Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2015-ci il tarixli Sərəncamından irəli gələn vəzifələr ölkəmizdə uğurla həyata keçirilməkdədir. Müdafiə Nazirliyinin Təhsil, Mədəniyyət və Turizm Nazirliklərinin təklifləri nəzərə alınmaqla hazırladığı tədbirlər planına əsasən təşkil olunan yubiley tədbirlərində minlərlə hərbi qulluqçu və mülki əhali iştirak etmişdir.
Azərbaycan Veteranlar Təşkilatının Akt zalında keçirilən “O,qayıdacağına inanırdı” adlı mərasimə toplaşan müharibə, əmək, Silahlı Qüvvələr, hüquq-mühafizə orqanları veteranları, hərbi qulluqçular, eləcə də, ictimaiyyətin nümayəndələri əvvəlcə xalqımızın Ümumimilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Veteranlar Təşkilatı sədrinin birinci müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, ehtiyatda olan polkovnik Cəlil Xəlilov giriş nitqi söyləyib. O, qeyd edib ki, Azərbaycanın hərb tarixinin öyrənilməsi, təbliği, görkəmli hərbi xadimlərin yubileylərinin dövlət səviyyəsində qeyd olunması istiqamətində Ulu Öndərimiz Heydər Əliyevin ənənənələri bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tam artilleriya generalı Əlağa Şıxlinskinin 150, Cəmşid Naxçıvanskinin 120 illik yubileylərinin keçirilməsi haqqında prezident sərəncamlarını bütün xalqımız, Silahlı Qüvvələrin şəxsi heyəti kimi, respublika veteranları da böyük rəğbətlə qarşılayıblar. Həqiqətən də xalqın hərbi şöhrət tarixini bilmədən, görkəmli sərkərdələrini, qəhrəmanlarını tanımadan yeni qəhrəmanlar yetişdirmək olmaz. Ulu Öndərimizin dəfələrlə qeyd etdiyi kimi, atalarımızın, babalarımızın, əcdadlarımızın qəhrəmanlıq nümunələri bu gün də, gələcəkdə də müstəqil Azərbaycanı qoruyub saxlamaqda, onun müstəqilliyini əbədi etməkdə bizim üçün örnək olmalıdır.
Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizələrdə göstərdiyi sücaətlərlə milli hərb sənəti tarixinə dəyərli töhfələr vermiş, ölkədə yüksək ixtisaslı hərbi kadrların yetişməsində müstəsna xidmətləri olmuş və hər şeydən öncə, komandirlik etdiyi süvari alayının şəxsi heyəti ilə birlikdə erməni daşnaklarına qarşı mübarizədə misilsiz igidliklər göstərmiş görkəmli sərkərdənin qısa, lakin mənalı və şərəfli ömür yolu barədə geniş məruzə ilə çıxış edib.
Qeyd olunub ki, Xan Kəngərlilər nəslinin ailə ənənələrinə uyğun olaraq Cəmşid Cəfərqulu Xan oğlu da digər qardaşları kimi erkən yaşlarından öz taleyini hərbi peşəyə - Vətənə xidmət peşəsinə bağlayıb. O, bu peşəni seçərkən hara gedəcəyini, hansı maneələrə rast gələcəyini, hansı sınaqlardan çıxacağını çox yaxşı bilirdi. Onu da yaxşı bilirdi ki, həyatını bu peşəyə həsr edənlər, uzun səfərə çıxanlar, azadlıq, istiqlaliyyət mücahidləri öz ömürlərini xalqının, millətinin gələcəyinə qurban deyən insanlardır. Bu yolda isə bir addım da olsun geriyə yol yoxdur.
Cəmşid Naxçıvanski də Kəngərlilər nəslinin digər generalları kimi Çar ordusunda öz istedad və bacarığı ilə bir daha təsdiq edib ki, azərbaycanlılar digər sahələrlə yanaşı, hərbi işdə də yüksək peşəkarlığa malikdirlər.
Çar hökuməti devrildikdən sonra Tiflisə qayıdan Cəmşid Naxçıvanski az sonra oz tatar-süvari alayı ilə birlikdə Azərbaycan hökumətinin tabeçiliyinə keçmiş və beləliklə, Silahlı Qüvvələrimizin yaradılmasında yaxından iştirak etmişdir. O, Gəncədə, Göyçay ətrafında, Kürdəmirdə , eləcə də, Bakıda daşnak–bolşeviklərə qarşı mübarizədə öz vətənpərvərlik borcunu layiqincə yerinə yetirmiş, Şuşada, Əsgəran qalasında əsl fədakarlıqlar göstərmişdir. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın gələcəyi daim onu düşündürmüş və bu istiqamətdə xeyli işlər görmüşdür. Arxivlərin sirri açılandan sonra məlum olmuşdur ki, Cəmşid Naxçıvanski məhz Azərbaycanın azadlığı uğrunda ilk mübarizlərdəndir. O, Azərbaycan Milli Mərkəzi adlanan Azərbaycan antisovet, millətçi təşkilatın fəal iştirakçısı olmaqla, Azərbaycanda sovet hökumətinin devrilməsi planının hazırlanmasında, Azərbaycanın Sovet İttifaqından ayrılmasında fəal iş aparmış, Azərbaycanda hərbi üsyan planını şəxsən hazırlamışdır.
Sonuncu dəfə həbs olunarkən o həyat yoldaşı və körpə qızının qarşısında öz təmkinini belə pozmamış və tezliklə qayıdacağını bildirmişdir.
1938-ci il avqustun 26-da SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 15 dəqiqə çəkən bağlı məhkəmə iclasında “Sovet hökumətinin qatı düşməni, müqəssir” kimi təqsirləndirilərək ölüm hökmü oxunan Cəmşid Naxçıvanski uzun illər keçdikdən sonra xalqımızın müdrik oğlu Heydər Əliyevin qətiyyəti sayəsində yenidən Vətənə qayıtmış və xalqın xatirəsində əbədi yaşamaq hüququ qazanmışdır. Hələ ötən əsrin 70-ci illərində mətin sərkərdənin adı əbədiləşdirilmiş, Bakıda yaşadığı binaya xatirə lövhəsi vurulmuş, küçələrdən birinə onun adı verilmiş, Naxçıvanda ev muzeyi yaradılmış, yubileyi dövlət səviyyəsində qeyd olunmuş və adını daşıyan indiki Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradılmışdır.
Yorulmaz tədqiqatçı-jurnalist, yazıçı-publisist, ehtiyatda olan polkovnik-leytenant Şəmistan Nəzirli ömrünün yarıdan çoxunu Azərbaycan sərkərdələrinin irsiinin araşdırılmasına, öyrənilməsinə və təbliğinə həsr etdiyini qeyd edərək bildirib ki, Cəmşid Naxçıvanskinin 43 illik ömür yolu hələ də kifayətcə araşdırılmayıb. Heydər Əliyev Fondunun dəstəyi ilə rus yazıçısı İvanovun ikicildliyinin oxucuların ixtiyarına verilməsi təqdirəlayiqdir. Ancaq Azərbaycan dilində həm elmi-tədqiqat əsərlərinə, həm də bədii əsərlərə, sənədli və bədii filmlərə çox ehtiyacımız var. Bu gün ən azı xüsusi təyinatlı təhsil müəssisələrində Cəmşid Naxçıvanski öyrənilməlidir. Bir də ki, onun həm Naxçıvanda, həm də Bakıda at belində, sərkərdə qiyafəsində abidəsinin ucaldılmasının vaxtı çoxdan çatmışdır.
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov isə araşdırmalar zamanı Cəmşid Naxçıvanski haqqında əldə etdiyi yeni arxiv sənədləri və digər materiallar barədə məlumat verib, ssenarisi əsasında İctimai Televiziyada yeni sənədli filmin çəkilişlərinin başa çatdığını bildirib.
Digər çıxışçılar görkəmli hərbi xadimlərin adlarının əbədiləşdirilməsi və yubileylərinin dövlət səviyyəsində qeyd olunmasına göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Mərasimdən sonra bir qrup iştirakçı Cəmşid Naxçıvanskinin 1927-1931-ci illərdə yaşadığı ünvana gedərək, binaya vurulmuş xatirə lövhəsinin qarşısına çələng qoyublar.