Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən oktyabrın 3-dən Naxçıvan Muxtar Respublikası ərazisində komanda-qərargah təlimləri başlayıb.
Təlimlərə Əlahiddə Ümumqoşun Ordusunun tabeliyində olan hərbi hissələr, idarə heyətləri və qərargahlar cəlb olunub.
Əldə edilmiş təcrübəyə əsaslanaraq təlimlərdə iştirak edən hərbi hissə və birləşmələr əməliyyatların əsas növlərinin keçirilməsi ilə Naxçıvan ərazisinin müdafiəsi, ümumilikdə ərazimizə qarşı düşmənin təhdidləri və təcavüzkar fəallığının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi üzrə tapşırıqlar yerinə yetirəcəklər.
Eyni zamanda bölmələr silahlanmalarında olan yeni və müasir raket-artilleriya sistemləri, aviasiya vasitələri, digər silah və döyüş texnikasının tətbiqi ilə qarşı tərəfin müdafiəsinin dərinliyindəki hərbi-strateji obyektlərin məhv edilməsi tapşırıqlarını da icra edəcəklər.