Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Oktyabr 2018 11:00

Əlahiddə Ümumqoşun Orduda Müstəqillik Günü münasibətilə tədbir keçirilib

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində 18 oktyabr-Dövlət Müstəqilliyi Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” mövzusunda tədbir keçirilib.
Naxçıvan Qarnizonunun şəxsi heyəti ilə keçirilən tədbirdə Əlahiddə Ümumqoşun Ordunun zabiti, general-mayor Niyaməddin Tağıyev dövlət müstəqilliyinin qazanıldığı ilk illərdə muxtar respublika  əhalisinin ümummilli liderimiz Heydər Əliyevin ətrafında sıx birləşməsi və dahi liderin Naxçıvanı düşmən işğalından qorumasından danışıb.
Vurğulanıb ki, ordu quruculuğu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Naxçıvanın müdafiəsi daha da möhkəmləndirilir, hərbi hissələrdə əsgəri-məişət-yaşayış kompleksləri tikilir, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, şəxsi heyətin mənəvi-psixoloji, fiziki və döyüş hazırlığı əhəmiyyətli dərəcədə artırılır, böyük əhəmiyyətə malik layihələr icra olunur.
Ötən il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümünə həsr olunmuş möhtəşəm hərbi parad bunu bir daha sübut etdi.
Bu ilin may ayında Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli hədlər ələ keçirildi. Təbii ki, bütün bunlar müstəqilliyimizin dayağı olan ordumuzun qüdrətindən xəbər verir.
Çıxışların ardından müstəqillik gününə həsr edilmiş videoçarx nümayiş olunub.
Heydər Əliyev adına Hərbi Liseyin kursantları Vətənimizə həsr edilmiş şeirləri bədii qiraət ediblər.
Tədbirdə həmçinin “Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında təşkil olunmuş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar.
Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının üzvləri əsgərlər qarşısında çıxış edib, xalq mahnı və rəqsləri ilə hərbi qulluqçularda bayram əhval-ruhiyyəsi yaradıblar.