Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Dekabr 2018 12:00

Əlahiddə Ümumqoşun Orduda növbəti zabit heyətinin təkmilləşdirilməsi kursu uğurla başa çatıb

Əlahiddə Ümumqoşun Orduda növbəti zabit heyətinin təkmilləşdirilməsi kursu uğurla başa çatıb.
Buraxılış mərasiminə hazırlıqla bağlı məruzə edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə zabit Mehman Gülməmmədov çıxış edərək bildirib ki, kurs zamanı Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində müxtəlif  ixtisaslar üzrə dərslər keçirilib, trenajorlarda şəxsi heyətin sürücülük və atəş qabiliyyəti praktiki olaraq daha da artırılıb. Kursa cəlb edilmiş zabitlərin virtual təlim meydançasında mənimsədikləri vərdişlər real döyüş şəraitinə yaxın təşkil edilmiş məşğələlərdə daha da təkmilləşdirilib.
Məzunlar adından Ziya Şıxəliyev çıxış edərək deyib ki, kursda qazandıqları taktiki bilikləri xidmət yerlərində uğurla tətbiq edəcək, Ordumuzun peşəkarlığının daha da artırılması üçün əllərindən gələni əsirgəməyəcəklər.
Çıxışların ardından Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılıb. Bildirilib ki, Əlahiddə Ümumqoşun Orduda peşəkar hərbçilərin yetişdirilməsinə xidmət edən digər kurslar kimi zabit heyətinin təkmilləşdirilməsi kursu da uğurla icra olunur. Kurslar zamanı hərbi qulluqçuların bilik, bacarıq və peşəkarlıqları daim artırılır. Təbii ki, bütün bunlar da hərb işinə verilən yüksək qiymətdən xəbər verir.
Təbrik oxunduqdan sonra kursu müvəffəqiyyətlə bitirən məzunlara sertifikatlar təqdim edilib. Kursda peşəkarlığı ilə fərqlənən bir neçə hərbi qulluqçu qiymətli hədiyyə ilə mükafatlandırılıb, baş leytenant Nurlan Hacıyevə növbəti kapitan rütbəsi təqdim edilib.
Kurs birincisi Rəşad Məmmədov xatirə lövhəsinə buraxılış emblemini vurub və  zabitlərin növbəti yuxarı vəzifələrə təyin olunmaları ilə bağlı verilən əmr mərasim iştirakçılarına çatdırılıb.
Əmr oxunduqdan sonra məzunların tribuna önündən təntənəli keçidi olub.
Sonda məzunlarla xatirə şəkili çəkdirilib.