Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 İyun 2022 12:58

“Dəmir yumruq yerindədir!” adlı vətənpərvərlik tədbiri keçirilib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin beş il əvvəl Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində açılışını etdiyi hərbi şəhərcikdə “Dəmir yumruq yerindədir!” adlı vətənpərvərlik tədbiri keçirilib.
Tədbirdə Müdafiə Nazirliyinin rəsmiləri, qoşun növü, birlik, birləşmə, hərbi hissələrin, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Hərbi xidmət keçmək üçün hər cür şəraiti olan şəhərciklə tanışlıqdan sonra müasir Azərbaycan Ordusunun memarı Heydər Əliyevin hərbi hissənin qərargahı qarşısında ucaldılan abidəsi ziyarət edilib, önünə çələng və qızılgüllər düzülərək, xatirəsi ehtiramla yad olunub.
Əsgər klubunda keçirilən tədbirdən əvvəl ulu öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni ifa edilib.
Layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani tədbir iştirakçılarını salamlayaraq bildirib ki, bir neçə gündür ki, Müdafiə Nazirliyinin təşkilatçılığı ilə respublikamızda “Milli Qurtuluşdan Zəfərə doğru!” adlı vətənpərvərlik tədbirləri aylığı müvəffəqiyyətlə davam edir. “Dəmir yumruq yerindədir!” adlı bugünkü tədbir də aylıq çərçivəsində təşkili planlaşdırılan kütləvi tədbirlərdəndir. Məqsəd isə aydındır: Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, “Biz döyüş meydanında düşməni çökdürdük. Döyüş meydanında düşmənə elə dərs verdik ki, onlar bu günə qədər bu dərsdən özlərinə gələ bilmirlər. Erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir... Əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”.
Tədbir iştirakçıları ayağa qalxıb yumruqlarını düyərək “Dəmir Yumruq yerindədir!” deyə Müzəffər Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduqlarını deyiblər.
Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini – Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov tədbir iştirakçılarını və qonaqları Müdafiə Nazirliyinin rəhbərliyi adından 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə təbrik edərək deyib: “Artıq ikinci ildir ki, Azərbaycan xalqı və ordumuzun şəxsi heyəti Silahlı Qüvvələr Gününü Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərin yaratdığı böyük Qələbə əhval-ruhiyyəsi ilə qeyd edir”.
Nəzərə çatdırılıb ki, Azərbaycanda ordu quruculuğu prosesi çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçib. Xalq Cümhuriyyətinin mövcud olduğu 1918-1920-ci illərdə Səməd bəy Mehmandarov, Əlağa Şıxlınski və digər peşəkar hərbçilərin rəhbərliyi altında yüksək intizama və hərbi hazırlığa malik, döyüş qabiliyyətli milli ordu hissələri formalaşdırılıb. Yeni yaradılmış bu ordu Ermənistanın təcavüzünün qarşısının alınması, Qarabağda və digər ərazilərdə separatçı hərəkatların yatırılması və ölkə sərhədlərinin qorunmasında mühüm rol oynayıb, öz hərbi qabiliyyətini nümayiş etdirə bilib. Lakin Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalından sonra müstəqilliyin ən mühüm atributu olan milli ordu hissələri ləğv edilib və azərbaycanlılar sovet silahlı qüvvələrinin sıralarında hərbi xidmətə cəlb olunublar.
General-mayor E.Xəliov vurğulayıb ki, SSRİ tərkibində olduğu illərdə milli zabit korpusunun formalaşmasına, azərbaycanlıların yüksək hərbi vəzifələrə irəli çəkilməsinə müxtəlif süni maneələr yaradılırdı. Belə bir şəraitdə, ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyev indiki Cəmşid Naxçıvanski adına hərbi liseyin bünövrəsini qoydu. Belə bir məktəbin o zaman təsis edilməsi ölkəmizdə hərbçi sənətinə marağın güclənməsinə, zabit kadrların hazırlığının yüksəldilməsinə, respublikamızın müstəqilliyinə hesablanmış bir addım idi.
“Hazırda Azərbaycan Ordusunda xidmət edən zabitlərin böyük əksəriyyəti Cəmşid Naxçıvanski adına hərbi lisey və onun Naxçıvan filialının bazasında yaradılan Heydər Əliyev adına hərbi liseyin yetirmələridir”, - deyə iftixar hissi keçirən E.Xəlilov əlavə edib ki, 1991-ci ildə müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb sosial-iqtisadi, ictimai-siyasi, eləcə də hərbi böhranla üzləşdi. Müstəqilliyin ilk illərində ordu quruculuğunda kobud səhvlərə yol verildi, ordu daxili siyasi mübarizəyə cəlb olundu, ayrı-ayrı şəxslərə və siyasi qruplara xidmət edən silahli qüvvələr yaradıldı. Bu səhvlər son nəticədə torpaqlarımızın 20 faiz işğalı, milyona yaxın soydaşımızın köçkün vəziyyətinə düşməsinə gətirib çıxardı. Lakin 1993-cü ildə XX əsrin görkəmli dövlət xadimi Heydər Əliyevin xilaskarlıq missiyası ilə Azərbaycan hakimiyyətinə yenidən qətiyyətli qayıdışından sonra həyata keçirilmiş digər islahatlarla yanaşı, milli ordu quruculuğu da keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Azərbaycan Ordusu müasir silah, sursat və hərbi texnikalarla təchiz edildi. Möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradıldı. Ulu Öndər ömrünün son gününə, son dəqiqələrinədək Azərbaycan naminə çalışdı. “Azərbaycan mənim ürəyimdir, Azərbaycan mənim nəfəsimdir, Azərbaycan mənim həyatımdır” deyərək, ömrünün qalan hissəsini də xalqımızın, dövlətimizin daha xoşbəxt gələcəyinə həsr etdi.
Natiq qeyd edib ki, unudulmaz dahi liderimiz əbədiyyətə qovuşduqdan sonra Ulu Öndərimizin siyasi kursunu özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Prezident İlham Əliyev uğurla davam etdirib.
“Müasir, mütəşəkkil ordunu yaratmaq Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biridirsə, bu ordunu daha da inkişaf etdirib, qalib bir ordu səviyyəsinə yüksəltmək Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin adı ilə bağlıdır. İlham Əliyev ata vəsiyyətini, ata arzusunu əməli fəaliyyəti, sərkərdə məharəti, hücum diplomatiyası və dəmir yumruğunun gücü ilə yerinə yetirib və bu dəmir yumruq yenə yerindədir!”, - general-mayor E.Xəlilov deyib.
Vətən Müharibəsi Qəhrəmanı general-mayor Kənan Seyidov, general-mayor Rasim Babayev, general-mayor Bəkir Orucov, polkovnik Nicat Qarayev, polkovnik Bilal Çompuzov, Qaradağ rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov və digər çıxış edənlər Azərbaycan Ordusunun 104 illik tarixinə nəzər salıb, ulu öndər Heydər Əliyevin Azərbaycanın ordu quruculuğunda müstəsna xidmətlərini yüksək qiymətləndirib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılan böyük Qələbədən iftixarla danışıb və bir daha böyük inam hissi ilə qeyd ediblər ki, dəmir yumruq yenə yerindədir.
Döyüşlərdə və xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Respublikanın Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Cahangir Qurbanov, Nigar Şabanova, Aqşin Abdullayev və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin ifasında təqdim olunan vətənpərvərlik mahnıları, hərbi marşlar və “Dəmir Yumruq yerindədir!” adlı ədəbi-bədii-xoreoqrafik kompozisiya tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Tədbirin sonunda general-mayor Elçin Xəlilov Müdafiə Nazirliyinin rəhbərliyi adından təşkilatçılara, qonaqlara, incəsənət xadimlərinə və yaradıcı kollektivə, hərbi qulluqçulara minnətdarlıq edib, rəşadətli Azərbaycan Ordusunun qalib döyüşçülərinin şanlı döyüş tariximizə bundan sonra da dəmir yumruqları ilə yeni-yeni səhifələr yazacaqlarına əminliyini bildirib.