Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Mart 2017 12:45

Əlahiddə Ümumqoşun Orduda hərbi rəhbərlərin növbəti təlim-toplantısı başa çatıb

Əlahiddə Ümumqoşun Orduda Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edən hərbi rəhbərlərin növbəti təlim-toplantısı başa çatıb.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, muxtar respublikanın Təhsil Nazirliyi və Əlahiddə Ümumqoşun Ordunun birgə təşkil etdiyi təlim-toplantıda əvvəlcə toplantıya cəlb edilmiş heyətin sıra hazırlığı yoxlanılıb. Fiziki hazırlıq dərsləri zamanı hərbi rəhbərlərə silahlı, silahsız və ikilikdə çalışmalar kompleksi, eləcə də sürət və güc çalışmaları əyani olaraq göstərilib.
Keçirilən dərslərdə diqqətə çatdırılıb ki, ölkəmiz müharibə şəraitində yaşayır. Ona görə də hərbi rəhbərlər şagirdlərdə hərb sənətinə maraq yaratmalı, gəncləri hərbi xidmətə yüksək səviyyədə hazırlamalıdırlar.
Təlim-toplantı çərçivəsində hərbi rəhbərlər Əlahiddə Ümumqoşun Ordunun silahlanmasında olan silah və texnikaların təyinatı, taktiki-texniki xüsusiyyətləri ilə tanış olublar. Tanışlıq zamanı müxtəlif çaplı atıcı silahlar, snayper tüfəngləri, mühəndis-istehkam qurğuları, geyim və vasitələri, tank əleyhinə vasitələr, tanklar, piyadanın döyüş maşını və digər zirehli texnikalar, hava hücumundan müdafiə, rabitə və kəşfiyyat vasitələri, pilotsuz uçuş aparatları, hərbi tibbi yardım, yük və minik maşınları, minaatanlar, müxtəlif artilleriya qurğuları və topları, yaylım atəşli reaktiv artilleriya sistemləri hərbi rəhbərlərin marağına səbəb olub. Hərbi rəhbərlərin təlim-toplantısında kütləvi qırğın silahlarından mühafizə vasitələri də əyani şəkildə göstərilib.
Hərbi rəhbərlər silah və texnika ilə yanaşı, əsgərlərin qida rasionunda nəzərdə tutulan ərzaq təminatı ilə də tanış olublar.
Təlim mərkəzində müxtəlif təyinatlı atıcı silahlardan praktiki atışlar icra edilib. Əl qumbaralarının atış çalışmaları yerinə yetirilib.
Hərbi rəhbərlərin 4 günlük təlim-toplantısı yekun tədbiri ilə başa çatıb.
Təlim-toplantının yekununda Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə bütün tam orta məktəblərin hərbi rəhbərlərinə yeni geyim formaları və tam tədris bazası ilə təmin edilmiş ibtidai hərbi hazırlıq yeşikləri təqdim edilib.
General-leytenant Kərəm Mustafayev bir müddət əvvəl ehtiyatda olan zabitlərlə keçirilmiş hərbi yoxlama toplantısını xatırladaraq deyib ki, həmin toplantı zamanı yaxşı nəticə göstərmiş ehtiyatda olan zabitlərə növbəti hərbi rütbələr verilib. Onlardan biri də Şərur rayon Xələc kənd tam orta məktəbinin hərbi rəhbəri, baş leytenant Səbuhi Heydərov olub. Tədbir zamanı kapitan hərbi rütbəsi Səbuhi Heydərova təqdim edilib.
Muxtar respublikanın tam orta məktəblərində qadın hərbi rəhbərlər də fəaliyyət göstərir. Hərbi rəhbərlərin təlim-toplantısında fəal iştirakına görə Babək rayon Naxış-nərgiz kənd tam orta məktəbinin hərbi rəhbəri sıravi Ləman Quliyevaya qiymətli hədiyyə verilib.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov çıxış edərək təlim-toplantının əhəmiyyətini qeyd edib, hərbi rəhbərlərin bilik, bacarıq və peşəkarlıqlarının artırılmasının bundan sonra da diqqət mərkəzində saxlanılacağını bildirib. Həmçinin vurğulanıb ki, bu gün tam orta məktəblərimizdə şagirdlərin vətənpərvər ruhda yetişdirilməsinə xüsusi əhəmiyyət verilir. Ona görə də hər il yüzlərlə gənc Heydər Əliyev adına Hərbi Liseydə təhsil almaq üçün müraciət edir.