Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Aprel 2017 18:05

Əlahiddə Ümumqoşun Ordu üzrə bədii özfəaliyyət kollektivlərinin baxış-müsabiqəsinə yekun vurulub

Naxçıvan Qarnizonunun Zabitlər Evində Əlahiddə Ümumqoşun Ordu üzrə bədii özfəaliyyət kollektivlərinin bədii yaradıcılıq fəaliyyətinə baxış-müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Bununla bağlı keçirilən tədbirdə çıxış edən Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Mirqiyas Rüstəmov son illərdə ordumuzun Naxçıvanda yerləşən hissələrinə göstərilən dövlət qayğısından danışıb və bu istiqamətdə həyata keçirilən tədbirlərin böyük əhəmiyyəti olduğunu vurğulayıb.
Mirqiyas Rüstəmov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, bütün bunlar şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin və hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsində böyük rol oynayır. Xidməti vəzifəsini şərəflə yerinə yetirən əsgərlərimizin bədii yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması və düzgün istiqamətləndirilməsi də həyata keçirilən tədbirlərin tərkib hissəsinə çevrilib. Sonra Mirqiyas Rüstəmov qalibləri təbrik edərək onlara xidmətlərində uğurlar arzulayıb.
Müsabiqənin qaliblərinə diplom və fəxri fərmanlar təqdim olunub.
Sonda Əlahiddə Ümumqoşun Ordunun bədii özfəaliyyət kollektivləri “Əsgər ocağı” adlı konsert proqramı ilə çıxış ediblər. Tədbirdə vətənpərvərlik mövzusunda şeirlər bədii qiraət olunub, mahnılar səsləndirilib, milli rəqslər ifa edilib.
Konsert proqramı iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.