"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Avqust 2018 18:23

“Dəniz Kuboku” müsabiqəsinin bağlanışına həsr olunmuş təntənəli mərasim keçirilib – VİDEO

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Beynəlxalq Ordu Oyunları 2018” çərçivəsində “Dəniz Kuboku” müsabiqəsinin bağlanışına həsr olunmuş təntənəli mərasim keçirilib. Müdafiə Nazirliyinin rəsmiləri, diplomatik korpusların nümayəndələri, müsabiqə iştirakçıları, Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin hərbi qulluqçuları, media əməkdaşlarının iştirak etdiyi mərasimdə “Azərbaycan fanfarası” səsləndirilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.
Tədbirin aparıcısı polkovnik Abdulla Qurbani bildirib ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin təşəbbüsü ilə 2015-ci ildə bünövrəsi qoyulan Beynəlxalq Ordu Oyunlarında iştirak edən ölkələrin və komandaların sayı ildən-ilə artmaqdadır. Azərbaycan Ordusunun hərbi qulluqçuları ilk gündən başlayaraq bu yarışlarda iştirak edir və uğurları ilə xalqımızı sevindirirlər. Bu il hərbçilərimiz beş növ üzrə müsabiqədə öz peşəkarlıq və məharətlərini nümayiş etdirərək, yenə də fərqlənmişlər.
İkinci ildir ki, Azərbaycan “Dəniz Kuboku” müsabiqəsinə ev sahibliyi edir və Müdafiə Nazirliyi yarışların şəffaf və yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradır. Ötən ildə olduğu kimi, bu il də “Dəniz Kuboku” dostluq, qardaşlıq, qarşılıqlı anlaşma şəraitində keçmiş və bütün iştirakçı dövlətlərin böyük marağına səbəb olmuşdur.
Mərasimdə nəzərə çatdırılıb ki, Xəzər dənizi, sahilində yaşayan bütün xalqlar üçün ümumi bir dəstərxandır və öz sərvətlərini Xəzərsahili xalqlardan əsirgəmir. Odur ki, bu xalqlar da öz növbəsində Xəzəri sevməli, qorumalı və təhlükəsizliyini təmin etməlidir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Xəzər haqqında müdrik kəlama çevrilmiş bir fikrini tamaşaçılarla bölüşən aparıcı “Xəzəryanı ölkələr arasında mövcud olan dostluq, əməkdaşlıq münasibətləri Xəzərdə sülhün, təhlükəsizliyin qarantıdır”, - deyib.
Rusiya Xəzər Flotiliyasının, İran İslam Respublikası, Qazaxıstan və Azərbaycan Respublikaları Hərbi Dəniz Qüvvələri komandalarının iştirak etdiyi “Dəniz Kuboku” müsabiqəsinin əsas mükafatı - kubok və iştirakçı dövlətlərin bayraqları alqışlar altında  səhnəyə gətirilib, üç mərhələ, altı epizodda keçirilən yarışların qısa xronikası video-çarx vasitəsilə təqdim edilib, beynəlxalq hakimlər briqadasının son qərarı mərasim iştirakçılarına çatdırılıb.
“Dəniz Kuboku” müsabiqəsində Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov, Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı, birinci dərəcəli kapitan Zaur Hümmətov və Rusiya Federasiyası Xəzər dənizi Flotilyasının nümayəndəsi, ikinci dərəcəli kapitan Dmitriy Nikolayeviç Korovin üçüncü yeri tutmuş Azərbaycan Respublikası və İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin, ikinci yeri tutmuş Qazaxıstan Respublikası Hərbi Dəniz Qüvvələrinin və birinci yeri tutmuş Rusiya Federasiyası Xəzər dənizi Flotilyasının komandalarına və üzvlərinə  kubok, medal və diplomlar təqdim ediblər.
Ənənəyə uyğun olaraq müsabiqə qalibinin təmsil olunduğu ölkənin dövlət himni ifa edilib. 
“Dəniz Kuboku” müsabiqəsi təşkilat komitəsinin sədri, general-leytenant Nizam Osmanov yarışların uğurla başa çatması münasibəti ilə müsabiqə iştirakçılarını, xüsusilə qalib komandaları Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından təbrik edib. O,  bildirib ki, yarışların obyektiv keçirilməsi üçün dəniz poliqonlarında, təlim-məşq komplekslərində hər cür şərait yaradılmış və fərəhli haldır ki,  iştirakçılar döyüş meydanlarında deyil, yarış meydanlarında öz güclərini sınamışlar. Bu müsabiqədə ən böyük nailiyyət isə Xəzəryanı ölkələrin hərbi dənizçilərinin bir-birini yaxından tanıması, qarşılıqlı etimadın, hərbi əməkdaşlığın möhkəmləndirilməsi, təcrübə mübadiləsi, dostluq və qardaşlıq mühitinin yaranması olmuşdur. Heç şübhəsiz, hərbi gəmilərin Azərbaycana səfəri zamanı şəxsi heyət ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, ləziz mətbəxi və adət-ənənələri ilə yaxından tanış olmaq imkanı qazanmışlar.
Təşkilat Komitəsinin sədri əminliyini bildirib ki, müsabiqə iştirakçıları odlar diyarı Azərbaycandan, günü-gündən çiçəklənən doğma Bakımızdan bu diyara yenidən qayıtmaq arzusu ilə xoş təəssüratlarla ayrılacaqlar. Azərbaycanın qapıları ölkəmizə xoş məramla, xoş niyyətlə gələn hər kəsin üzünə açıqdır.
“Dəniz Kuboku” müsabiqəsi bağlı elan edilib, yarışlarda xüsusilə fərqlənmiş komanda üzvlərinin iştirakı ilə “Beynəlxalq Ordu Oyunları-2018” yarışlarının və “Dəniz Kuboku” müsabiqəsinin bayraqları endirilib.
Matros geyimli məktəbli Selcanın söylədiyi məşhur rus şairi Sergey Yesenenin “Əlvida, Bakı” şeiri alqışlarla qarşılanıb.
Sonda tədbirin ssenari müəllifi və quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü A.Qurbani Azərbaycan xalqının bir ənənəsini xatırladıb: “Azərbaycanda qonağı şirin şərbətlə, duz-çörəklə qarşılayar, qədəmlərinə xalılar döşəyər, əlvan güllər səpər, yola salanda isə su atarlar. Su müqəddəsdir, su təmizlikdir, su saflıqdır”.
“Dəniz Kuboku” iştirakçılarının arxasınca rəmzi olaraq su atılıb ki, onlar öz ölkələrinə, xidmət yerlərinə, doğma ailələrinə sağ-salamat qayıtsınlar, yolları nurlu, uğurlu olsun.
Bağlanış mərasimində Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblı, Hərbi Dəniz Qüvvələrinin orkestri, Əməkdar artist Cahangir Qurbanov və digər ifaçılar hərbi marş, vətənpərvərlik mahnı və rəqslərini məharətlə ifa ediblər.
Bağlanış mərasimindən sonra iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, beynəlxalq hakimlər briqadasının üzvləri, yerli və xarici media nümayəndələrinin iştirakı ilə “Dəniz kuboku” müsabiqəsinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.
Mətbuat konfransında müsabiqənin yüksək səviyyədə təşkili və keçirilməsi üçün yaradılan şərait, texniki dəstək qruplarının fəaliyyəti, hakimlər kollegiyasının işi və müsabiqənin mərhələ və epizodlarının yerinə yetirilməsi üzrə iştirakçı ölkələrin komandalarının göstəriciləri barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb.