Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Dekabr 2018 15:15

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasından beş il ötür

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində “Ordumuz qürurumuzdur” mövzusunda keçirilən tədbirdə ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğundan danışılıb.
Tədbirdə zabitlər Naib Cəfərov və Zaur Həmidov, əsgər Sərvan Səfərov, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının Naxçıvan Şəhər Şöbəsinin sədri Zahid Cəfərov çıxış edərək ordu quruculuğu istiqamətində əldə olunan nailiyyətlərdən danışıblar.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin daha da artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə Prezident, Ali Baş Komandan İlham Əliyevin “Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən, 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordu yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində Əlahiddə Ümumqoşun Ordu bu gün yerləşdiyi coğrafi mövqeyə, kontingentinə və döyüş qabiliyyətinə görə keçmiş SSRİ və indiki MDB ölkələrinin silahlı qüvvələri səviyyəsində analoqu olmayan statusa malikdir. Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi və hərb tariximizə qızıl hərflərlə yazılan uğurlu Günnüt əməliyyatı Azərbaycan əsgərinin rəşadət əzmini bir daha bütün dünyaya nümayiş etdirdi. Bu ilin may ayında keçirilən əməliyyat nəticəsində 11 min hektar ərazi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi.
Sonra Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri və Heydər Əliyev adına Hərbi Liseyin kursantları ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Xüsusi təyinatlı bölmənin nümunəvi çıxışları alqışlarla qarşılanıb.
Sonda Əlahiddə Ümumqoşun Ordunun keçdiyi inkişaf yolundan bəhs edən sənədli filmə baxış olub.