Dövlətimizin başçısı xəstəxana binasının rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, ən müasir tibbi avadanlıqla təchiz edilən üçmərtəbəli yeni xəstəxana binasında poliklinika-qəbul, terapiya, cərrahiyyə, anesteziologiya və reanimotologiya, təminat bölmələri və inzibati bölmə mövcuddur. Xəstəxananın poliklinika-qəbul bölməsində oftalmologiya, ginekologiya, lor, ultrasəs və elektroqrafiya kabinələri və laboratoriya fəaliyyət göstərəcək. Altmış çarpayılıq xəstəxana binasında şəxsi heyətə ilkin tibbi yardım göstərmək üçün sarğı, prosedur və təxirəsalınmaz yardım otaqları da yaradılıb. Burada şəxsi heyətin tibbi biliklərinin daha da artırılması məqsədilə hərbi tibbi hazırlıq üzrə məşğələlər keçmək üçün müasir tədris vəsaitləri ilə təmin edilən sinif və mühazirə zalı mövcuddur. Buradakı laboratoriya müasir avadanlıqla təchiz olunub. Bu isə laborator müayinələri operativ və yüksək dəqiqliklə yerinə yetirməyə imkan verir. Bir sözlə, xəstəxanada əsgər və zabitlərə yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hərtərəfli şərait yaradılıb. Bu tibb müəssisəsinin müasir avadanlıqla təchiz olunması Azərbaycanda ordu quruculuğu sahəsinin inkişafına göstərilən dövlət qayğısının əyani təzahürüdür. Bütün bunlar bir daha sübut edir ki, dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev əsgər və zabitlərin sağlamlığının qorunmasına, həmçinin sosial məsələlərinin həllinə xüsusi həssaslıqla yanaşır və bu istiqamətində mühüm işlər görür.
Yeni yaradılan hərbi hissədə əsgər yataqxanaları, əsgəri-məişət kompleksi, təlim-tədris mərkəzi, qərargah binası, xəstəxana inşa olunub, sıra meydanı, idman şəhərciyi salınıb.
Əlahiddə Ümumqoşun Ordusunun Təlim-Tədris Mərkəzində taktiki simulyasiya, trenajor, mədəni-kütləvi işin təşkili bölmələri, sənədli və tədris filmləri kinostudiyası, hərbi mətbəə yerləşir. Ümumi sahəsi 7500 kvadratmetr olan üçmərtəbəli binada, həmçinin zirehli texnika, raket-artilleriya sistemləri, rabitə, taktiki hazırlıq, qarovul hazırlığı, atəş hazırlığı, topoqrafiya, komandir hazırlığı və digər sinif otaqları, kitabxana, xarici dillər kabinəsi və 700 yerlik tədbirlər zalı vardır. Hərbi tədris proqramının keyfiyyətlə mənimsənilməsi, şəxsi heyətin peşəkarlığının və nəzəri biliklərinin artırılması üçün sinif otaqlarında lazımi şərait yaradılıb, kompüterlər quraşdırılıb, əyani vəsaitlər və məlumat stendləri qoyulub. Trenajor zalında tank, artilleriya və digər zirehli texnikaların idarə olunması, eləcə də texniki və atış sistemləri üzrə 18 trenajor quraşdırılıb. Trenajorlar vasitəsilə zirehli texnikaların idarə olunması və döyüş zamanı onlardan atəş açılması öyrədilir. Keçirilən təlimlərin sonunda qiymətləndirmənin aparılması isə şəxsi heyətin bilik səviyyəsini və peşəkarlığını müəyyən etməyə imkan verir. Simulyasiya mərkəzində artilleriya qurğularının taktiki-texniki xüsusiyyətləri, həmçinin atışın idarə olunması üzrə məşğələlərin praktik mənimsənilməsi üçün hər cür şərait yaradılıb, otaqlarda mərkəzdən idarə olunan və xüsusi proqram təminatına malik 100 kompüter və proyektor quraşdırılıb. Atəş hazırlığı otağında yaradılan virtual təlim meydançası döyüş sursatı sərf etmədən müxtəlif şəraitdə atəşin idarəolunmasını həyata keçirməyə imkan verir. Həmçinin burada atəş tapşırıqlarını təhlil etmək və qiymətləndirmək, atəş göstəricilərinin dəqiqliyini müqayisə etmək mümkündür. Mərkəzin kitabxanasında Azərbaycan və dünya ədəbiyyatı nümunələri, eləcə də ordumuzun keçdiyi tarixi inkişaf yolunu əks etdirən 16 mindən artıq kitab, qəzet və jurnal materialları toplanıb. Burada şəxsi heyətin gündəlik dövri mətbuatla tanış olmaq, hərbi və bədii ədəbiyyatları mütaliə etmək imkanı var. Hərbi sahəyə dövlətimizin göstərdiyi diqqətin nəticəsidir ki, bu gün Əlahiddə Ümumqoşun Ordusunda gənc əsgərlərin peşəkar döyüşçü kimi hazırlığı da daxil olmaqla, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, gizir və zabit hazırlığı kursları da təşkil edilir, zabit heyətinin təkmilləşdirilməsi kursu da uğurla icra olunur.