İyunun 15-də Milli Müdafiə Universitetinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyinin kursantlarının 2023-cü il üzrə buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.
Hərbi Liseyin 51-ci buraxılış mərasimində Milli Müdafiə Universitetinin rəhbərliyi, liseyin şəxsi heyəti və rəhbərliyi, müəllimlər, məzunlar, valideynlər və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Cəmşid Naxçıvanskinin Hərbi Liseydə ucaldılan büstləri ziyarət olunub.
Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.
Sonra liseyin Döyüş bayrağı təntənəli surətdə meydana gətirilib.
Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev çıxış edərək əlamətdar gün münasibətilə məzunları Azərbaycan Respublikasının müdafiə nazirinin adından və öz adından təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Qeyd edilib ki, buraxılış mərasiminin təsadüf etdiyi 15 iyun tarixi həm də Azərbaycan xalqının Milli Qurtuluşu, dövlətçiliyin və mənəvi dəyərlərin xilası günüdür. Böyük xilaskar, Ulu Öndər Heydər Əliyevin atdığı mühüm addımlardan biri də C.Naxçıvanski adına Hərbi Liseyin yaradılması olub. Milli zabit kadrlarının hazırlanmasında xüsusi rolu olan C.Naxçıvanski adına Hərbi Liseyin bu gün də Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğu vurğulanıb.
Sonra liseyin müəllimi Rəna Seyidrzayeva çıxış edərək məzunlara uğurlar diləyib, onlara Vətənə layiqli zabit olmağı arzulayıb.
Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən XI siniflərin buraxılış imtahanında yüksək nəticə (274 bal) toplayaraq kurs birincisi olan kursant Emil Bayramlı kursantlar adından çıxış edib. Onlara göstərilən etimadı doğruldacaqlarını, növbəti ali hərbi təhsilləri dövründə daha da inamla çalışaraq gələcəkdə peşəkar zabit olacaqlarını, Vətən, dövlət və xalq qarşısında vəzifələrini layiqincə yerinə yetirəcəklərini, hərbçi şərəfini hər zaman uca tutacaqlarını bildirib.
Çıxışlardan sonra tədrisdə və intizamda fərqlənən liseyin kursantlarına attestat və liseyin döş nişanı təqdim olunub, kurs birincisi tərəfindən yaş kötüyünə məzun rəmzi vurulub.
Daha sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Döyüş bayrağının təhvili və qəbulu mərasimi keçirilib. Döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.
Sonda hərbi orkestrin müşayiəti ilə kursantlar lisey marşını ifa edib və təntənəli marşla tribunanın önündən keçib.