Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Avqust 2019 19:15

“Dəniz kuboku - 2019” beynəlxalq müsabiqəsinin başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib - VİDEO

Avqustun 5-də Bakıda keçirilən “Dəniz kuboku - 2019” beynəlxalq müsabiqəsinin başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib.
İştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, hakimlər komissiyasının üzvləri, yerli və xarici jurnalistlərin iştirakı ilə keçirilən mətbuat konfransında məlumat verilib ki, müsabiqə zamanı hərbi dənizçilər “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə mərhələlərdə güclərini sınayaraq ən yaxşı heyətləri müəyyən edəcəklər.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, birinci dərəcəli kapitan Sübhan Bəkirov bildirib ki, Bakıda keçiriləcək “Dəniz kuboku-2019” beynəlxalq müsabiqəsinə qatılacaq Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri və şəxsi heyəti yarışlara yüksək səviyyədə hazırlaşıb: “Ümid edirəm ki, builki müsabiqə də yüksək səviyyədə keçiriləcək. Beynəlxalq yarışların şəffaf və yüksək səviyyədə təşkili üçün Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən hər cür şərait yaradılıb. Yarışın əsas məqsədi Xəzəryanı ölkələr arasında dostluq və sülhün möhkəmləndirilməsidir. Azərbaycanda bu yarışlara maraq ildən-ilə artır. Üç mərhələdə təşkil olunacaq yarışda Rusiya, Azərbaycan, Qazaxıstan və İran nümayəndə heyətləri iştirak edirlər. Kubok çərçivəsində mədəni tədbirlərin keçirilməsi, şəhər gəzintisi, muzey və tarixi yerlərə gəzinti də nəzərdə tutulub”.
Sübhan Bəkirov bildirib ki, Azərbaycan hərbçiləri avqustun 3-dən 17-dək 10 dövlətin ərazisində keçiriləcək “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarında ölkəmizi təmsil edirlər. Belə ki, hərbi qulluqçularımız ölkəmizdə “Dəniz kuboku”, Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları”, Belarusda “Snayper həddi” və Özbəkistanda “Hərbi-tibbi estafet” müsabiqələrində mübarizə aparırlar.
Qeyd olunub ki, “Dəniz kuboku-2019” müsabiqəsində iştirak etmək üçün Bakıya gəlmiş Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının, İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin və Qazaxıstan Respublikasının Hərbi Dəniz Qüvvələrinin hərbi gəmilərinin heyətləri yarışlara hazırdırlar. Müsabiqə zamanı hərbi dənizçilər “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlılığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə mərhələlərdə güclərini sınayaraq ən yaxşı heyətləri müəyyənləşdirəcəklər. Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Silahlı qüvvələrinin nümayəndələri “Dəniz kuboku-2019” müsabiqəsində müşahidəçi qismində iştirak edəcəklər.
Rusiya Hərbi Dəniz Donanmasının komandasının “Dəniz kuboku–2019” yarışlarına tam hazır olduğunu deyən bu ölkənin nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Sergey Yekimov yarışların keçirilməsi üçün yaradılan mükəmməl şəraitə görə təşəkkürünü bildirib. O, bu yarışın Rusiya komandası üçün əhəmiyyətli olduğunu vurğulayaraq deyib: “Oyunlar ən yüksək səviyyədə təşkil olunub. Dəniz kuboku hər zaman qarşılıqlı anlaşma və dostluq ruhu ilə fərqlənib. Bu, əsl dostluq yarışıdır. Rusiya bu oyuna həmişə böyük önəm verir. Biz bu il heyətə yeni tipli kiçik artilleriya gəmiləri daxil etmişik”.
İştirakçılara uğurlar arzulayan Qazaxıstan nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Kanat Niyazbekov Bakıda keçirilən “Dəniz kuboku-2019” yarışına hazırlığın yüksək səviyyədə olduğunu bildirib: "Azərbaycan belə mühüm yarışı üçüncü dəfədir yüksək səviyyədə təşkil edir. Bu yarışlarda iştirakçılar peşəkarlıqlarını ortaya qoyacaqlar. Bütün komandalara uğurlar arzulayıram. Qoy, güclü qalib gəlsin”.
İran nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Hüseyn Həsəni yarışın əhəmiyyətini qeyd edərək vurğulayıb ki, hazırlıq çox gözəl təşkil olunub: “Bu yarışda yenidən iştirak etməkdən məmnunuq. Bu, dostluq yarışıdır. Ümidvaram, hərbi sahədə əlaqələr ictimai, siyasi, mədəni sahələrdəki əlaqələrə də müsbət təsir edəcək. “Dəniz kuboku-2019” beynəlxalq yarışlarında tərəflər təcrübə mübadiləsi də aparırlar”.
Mətbuat konfransında, həmçinin iştirakçı heyətlər tərəfindən döyüş hazırlığı poliqonlarına çıxış, müsabiqənin mərhələ və epizodlarının yerinə yetirilməsi üzrə məşqlərin keçirilməsi haqqında ətraflı məlumat verilib.
Sonda mətbuat nümayəndələrinin sualları cavablandırılıb.