Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Aprel 2014 09:00

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə "Hərbi Lisey Günü"nə həsr olunmuş təntənəli mərasim keçirilib

Aprelin 19-da Cəmşid Naxçıvanski adına Hərbi Liseydə "Hərbi Lisey Günü"nə həsr olunmuş təntənəli mərasim keçirilib.
Tədbir Hərbi Liseyin 1971-ci ildə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən yaradıldığını bildirən xatirə lövhəsinin açılışı və Cəmşid Naxçıvanskinin büstü qarşısına gül buketinin qoyulması ilə başlayıb.
Sonra Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Cəmşid Naxçıvanski adına Hərbi Liseyin səxsi heyəti ilə görüşdüyü və təhsil müəssisəsinə Bayraq təqdim etdiyi 19 aprel gününün "Cəmşid Naxçıvanski adına Hərbi Lisey Günü" kimi qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri oxunub.
Müdafiə naziri təbrik nitqilə çıxış edərək liseyin kollektivinə təhsil və xidmətdə uğurlar arzulayıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Müdafiə məsələləri üzrə Prezidentin köməkçisi general-leytenant Vahid Əliyev çıxış edərək Azərbaycan ordusunun regionda ən qüdrətli ordu olduğunu və düşmənlərin bundan ciddi narahat olmağa başladıqlarını vurğulayaraq kursantların Ali Baş Komandanın əmri ilə işğal olunmuş torpaqlarımızı azad etməyə hər an hazır olmalarını xatırladıb.
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 1974-cü il buraxılışının məzunu, Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, polkovnik Rüfət Əmirov çıxışında hələ o vaxt özünün liseydə oxuduğu illərdən söhbət açaraq xoş xatirələrini yada salıb.
Kursant Ruslan Gözəlov çıxışı zamanı generallara müraciət edərək onların yaşına və rütbəsinə çatacaqları günü arzuladıqlarını bildirib.
Çıxışlar sona çatdıqdan sonra Hərbi Liseyin pedaqoji kollektivinin bir qrupunun mükafatlandırılması barədə Müdafiə naziri və Təhsil nazirinin əmrlər imzalaması diqqətə çatdırılıb.
Daha sonra liseyin şəxsi heyəti təntənəli marşla tribuna önündən keçib. Təntənəli keçid bitdikdən sonra Müdafiə naziri və qonaqlar Hərbi Liseyin ərazisi, tədris korpusu, muzey və yataqxana ilə tanış olublar.
Hərbi Liseyin Qərargahında Ulu Öndər Heydər Əliyevin büstünün açılışı mərasimi keçirilib və Müdafiə naziri Hərbi Liseyin "Şərəf kitabı"na ürək sözlərini yazıb.
Qonaqlar muzey və orada toplanmış eksponatlarla tanış olublar. "Hərbi Lisey Günü" ədəbi-musiqili tamaşa ilə davam edib.
Tədbirdən sonra Müdafiə naziri kütləvi informasiya vasitələri nümayəndələrinin suallarını cavablandırıb.
Mərasimdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Müdafiə məsələləri üzrə Prezidentin köməkçisi general-leytenant Vahid Əliyev, Müdafiə Nazirliyinin və müxtəlif qoşun növlərinin rəhbərləri, generallar, veteranlar, ictimaiyyətin nümayəndələri, valideynlər və digər qonaqlar iştirak ediblər.