Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Aprel 2014 09:00

Cəmşid Naxçıvanski adına Hərbi Lisey Gününə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun çıxışı

Hörmətli mərasim iştirakçıları və qonaqlar!
Cənab generallar, zabitlər, kursantlar!
Əziz müəllimlər!

Bu gün Silahlı Qüvvələrimizin həyatında əlamətdar və tarixi bir gündür. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin 43 il əvvəl yaratdığı Xüsusi orta internat məktəbində, indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseydə ilk dəfə rəsmi olaraq Hərbi Lisey Gününü təntənə ilə qeyd edirik.
Bugünkü tədbirdə veteranlarımız, ictimaiyyətin nümayəndələri, eləcə də xalqımızın haqlı olaraq «Heydər Əliyev məktəbi» adlandırdığı bu xüsusi təyinatlı təhsil ocağının ilk buraxılışının məzunları iştirak edirlər. Məktəbin cəbhə bölgələrində xidmət edən yetirmələri də buradadırlar. Mən sizin hamınızı ürəkdən salamlayır, səmimi arzularımı bildirir və bu əlamətdar hadisə münasibətilə  təbrik edirəm.
Bir az əvvəl biz Hərbi Liseyin 1971-ci ildə Ulu Öndərimiz tərəfindən yaradıldığını bildirən xatirə lövhəsinin açılışını etdik. Bu, əbədiyaşar Ali Baş Komandanımızın xatirəsinə əsgəri hörmət və ehtiramın, sədaqətin ifadəsidir.
Unudulmaz Heydər Əliyevimizin adı və əməlləri daim yaşayacaq, Ulu Öndərimiz heç vaxt unudulmayacaqdır. Xalıqımızın və dövlətimizin tarixində müstəsna xidmətləri olan Heydər Əliyev vaxtilə demişdir: «Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam».
Müasir müstəqil Azərbaycan Respublikası Ulu Öndərimizin şah əsəridir. Əbədiyaşar Ali Baş Komandanımız mütəşəkkil Azərbaycan Ordusunun memarı və qurucusudur. Bu gün təntənəsinə toplaşdığımız Hərbi Lisey isə dahi rəhbərimizin möhtəşəm yadigarlarındandır.
Ölkəmiz Ermənistan silahlı qüvvələrinin hücumlarına məruz qalanda, düşmən torpaq iddiaları ilə Qarabağa hücum çəkəndə Vətənin çağırışına ilk olaraq Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetirmələri gəldilər. Onlarla zabitimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid oldu, öz sağlamlığını itirdi.
Mən bu gün bütün şəhidlərimizin əziz xatirəsi önündə ehtiramla baş əyir və böyük inam hissi ilə bəyan edirəm ki, Heydər Əliyevin siyasi, iqtisadi, sosial-mədəni siyasətini uğurla davam etdirən, Prezident kimi fəaliyyətinin əsas prioriteti ordu quruculuğu olan Ali Baş Komandanımızın rəhbərliyi ilə biz şəhidlərimizin intiqamını tezliklə alacaq, torpaqlarımızı işğaldan azad edəcəyik.

Hörmətli mərasim iştirakçıları!
Düz on bir il əvvəl, bügünkü gün – 19 aprel günündə biz burada Ulu Öndərimizlə görüşdük. İki gün sonra isə indiki Heydər Əliyev sarayında Hərbi Liseyin 30 illik yubileyini ümumxalq bayramı kimi qeyd etdik. Mən də bu məktəbin yetirmələrindən biri kimi Ümummilli Liderimizin qarşısında çıxış etdim. Həmin gün bəlkə də həyatımın ən şərəfli və məsuüliyyətli günü idi. O gün doğrudan da həm bizim, həm də Ulu Öndərimizin həyatında çox xoşbəxt gün idi.
«Naxçıvanski adına Hərbi Lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram. Mən Cəmşid Naxçıvanski adına məktəbi yaradarkən həsrətində olduğum arzuma çatmışam. Ona görə özümü çox xoşbəxt hesab edirəm». Ulu Öndərin o gün dediyi bu səmimi sözləri unutmaq mümkün deyil.
Hərbi Liseyimizin yaradıcısının son dəfə burada olduğu günün tarixi əhəmiyyətini nəzərə alaraq, hər il aprelin 19-nu Cəmşid Naxçıvanski adına Hərbi Lisey Günü kimi qeyd edilməsi haqqında mən əmr imzalamışam. Hər il aprelin 19-u Hərbi Lisey Günü kimi qeyd ediləcəkdir. Mən bu əlamətdar hadisə münasibətilə hər birinizi təbrik edirəm.
Hörmətli mərasim iştarkçıları!
Bir neçə gündür ki, Naxçıvan Muxtar Respublikasında irimiqyaslı hərbi təlimlər keçirilirdi. Neçə illərdir blokada şəraitində yaşayan Naxçıvan dinamik sürətlə inkişaf edir və etibarla qorunur. Digər bölgələrimizdə olduğu kimi bu qədim və yeniləşən diyarda da hərbi strukturlarımız gündən-günə güclənir, qüdrətlənir, şəxsi heyətdə böyük ruh yüksəkliyi var, ordu ilə xalqın birliyi istənilən təcavüzün qarşısını almağa, döyüş tapşırığını yerinə yetirməyə bizə imkan verir.
Mən bir daha Sizi, hörmətli qonaqlarımızı, məktəbin məzunlarını, kursant və onların valideynlərini Hərbi Lisey Günü münasibəti ilə təbrik edirəm.
Azərbaycan Prezidenti cənab İlham Əliyevi və xalqımızı əmin edirəm ki, Silahlı Qüvvələrimizin şəxsi heyəti bundan sonra da Heydər Əliyev ideyalarına sadiq qalaraq Ali Baş Komandanın əmrlərinə hər an hazır olacaqdır.
Diqqətinizə görə sağ olun!