Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Avqust 2022 22:22

“Dəniz Kuboku-2022” beynəlxalq müsabiqəsinin bağlanış mərasimi keçirilib - VİDEO

VIII “Beynəlxalq Ordu Oyunları” çərçivəsində Xəzər dənizinin Azərbaycana məxsus ərazi sularında baş tutan “Dəniz Kuboku-2022” beynəlxalq müsabiqəsi uğurla başa çatıb. Bu münasibətlə avqustun 25-də Hərbi Dəniz Qüvvələrinin bazasında təntənəli bağlanış mərasimi keçirilib.
Bağlanış mərasimindən öncə iştirakçı dövlətlərin rəsmi nümayəndələri xalqımızın ümummilli lideri Heydər Əliyevin Hərbi Dəniz Qüvvələrinin qərargahı qarşısında ucaldılan abidəsini ziyarət edərək qarşısına qızılgüllər düzüb, xatirəsini ehtiramla yad ediblər.
Təntənəli bağlanış mərasimi hərbi orkestrin ifa etdiyi Xalq artisti, general-mayor Yusif Axundzadənin “Azərbaycan fanfarası” ilə başlanıb.
Mərasimin ssenari müəllifi və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani və aparıcılar – 2-ci dərəcəli kapitan Mixail Skiyamin və Rəna Qurbanova müsabiqə iştirakçılarını və qonaqları salamlayaraq bildiriblər ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə 2015-ci ildən keçirilən, qeyri-formal olaraq hərbi olimpiada adlandırılan “Beynəlxalq Ordu Oyunları” ildən-ilə ətrafına daha çox iştirakçı dövlətləri cəlb edir, müsabiqə növlərinin sayı daha da çoxalır. Bu il Azərbaycan tankçıları Rusiyada, artilleriyaçılarımız Qazaxıstanda, snayperlərimiz İranda, hərbi dənizçilərimiz isə Azərbaycanda keçirilən “Dəniz Kuboku” müsabiqələrində gərgin mübarizə aparıblar. Beşinci ildir ki, “Dəniz Kuboku” beynəlxalq müsabiqəsinə Azərbaycan ev sahibliyi edir və hər dəfə də iştirakçı dövlətlərin komandaları respublikamızdan xoş təəssüratlarla ayrılırlar.
“Dəniz Kuboku-2022” beynəlxalq müsabiqəsinin hakimlər heyəti və komandalar mənsub olduqları ölkələrin dövlət bayraqları və tamaşaçıların alqışları altında təntənəli mərasimə dəvət ediliblər.
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov yarışların başa çatması münasibətilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Hərbi Dəniz Qüvvələrinin komandanlığı adından yarış iştirakçılarını, qonaqları, hakimlər heyətini, təşkilatçıları və kütləvi informasiya vasitələrinin nümayəndələrini təbrik edib.
Kontr-admiral S.Bəkirov qeyd edib ki, dünyanın bir çox regionlarında orduların döyüş meydanlarında qarşı-qarşıya gəldiyi, qanlar töküldüyü, hərbi münaqişlərin, terror hadisələrinin, təxribatların genişləndiyi bir vaxtda Xəzərsahili dövlətlərin hərbi dənizçilərinin öz güclərini yarış meydanlarında sınamaları, mübarizə aparmaları təqdirəlayiq hadisədir. Azərbaycan xalqı müharibənin, terrorun nə olduğunu çox yaxşı bilir və dünyada sülhün bərqərar olması üçün dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bu istiqamətdə səylərini əsirgəmir.
Komandan deyib: “İki il öncə 30 ilə yaxındır xalqımızın yolunu həsrətlə gözləyən tarixi torpaqlarımızın işğalına son qoymuşuq. Vətən uğrunda döyüşlərdə şəhidlər də vermişik, itkilərimiz də olub. Biz bunu heç də istəməzdik. Bizi müharibəyə vadar ediblər. Ancaq sevinirik ki, tarixi torpaqlarımız azaddır, ərazi bütövlüyümüz bərpa olunub. Hazırda müharibənin vurduğu ağır yaraları sağaldırıq. Azad edilən minillik torpaqlarımızda quruculuq işləri geniş vüsət alır. Öz doğma yurdlarından qaçqın düşən soydaşlarımız yurd-yuvalarına qayıdırlar. Biz tarixi ədalətin qələbə çalacağına həmişə inanırdıq və bir daha bunun şahidi olduq. Arzu edirəm ki, dünyada həmişə sülh, əmin-amanlıq olsun, haqq-ədalət qələbə çalsın!”.
Kontr-admiral S.Bəkirov həyatını hərbi dənizçi kimi çətin və şərəfli bir peşəyə həsr edən gənclərə üzünü tutaraq vurğulayıb ki, su və polad insanı daha da bərkidir. Dəniz ləkə götürmür, natəmiz, qara fikirli insanları sevmir. Sudan qorxan dənizə baş vurmasa yaxşıdır. Dost öz dostunu dənizin ortasında buraxmaz.
Tədbir iştirakçıları komandanın “Gəlin bundan sonra da dənizi sevək, dənizi qoruyaq, onun qədirini bilək. Onda dəniz də bizi sevəcək, bizi qoruyacaq, nemətlərini bizdən əsirgəməyəcəkdir. Şübhəsiz, rusiyalı da, iranlı da, qazax da, hər bir azərbaycanlı da Xəzərin keşiyində bundan sonra da mərdliklə dayanacaq, hərbi dənizçi peşəsini şərəfini həmişə uca tutacaqdır” fikirlərini alqışlarla qarşılayıblar.
Komandan əmin olduğunu bildirib ki, Xəzərin sülh, əmin-amanlıq şəraitində bundan sonra da rahat nəfəs alması üçün birgə səylərimizi əsirgəməyəcək, “Dəniz Kuboku”nda olduğu kimi, yenə də öz gücümüzü döyüş meydanlarında deyil, hərbi müsabiqələrdə, yarış meydanlarında sınamağı hər şeydən üstün tutacağıq.
Çıxışının sonunda kontr-admiral Sübhan Bəkirov böyük fərəh hissi ilə diqqətə çatdırıb ki, on gün davam edən “Dəniz Kuboku-2022” beynəlxalq müsabiqəsində güclülər qələbə çaldı, güclülər qalib gəldi. Ancaq ən böyük qələbəmiz dostluqda, hərbi əməkdaşlıqda yeni zirvələr fəth etməyimizdir.
Hakimlər heyətinin son qərarına əsasən yarışlarda üçüncü yeri tutan İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin komandası, ikinci yeri tutan Qazaxıstan Respublikası Hərbi Dəniz Qüvvələrinin komandası, topladıqları eyni bala əsasən birinci yerə layiq görülən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin və Rusiya Hərbi Dəniz Donanmasının komandaları səhnəyə dəvət edilərək onlara medallar və qiymətli hədiyyələr təqdim olunub.
Müsabiqənin qalibləri olan Azərbaycan və Rusiya komandalarına kubok təqdim edilərək  həmin komandaların mənsub olduqları ölkələrin dövlət himnləri ifa edilib.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin, Rusiya Federasiyası Cənub Hərbi Dairəsi Mahnı və Rəqs Ansamblının, eləcə də Azərbaycan incəsənət ustalarının iştirakı ilə təqdim olunan “Qoy gəmilərimiz Xəzər sahillərini sülh, dostluq nəğmələri ilə sevindirsin” adlı teatrlaşdırılmış ədəbi-bədii-xoreoqrafik kompozisiya və konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
İştirakçı dövlətlərin rəsmi nümayəndələri çıxış edərək “Dəniz Kuboku-2022” beynəlxalq müsabiqəsinin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin və Hərbi Dəniz Qüvvələrinin komandanlığına, eləcə də tədbirin təşkilatçılarına minnətdarlıq ediblər.
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov Xəzər sahillərində yenidən görüşmək arzusu ilə yarış iştirakçılarına uğurlar arzulayıb və "Dəniz Kuboku-2022" beynəlxalq müsabiqəsini bağlı elan edib.
VIII “Beynəlxalq Ordu Oyunları”nın və "Dəniz Kuboku-2022" beynəlxalq müsabiqəsinin bayraqları endirilib.
“Dəniz Kuboku-2022” beynəlxalq müsabiqəsinin bağlanışına həsr olunmuş təntənəli mərasim dünyaşöhrətli Azərbaycan bəstəkarı və müğənni Müslüm Maqomayevin məşhur rus şairi Sergey Yeseninin “Əlvida Bakı” şeirinə yazdığı mahnı və atəşfəşanlıqla başa çatıb.