Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Avqust 2015 09:00

“Cəsurluq və ləyaqət simvolu” İlham Zəkiyevin cəbhə bölgələrinə səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Cəsurluq və ləyaqət simvolu” adlandırdığı iki dəfə Paralimpiya çempionu, iki dəfə dünya çempionu, 5 qat Avropa çempionu və respublikamızda uğurla başa çatan Birinci Avropa Oyunlarının çempionu İlham Zəkiyevin cəbhə bölgələrinə səfəri başa çatıb.
Səfər layihəsinin müəllifi və təşkilatçısı polkovnik Abdulla Qurbani bildirib ki, bir neçə gün davam edən səfər zamanı cəbhə bölgələrindəki hərbi hissələrin şəxsi heyəti və cəbhəboyu yaşayış məntəqələrinin əhalisi ilə 20-dən artıq görüş keçirilib. On altı ildən sonra cəbhə bölgələrinə dünya şöhrətli pəhləvan kimi qayıdan keçmiş kəşfiyyatçı əsgər hər yerdə böyük qələbəliklə qarşılanıb.
Cəbhə bölgələrinə yola düşməzdən öncə İlham Zəkiyev və onu müşaiyət edənlər Şəhidlər Xiyabanına gedərək Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini hörmət və ehtiramla yad edib və əbədi məşəl önünə tər çiçəklər düzüblər.
Şəmkirdə hərbi qulluqçular keçmiş əsgər yoldaşlarını böyük coşqu ilə qarşılayıb və onun tatami üzərində qazandığı qələbələrdən böyük iftixar hissi keçirdiklərini bildiriblər.
Xalqımızın ümummilli lideri, əbədiyaşar Ali Baş Komandan Heydər Əliyevin hərbi hissə qərargahının qarşısındakı parkda ucaldılan tunc abidəsinin qarşısına qızılgüllər düzən İlham Zəkiyev onu əhatə edən hərbi qulluqçulara ulu öndərin idman nailiyyətləri barədə dediklərini xatırladaraq qeyd edib ki, idman nailiyyətləri böyük siyasi xarakter daşıyır. İdman nailiyyətləri dövlətçiliyimizin nailiyyətləri kimi qiymətləndirilməlidir. Azərbaycan bayrağı dünyada rəsmən, demək olar, iki dəfə qaldırılır. Bu bir dəfə Azərbaycanın dövlət başçısı hər hansı bir ölkəyə gələndə olur və bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adı qazanarkən Azərbaycanın himni səslənir, Azərbaycanın dövlət bayrağı qaldırılır.
“Azərbaycan bayrağının ucaldılmasında zərrə qədər əməyim varsa, mən də Vətənin bir əsgəri kimi bununla fəxr edirəm,” – deyib İlham Zəkiyev.
Əsgər klubunda keçirilən görüşü açaraq mötəbər qonağı komandanlıq adından salamlayan polkovnik Gəray Bağırov deyib ki, Silahlı Qüvvələrimizin əsgəri olmuş İlham Zəkiyevin son uğuru məhz 26 iyun Silahlı Qüvvələr gününə təsadüf etmişdir. Həmin gün cəbhə bölgələrində düşmən atəşlərinin qarşısını mərdliklə alan Azərbaycan əsgəri üçün İlhamın qələbəsi ən böyük hədiyyə idi və onların döyüş ruhunu, düşmənə qarşı qəzəb hissini daha da yüksəltmişdir.
İlham Zəkiyevin uğur və nailiyyətlərindən bəhs edən video-çarx nümayiş etdirildikdən sonra o, hərbçilərin suallarını cavablandırmışdır. “Möhtərəm Prezidentimiz sizə qızıl medal təqdim edərkən ona nə dediniz?” sualına İlham “Cənab Ali Baş Komandan, əsgər Zəkiyev döyüş tapşırığını uğurla yerinə yetirərək qızıl medala sahib oldu!”- dediyini bildirib. Sonra "Şöhrət" ordenli, Əməkdar İdman ustası İlham Zəkiyevin medallar kolleksiyası sərgilənib.
Göygöl-Kəlbəcər yolunun sağ tərəfindəki təpənin ətəyində Murovdağ şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etdikdən sonra İlham Zəkiyev Murovdağ döyüşçüləri ilə görüşə yollanıb. Zirvələrdə əsgərlər onu dağ çiçəklərindən hörülmüş çələng, bir də bulaq suyu ilə qarşılayıblar. Vaxtilə səhhətində problemlər olmasına baxmayaraq, Xalq şairi Məmməd Arazın da bu dağlara qalxdığını xatırlayan əsgərlər İlham Zəkiyevin ön səngərə qalxdığı günün də tarixi və unudulmaz bir gün olacağını deyiblər.
16 ildən sonra yenidən əlinə silah alan İlham Zəkiyevin avtomatı ustalıqla söküb-yığması əsgərləri heyrətləndirib. Hərbçilərlə birlikdə şam süfrəsi ətrafında əyləşən İlham Zəkiyev Murovdağ döyüşçülərinin əhatəsində olduğundan böyük qürur duyduğunu vurğulayaraq, əmin olduğunu bildirib ki, o, tatami üzərində qələbə qazanaraq xalqımızı sevindirdiyi kimi, Azərbaycan əsgəri də işğal altındakı torpaqlarımızı tezliklə azad edərək xalqımızı qələbə müjdəsi ilə sevindirəcəkdir.
Goranboy rayonunun Tapqaraqoyunlu kəndində İlham Zəkiyev əsl qəhrəman kimi qarşılanıb. Daim düşmən atəşi altında yaşamalarına baxmayaraq, kəndi tərk etməyən qorxmaz tapqaraqoyunlular İlhamın kəndə gəlişini böyük şadyanalıqla qeyd ediblər. Kənd bədii özfəailiyyət kollektivi üzvlərinin ifasında əsgər marşları səslənib. 23 ildir ki, oğlunun yolunu gözləyən Səmərqə ana İlham Zəkiyevin kəndə gəlişiylə sanki oğlunun da cəbhədən qayıtdığını deyərək onu bağrına basıb. Kəndin 43 şəhidinin xatirəsinə ucaldılan kompleks, Ana abidəsi və Azərbaycanın Milli Qəhrəmanı Niyazi Aslanovun büstü ziyarət olunub. Kənd mərkəzində keçirilən izdihamlı mitinqi Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev açaraq Azərbaycan bayrağını dəfələrlə mötəbər idman yarışlarında ucaldan İlham Zəkiyevi hələ də ilk Avropa Oyunlarının xoş təəssüratları ilə yaşayan goranboylular adından salamlayıb və ona daha böyük uğurlar qazanmağı arzu edib.
Kənd ağsaqqallarından Tariyel Abbasov, Milli Qəhrəman Niyazi Aslanovun oğlu Həzi Aslanov və başqaları çıxış edərək, bu görüşün kənd əhalisinə böyük sevinc bəxş etdiyini və bundan sonra da kəndin müdafiəsi üçün əllərindən gələni əsirgəməyəcəklərini, milli ordumuza həmişə arxa-dayaq olacaqlarını vurğulayıblar.
Düşmənin bir neçə metrliyində yerləşən ön səngərə baş çəkən İlham Vətən müdafiəçilərinin xidmət şəraiti ilə tanış olub, onların problem və qayğıları ilə maraqlanıb, Ali Baş Komandanla birgə çəkdirdiyi və üzərində “Mən döyüş tapşırığını yerinə yetirərkən Vətən uğrunda gözlərimin nurunu itirsəm də torpaqlarımızın tezliklə işğaldan azad edilməsi uğrunda döyüşdə qalib gələcəyimizə ümidimi, inamımı itirməmişəm. Bu gün də qəlbimin atəşi, qolumun gücü ilə sizlərlə birlikdə döyüşlərə atılmağa hazıram. Sən də Qarabağ uğrunda, əzəli və əbədi torpaqlarımızın azadlığı naminə müqəddəs savaşa hazır ol, Azərbaycan əsgəri!” sözləri yazılmış şəkilləri imzalayaraq döyüşçülərə hədiyyə edib.
Ağdam müdafiəçiləri ilə görüş zamanı İlham Zəkiyev bu bölgədə xidmət edən döyüşçülərin ötən ilin avqust ayında düşmənin kəşfiyyat-təxribat qruplarının qarşısını mərdliklə aldıqları, düşmənə xeyli itki verdikləri, eləcə də möhtərəm Prezidentimizin bölgəyə gələrək təmas xəttində döyüşdə fərqlənən bir qrup hərbi qulluqçunu şəxsən mükafatlandırması xəbərini çox böyük ruh yüksəkliyi ilə qarşıladığını, bundan qürur duyduğunu deyib.
İlham noyabrın 12-də hava məkanımıza təxribat xarakterli uçuşlar edən Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus helikopteri vuran İlkin Muradovla da görüşmək arzsusunda olduğunu bildirəndə İlkinin onun qarşısında dayandığını eşidərək duyğulu anlar yaşayıb.
Beyləqan bölgəsində də İlham Zəkiyev böyük səmimiyyətlə qarşılanıb. Bu görüşlərin şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığında, onların vətənpərvərlik tərbiyəsində, hərbi qulluqçularda yüksək əxlaqi-mənəvi keyfiyyətlər aşılanmasında müstəsna əhəmiyyətini qeyd edən general-mayor Xaqani Cəbrayılov ulu öndərimizin qərargahın qarşısında yenicə ucaldılmış abidəsi önündə cəbhə bölgələrinə səfərdən xatirə olaraq İlham Zəkiyevə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun xüsusi hədiyyəsini təqdim edib.
Hərbi and içdiyi hərbi hissədə İlham Zəkiyevin gəlişi münasibətilə təşkil edilən tədbirdə polkovnik-leytenant Şükür Həmidov, bu hərbi hissənin fəxri olan şəhid Milli Qəhrəman Əliyar Əliyevin oğlu, atasının yolunu şərəflə davam etdirən mayor Emin Əliyev və bu günlərdə düşmənin pilotsuz uçan aparatını məhv edən əsgər İlkin Fətəliyev çıxış edərək İlhamı əmin ediblər ki, onun qanı tökülən, gözünün nurunu itirdiyi torpaqlar etibarla qorunur və onlar işğal altında olan torpaqları da tezliklə işğaldan azad etməyə hazır və qadirdirlər.
Kəşfiyyatçıların təlim-toplantı iştirakçıları ilə görüş daha maraqlı olub. Axı İlham Zəkiyev özü də kəşfiyyatçıdır. Əsgər yoldaşları və komandirlərlə görüşdə 1999-cu ilin fevral ayının 4-də son döyüş tapşırığını necə uğurla yerinə yetirdikləri və gözlərinin nurunu Vətənə qurban verdiyi gün xatırlanıb. İlham alqışlar altında Birinci Avropa Oyunları zamanı Azərbaycan Respublikasının Dövlət Himninin müşayiəti ilə onun şərəfinə qaldırılan dövlət bayrağımızı kəşfiyyatçılara əmanət edərək bu bayrağın tezliklə Xankəndi, Şuşa, Laçın və digər işğal altında olan torpaqlarımızda ucaldılacağına əminliyini bildirib.
Ağcabədi, Beyləqan, Füzuli bölgələrində tankçılar, artilleriyaçılar, motoatıcılarla da görüşlər şəxsi heyətdə xoş təəssüratlar oyadıb.
Horadiz şəhərində Füzuli rayon icra hakimiyyətinin rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri İlham Zəkiyevi hərarətlə qarşılayıblar.
Mədəniyyət sarayında keçirilən görüşdə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib. Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev dünyanın bir çox ölkələrinin iqtisadi, siyasi, mənəvi böhran keçirdiyi bir vaxtda müstəqil Respublikamızın möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında dinamik sürətlə inkişaf etdiyini, sosial-iqtisadi sferalarda böyük uğurlar qazanıldığını, Azərbaycanın nüfuzunun dünyada daha da artdığını, ordumuzun dünyanın güclü orduları sırasında yer aldığını qeyd edib. İlk Avropa Oyunlarının məhz Azərbaycanda reallaşdığını xatırladan icra başçısı bu gün ölkəmizin həqiqətən regionda söz sahibi olduğunu önə çəkib.
İcra başçısı görüş iştirakçılarının nəzərinə çatdırıb ki, fəxrimiz olan İlham Zəkiyev Azərbaycanımızın gözəl guşələrindən biri olan Füzuli torpaqları uğrunda, Aşağı Əbdürrəhmanlı kəndində döyüş tapşırığını yerinə yetirərkən gözlərinin nurunu itirib. Qədirbilən Füzuli əhalisi isə bu torpaqlar uğrunda canından, qanından, gözlərinin işığından keçən insanları heç vaxt unutmur və unutmayacaqdır da.
İlham Zəkiyevin Füzuli rayonunun fəxri vətəndaşı elan edilməsi barədə Füzuli rayon icra hakimiyyəti başçısının sərəncamını görüş iştirakçıları ayaq üstə alqışlarla qarşılayıblar.
Qarabağ müharibəsinin veteranı, “Azərbaycan Bayrağı” ordenli Sevindik İsmayılov rayon ictimaiyyəti adından bu münasibətlə İlham Zəkiyevi təbrik edərək bildirib ki, bu gündən fəxri vətəndaşı olduğu Füzuli rayonunun əhalisi də Ali Baş Komandanın əmrini gözləyir. Onlar da torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qələbəmizlə başa çatacaq döyüşə hazırdırlar.
Sonda İlham Zəkiyev səmimi qarşılanmasına görə minnətdarlığını bildirib və Azərbaycan Prezidentinin bir kəlamını xatırladaraq böyük inam hissi ilə bəyan edib ki, əgər döyüşlər başlayarsa, həqiqətən də bir həftə ərzində Ermənistanda daş daş üstə qalmayacaqdır.
İlham Zəkiyevin cəbhə bölgələrinə bir neçə günlük səfəri başa çatıb. O, işğaldan azad ediləcək topaqlarda Vətən müdafiəçiləri ilə yenidən görüşmək arzusu ilə cəbhə bölgələrindən ayrılıb.