Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Fevral 2024 11:15

Əlahiddə Ümumqoşun Orduda Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir - VİDEO

Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə bağlı keçirilən “Rəşadətli Naxçıvan” adlı tədbirdə çıxış edən Əlahiddə Ümumqoşun Ordunun zabiti Fariz Sərxanov Ulu Öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyi və Naxçıvanın muxtariyyətinin qorunması istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərdən danışıb və ölkə başçısı cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamının muxtar respublika tarixində əlamətdar hadisə olduğunu diqqətə çatdırıb.  
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev çıxışında Naxçıvanın muxtariyyət statusunun tarixi önəmindən danışıb. Ulu Öndər Heydər Əliyevin muxtariyyət statusu haqqında fikirlərini diqqətə çatdıran akademik bildirib ki, bu status Naxçıvana Moskva və Qars müqavilələri, həmçinin 1921-ci ilin dekabrında keçirilən referendum ilə verilib.
Akademik İsmayıl Hacıyev Moskva və Qars müqavilələrinə əsasən bölgənin fiziki xəritələri əsasında Naxçıvandan qoparılaraq ermənilərə verilmiş ərazilərdən, ermənilərin muxtariyyət statusunun ləğvi ilə bağlı canfəşanlığı barədə də tədbir iştirakçılarına geniş məlumat verib.
Tədbirdə digər çıxış edənlər  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində mühüm addımların atıldığını qeyd ediblər.
Tədbirdə hərbi hissələrin bədii özfəaliyyət kollektivləri ədəbi-bədii kompozisiya ilə  çıxış edib, Naxçıvana və ordumuzun qüdrətinə həsr olunmuş şeirləri bədii qiraət edib, mahnılar səsləndiriblər.
Heydər Əliyev adına Hərbi Liseydə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr olunmuş kursantlar arasında sınaq test imtahanı keçirilib. Kursantlar ölkəmizin, o cümlədən Naxçıvan Muxtar Respublikasının tarixi və coğrafi mövqeyi barədə sualları cavablandırıblar.
Əlahiddə Ümumqoşun Orduda Naxçıvanın 100 illiyinə və “Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş ağacəkmə aksiyası da təşkil olunub. Daim Vətənin müdafiəsində dayanan hərbi qulluqçular təbiətimizə töhfə vermək üçün  aksiyada fəal iştirak ediblər.