"Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 14 aprel 2021-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Müdafiə Nazirliyinin tədbirlər planına uyğun olaraq Hərbi Liseydə növbəti tədbir keçirilib.
Tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, Hərbi Liseyin şəxsi heyəti, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti və liseyi əvvəlki illərdə bitirən məzunlar iştirak edib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
C.Naxçıvanski adına Hərbi Liseyin rəisi general-mayor Bəkir Orucov və digər çıxış edənlər liseyin ötən müddət ərzində respublikamızda milli peşəkar hərbçi kadrların hazırlanması sahəsində müstəsna xidmətlər göstərməsindən, cəmiyyətdə hərbi peşənin nüfuzunun yüksəlməsində və taleyini hərb sənətinə həsr edən gənclərin sayının davamlı artmasında əhəmiyyətli rol oynamasından danışıblar.
Qeyd olunub ki, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə həmişə ön cəbhədə yer alan liseyin məzunları böyük rəşadət nümayiş etdirərək “Vətən Müharibəsi Qəhrəmanı” və “Azərbaycanın Milli Qəhrəmanı” adlarına layiq görülüb, orden və medallarla təltif olunublar.
Sonda hərbi vətənpərvərlik mövzusunda Xalq artisti Azərinin ifa etdiyi mahnılar tamaşaçılar tərəfindən maraqla dinlənilib.