Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Mart 2017 12:15

Əlahiddə Ümumqoşun Ordunun “N” hərbi hissəsində Novruz tonqalı qalanıb

Novruz bayramı münasibətilə Naxçıvan Muxtar Respublikasının hər yerində, eləcə də Əlahiddə Ümumqoşun Ordusunun ayrı-ayrı bölmələrində silsilə tədbirlər keçirilir. Bu tədbirlərin davamı olaraq qarlı dağların zirvəsində, düşmənlə ön xətdə yerləşən “N” hərbi hissədə Novruz şənliyi təşkil edilib.
Əvvəlcə əsgərlər bayram tonqalını alovlandırıblar. Tonqal ətrafında Kosa və Keçəlin şən, duzlu, məzəli zarafatları əsgərlərimizdə xoş əhval-ruhiyyə yaradıb.
Ən çətin tapşırıqların öhdəsindən layiqincə gəlməyi bacaran vətənpərvər, mənəvi-psixoloji, fiziki hazırlığı yüksək səviyyədə olan xüsusi təyinatlı bölmənin nümunəvi çıxışları maraqla və alqışlarla qarşılanıb.
Hərbi hissənin binasında davam etdirilən tədbirdə Əlahiddə Ümumqoşun Ordusunun zabiti, polkovnik Mirqiyas Rüstəmov, Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Cəlal Paşayev, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru, Azərbaycan Respublikasının Xalq artisti Həsən Ağasoy çıxış edərək əsgər və zabitləri bayram münasibətilə təbrik ediblər.
Qeyd olunub ki, Novruz bayramı Azərbaycan xalqının özünüdərk məfkurəsini qorumaqla, ötən əsrin sonlarına doğru milli dövlətçilik idealımıza yenidən qovuşmağımızda mühüm rol oynayıb. Novruzun rəsmi bayram statusu alması və ümumxalq bayramı səviyyəsində geniş qeyd olunması müstəqilliyimizin nailiyyətlərindəndir.
Çıxış edənlər şəxsi heyətə xidmətdə uğurlar arzulayaraq, tezliklə Novruz tonqallarının işğaldan azad edilmiş torpaqlarımızda qalanmasını diləyiblər. Bildirilib ki, Ali Baş Komandanın rəhbərliyi ilə günbəgün güclənən Azərbaycan Ordusu Vətənimizin keşiyində ayıq-sayıq dayanaraq öz müqəddəs missiyasını uğurla yerinə yetirir. Bu baxımdan düşmənlə təmas xəttində hərbi xidmət keçmək daha məsuliyyətli və şərəflidir. Dövlətimiz ağır təbii şəraitdə gecə-gündüz torpaqlarımızın keşiyində dayanan əsgər və zabitlərimizə həmişə diqqət göstərir, onların xidmət şəraitinin daha da yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirilir. Ölkəmizdə, o cümlədən muxtar respublikamızda ordunun arxasında xalq, xalqın arxasında isə ordu dayanır. Bu birlik nəticəsində qəhrəman naxçıvanlılar düşmənə bir qarış da torpaq verməyiblər.
Sonra tədbir hərbi hissənin qonaqları və əsgərlərin iştirakı ilə bayram süfrəsi arxasında davam etdirilib. Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının bir-birindən maraqlı, rəngarəng musiqi və rəqs nömrələri, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorlarının ifasında Kosa və Keçəlin səhnəcikləri bayram tədbirinə xüsusi ab-hava qatıb.
Şənlik əsnasında zabit və əsgərlərdən bir neçəsi ilə görüşüb həmsöhbət olmaq imkanı əldə etdik. Zabitlərdən Ramin İsayev, Pərvin Səfərov, Rövşən Fərəcov bildirdilər ki, bu gün hər bir əsgər və zabit Azərbaycan Ordusunun gücü, qüdrəti ilə fəxr edir. Ordumuzun son vaxtlardakı uğurları, Azərbaycan əsgərinin və xalqının döyüş və vətənpərvərlik ruhu, düşmənin təxribat xarakterli hərəkətlərinə vaxtında layiqli cavab verilməsi hər bir zabiti daha böyük qələbələr qazanılmasına ruhlandırıb. Müstəqil Azərbaycanın inkişafı, ordumuzun qüdrəti və ölkəmizdə xalq-ordu birliyinin möhkəmliyi gücümüzə güc qatır. Bu gün silahlı qüvvələrimiz işğal altındakı torpaqlarımızı geri qaytarmağa hər an hazırdır və Ali Baş Komandanın əmrini gözləyirik. Naxçıvan Muxtar Respublikasının bu zirvələri biz hərbçilərə əmanət edilib. Çalışacağıq ki, nəyin bahasına olursa-olsun, bu əmanəti qoruyaq, Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanaq.
Həmsöhbət olduğumuz əsgərlərdən Elvin Əliyev, Zakir Babayev, Sinan Əmoyev, Orxan Quliyev, Sərdar Zamanov, Arif Qasımzadə, Fuad Məmmədov da bayram münasibətilə təəssüratlarını bizimlə bölüşdülər. Bildirdilər ki, bu gün Vətən kəlməsinin yozumu çoxdur. Onlardan biri və bəlkə də ən başlıcası əsgər ürəyidir. Vətən əsgər ürəyində yaşadılır, bu səbəbdən müqəddəsdir Vətən. Vətən ana sözü ilə qoşa işlədilir. Buna görə də onu həmişə müqəddəslik mərhələsində yaşadır, göz bəbəyi kimi qoruyur, doğma yurdumuzu gözümüzün nuru bilirik. İndi keşiyində durduğumuz Vətən torpaqları üzərində qazılan hər bir səngər bizim evimiz, məbədgahımızdır. Yaxşı dərk edirik ki, bu səngərlərdən arxada xalqımız bizə güvənərək yaşayır, yaradır. Uşaqlar güllə səsi eşitmədən yuxudan oyanır. Ona görə də hər birimiz üçün Vətənin müqəddəsliyi yaşam fəlsəfəsidir. Biz öz mövqelərimizdə ayıq-sayıq dayanmışıq. Başa düşürük ki, müharibə şəraitindəyik. Hələ ki, müharibə başa çatmayıb, bu müharibə torpaqlarımız işğaldan azad ediləndən sonra başa çatacaq. Düşmənin hər bir hərəkətini gecə-gündüz müşahidə edirik, onu daim nəzarətdə saxlayırıq.