Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamının icrası ilə əlaqədar plana uyğun olaraq keçirilən silsilə tədbirlər davam etdirilir.
Tədbirlər çərçivəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən diplomatiya könüllüləri Cəmşid Naxçıvanski adına Hərbi Liseydə olublar.
Qonaqlar əvvəlcə hərbi liseyin Heydər Əliyev Muzeyinə gələrək burada Ümummilli Liderin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoyub, Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən foto-guşə ilə tanış olublar.
Sonra Ulu Öndərin 100 illiyi ilə əlaqədar keçirilən tədbirdə Ümummilli Liderin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.
Tədbirdə çıxış edənlər Azərbaycan xalqının tarixində dərin iz qoymuş Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolundan, siyasi fəaliyyətindən, dövlətçiliyimizin, müstəqilliyimizin qurulması və möhkəmləndirilməsi istiqamətində gördüyü misilsiz işlərdən, həyata keçirdiyi uğurlu islahatlardan danışıblar. Qeyd olunub ki, bu gün Ulu Öndərin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında Ulu Öndər Heydər Əliyevə həsr olunmuş mahnılar səsləndirilib, xatirə fotosu çəkdirilib.