Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 May 2023 21:52

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində rəsm sərgisi keçirilib - VİDEO

“Heydər Əliyev İli” çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” adlı tədbir və rəsm sərgisi keçirilib.
Tədbirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi yad edilib. Hərbi Orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Muxtar respublikada fəaliyyət göstərən əməkdar rəssamların, tələbə-gənclərin, şagirdlərin, ictimaiyyət və mədəniyyət nümayəndələrinin və hərbi qulluqçuların iştirak etdiyi tədbirdə dahi şəxsiyyət Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən videoçarxlar nümayiş olunub.
Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Fariz Sərxanov, Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova, Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva və digər çıxış edənlər bildiriblər ki, müdrik şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyev respublikamıza rəhbərliyinin bütün dövrlərində Vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik nümunəsi göstərmişdir.
Qeyd olunub ki, Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi, uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində güclü müdafiə qüdrətinə və peşəkar döyüş qabiliyyətinə malik Azərbaycan Ordusu formalaşıb. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlərin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan Ordusu 30 illik həsrətə 44 gündə son qoyaraq işğal olunmuş əzəli və əbədi torpaqlarımızı azad etdi. Fəxrlə deyə bilərik ki, bu gün ordu sıralarında xidmət edən gənclərimiz Ümummilli lider Heydər Əliyevin ideyalarına həmişə sadiqdirlər, Vətən, xalq, dövlət qarşısında əsgəri borclarını şərəflə yerinə yetirirlər.
Tədbirdə Heydər Əliyev adına Hərbi Liseyin kursantları, Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri və hərbi hissələrin  özfəaliyyət kollektivləri Ulu Öndərə həsr olunmuş şeirləri bədii qiraət edib, musiqi nömrələri ilə ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.
Sonra “Heydər Əliyev İlinə” həsr olunmuş rəsm sərgisinə baxış olub. Qeyd edək ki, sərgidə Təlim-Tədris Mərkəzindəki rəsm dərnəyinin şagirdləri, o cümlədən Naxçıvan Qarnizonu tam orta məktəbinin və muxtar respublikanın bir sıra məktəblərinin şagirdləri, Naxçıvan Qarnizonu “Nərgiz” uşaq bağçasının məktəbəqədər sinfinin fidanları, Heydər Əliyev adına Hərbi Liseyin kursantları, hərbi qulluqçular və onların ailə üzvləri öz əsərləri ilə iştirak ediblər.
Sonda sərginin fəal iştirakçılarına diplom və təşəkkürnamələr təqdim edilib.