Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Dekabr 2019 17:03

Əlahiddə Ümumqoşun Ordu Vətənimizin müdafiəsində üzərinə düşən vəzifələri şərəflə yerinə yetirir - VİDEO

Güclü, qüdrətli ordusu olan hər bir dövlətin müstəqilliyi də sarsılmaz və əbədidir. Azərbaycanın zəngin dövlətçilik tarixində güclü, mütəşəkkil, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ümummilli liderimizin müəyyənləşdirdiyi ordu quruculuğu siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, doğma Naxçıvanımız güclü müdafiə qüdrətinə və müzəffər Əlahiddə Ümumqoşun Orduya malikdir.
Naxçıvan Muxtar Respublikasının etibarlı müdafiə təminatı ilə bağlı həyata keçirilmiş tədbirlər çərçivəsində son illər yüzlərlə hərbi obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Ordu, birləşmə və hissələrdə müasir əsgər yataqxanaları, Əsgəri-Məişət Kompleksləri, Təlim-Tədris Mərkəzləri, Qərargah binaları, xəstəxanalar tikilib, sıra meydanı, idman şəhərcikləri salınıb.
Həyata keçirilən tədbirlər dislokasiya yerləri daimi yaşayış məntəqələri olan hərbi hissələrlə bərabər ön xətdə yerləşən hissə və bölmələri də əhatə edir. Hərb tariximizə qızıl hərflərlə yazılan uğurlu “Günnüt əməliyyatı” nəticəsində işğaldan azad edilmiş yeni mövqelərdə qısa zaman kəsiyində müasir əsgəri-məişət komplekslərinin inşa olunması Naxçıvanda ordu quruculuğunun qətiyyətlə aparıldığını göstərir.
2019-cu il ərzində Əlahiddə Ümumqoşun Ordunun yeni Səhra Təlim Mərkəzinin və N nömrəli hərbi hissədə zabit-gizir ailələri üçün 5 mərtəbəli, çoxmənzilli yaşayış binasının və istirahət parkının istifadəyə verilməsi muxtar respublikamızda ordu, birləşmə və hissələrin döyüş qabiliyyətinin və maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının da diqqət mərkəzində saxlanıldığının əyani göstəricisidir. Dekabrın 7-də Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün yeni qərargah binasının istifadəyə verilməsi muxtar respublikamızda ordu quruculuğu sahəsində görülən işlərin məntiqi davamıdır.
Bu ilin ötən dövründə Naxçıvan şəhərindəki hərbi şəhərciyin yaşayış binalarında yenidənqurma işləri aparılıb, qarnizon uşaq bağçası və tam orta məktəbin binası təmir olunub, zabit yataqxanasında müasir sosial-məişət şəraiti yaradılıb və yeni istirahət parkları salınıb. Hazırda Naxçıvan şəhərindəki 2 qərargah binasında son tamamlama işləri aparılır, hər biri üçmərtəbəli 2 yataqxana binasının, hərbi zavodun, Naxçıvan Muxtar Respublikası Mərkəzi Hərbi Hospitalının, hərbi hava qüvvələri üçün yeni hərbi hissənin tikintisi davam etdirilir. Hərbi hissələr üçün anqarlar, ön mövqelərdə 2 əsgəri-məişət kompleksi tikilərək istifadəyə verilib, 2 tabor mərkəzi əsaslı təmir olunub.
Əsaslı təmirdən sonra N nömrəli hərbi hissənin tabor mərkəzi şəxsi heyətin istifadəsinə verilib. Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev və rayon icra hakimiyyətinin başçısı tabor mərkəzində yaradılan şəraitlə tanış olublar. Bu il tamamı ilə yenidən əsaslı şəkildə təmir olunan 3 mərtəbəli binada zabit, gizir və əsgər heyətinin xidmət aparması üçün hər cür şərait vardır.
Binada yaradılan şəraitlə tanış olduqdan sonra şəxsi heyətlə görüş zamanı Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müdafiə  qüdrəti durmadan artan muxtar respublikamızda yeni hərbi hissələrin yaradılması, mövcud hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür, böyük əhəmiyyətə malik layihələr icra olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tez-tez hərbi hissələrdə olması, xidmətin vəziyyəti, əsgərlərin xidmət şəraiti ilə maraqlanması şəxsi heyətə mənəvi-psixoloji dəstək verməklə bərabər hərbi qulluqçularda vətənpərvərlik hisslərinin daha da güclənməsinə səbəb olur. Bu gün tabor mərkəzində yaradılan şərait də növbəti qayğının ifadəsidir.
Tədbirdə əsgər Məmməd Vəliyev şəxsi heyət adından minnətdarlıq edib.

 

***


Naxçıvan Muxtar Respublikası ərazisindəki hərbi hissələrin birində tabor mərkəzi də əsaslı təmir edilib. 2009-cu ildə inşa edilmiş 2 mərtəbəli bina əsaslı təmirdən sonra şəxsi heyətin istifadəsinə verilib.
Əsgər yataqxanasının istifadəyə verilməsi münasibətilə şəxsi heyətlə görüşən Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev bildirib ki, bu gün ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. General-leytenant Kərəm Mustafayev yaradılan şəraitə və göstərilən qayğıya görə Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti, eləcə də zabit-gizir ailələri adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlıq edib.
Tədbirdə əsgər Mətin Hüseynov şəxsi heyət adından minnətdarlıq edərək bundan sonra da məsuliyyətlə və şərəflə xidmət edəcəklərinə söz verib.
Başa çatmaqda olan 2019-cu il ərzində də təmas xətti boyu mövqelərini gücləndirən Əlahiddə Ümumqoşun Ordunun ucqar və çətin dağlıq şəraitdə yerləşən bölmələrində, dayaq məntəqələri və mövqelərində əsaslı təmir-bərpa işləri aparılaraq möhkəm müdafiə potensialı yaradılıb.
Ön xətdə xidmətin rahat və etibarlı təşkili məqsədi ilə inşa olunan binalarda əsgər və zabitlər üçün yataq yerləri, komandir heyəti üçün xidməti otaqlar, müxtəlif təyinatlı siniflər, idman zalları, tibb otağı, mətbəx, yeməkxana, əşya və ərzaq anbarları var. Bölmələrin yerləşdiyi ərazinin relyefinə və iqlim şəraitinə uyğun inşa olunan binalar keyfiyyətli mebel dəstləri və digər lazımi avadanlıqlarla, müxtəlif növ dayanıqlı rabitə, daimi işıq və istilik sistemi ilə təchiz edilib. Mövqelərdə düşmən təxribatlarının qarşısını almağa hesablanmış tədbirlər görülərək müşahidə məntəqələri, səngər və əlaqə yolları əlverişsiz hava şəraitinə uyğunlaşdırılıb.
Soyuq qış aylarında Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən bütün mövqelərində əsgərlərimiz müasir kazarmalarda  yaşayır, isti geyim və keyfiyyəli ərzaqla təmin olunurlar. Ən əsası odur ki, burada xidmət edən qəhrəmanların ürəkləri Vətənə, xalqa, doğma torpaqlarımıza sevgi və sədaqətlə doludur.
Peşəkar komandirlərimiz bütün imkanlardan istifadə edərək şəxsi heyətin döyüş və ictimai-siyasi hazırlığı ilə məşğuldurlar. Zabitlərimiz öz bilik və bacarıqlarını döyüşçülərdən əsirgəmir, daim hərbi vətənpərvərlik tərbiyəsi aşılayırlar. Mürəkkəb dağlıq şəraitdə yerləşən bölmələrdə keçirilən məşğələlər zamanı şəxsi heyətə müxtəlif silah, texnika və qurğuların taktiki-texniki xüsusiyyətləri və istifadə qaydaları ilə yanaşı, yüksək dözümlülük, ərazinin relyef və iqlim xüsusiyyətlərini bilmək, təhlükəsizlik qaydalarına əməl etmək kimi mühüm amillər də öyrədilir.
Cari ildə ordu quruculuğu istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin davamı kimi Naxçıvan Qarnizonunun çörək zavodunda yenilənmə aparılaraq ən müasir avadanlıqlar quraşdırılıb. 2009-cu ildən bəri hərbi hissələri əla və birinci növ buğda unundan hazırlanmış keyfiyyətli çörək məhsulu ilə təmin edən çörək zavodu bu il daha müasir avtomatlaşdırılmış sistemlərlə yenilənib. Kəmiyyət və keyfiyyət baxımından yenilənən müəssisədə dönər arabalı sobalar, buxar otaqları, xəmir yoğuran mikserlər, kündə kəsən və xəmir yuvarlayan maşınlar, xəmir tavaları, tava arabaları və çörək səbətləri görülən işi daha da asanlaşdırır.
Şəxsi heyətin gündəlik təzə çörəklə təmin olunduğu bu istehsal sahəsində çalışan insanlar aldıqları əmək haqqı ilə öz ailələrinin yaşayış səviyyəsini də yaxşılaşdırırlar.
Göründüyü kimi hər zaman dövlət qayğısını hiss edən və xalq-ordu birliyindən ruhlanan hərbi qulluqçularımız yüksək intizama və döyüş qabiliyyətinə malikdirlər. Xalqla ordu arasında möhkəm əlaqənin, sarsılmaz birliyin mövcud olması nəticəsində qələbə əzmi daha da artan Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti Naxçıvanımızın müdafiəsində cəsarətlə dayanır, müstəqilliyimizin qorunmasında və ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifələri şərəflə yerinə yetirir.