Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Bakı metropoliteninin "Ulduz" və "N.Nərimanov" stansiyaları arasında hərəkət edən qatarda 1995-ci ilin oktyabr ayının 28-də baş vermiş faciə zamanı zərərçəkmiş insanları xilas edərkən həlak olmuş hərbi qulluqçuların xatirəsi yad edilib.
Tədbirdə Hərbi Liseyin rəhbərliyi, müəllimlər, kursantlar, o cümlədən dəvət olunmuş qonaqlar iştirak ediblər.
Çıxış edənlər 19 il əvvəl baş vermiş partlayış zamanı Hərbi Liseyin zabiti baş leytenant Çingiz Babayev və 3 nəfər kursant - Nicat Səfərov, Samir Məmmədov və Ruslan İsayevi yad edərək onlar haqqında xatirələrilə bölüşüblər.
Bildirilib ki, faciə anında baş leytenant Ç.Babayev kursantları səfərbər etməklə bərabər özünü odun-alovun içinə ataraq, göstərdiyi misilsiz təşkilatçılığı və fədakarlığı sayəsində onlarla uşaq, qadın və qocanı ölümün pəncəsindən xilas edə biliblər.
Təəssüflər olsun ki, fədakar hərbi qulluqçularımız özləri amansız ölümün pəncəsindən qurtula bilməyiblər. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 3 noyabr 1995-ci il tarixli Fərmanı ilə faciə zamanı zərərçəkmişlərin xilas olunmasında xüsusi şücaət və qəhrəmanlıq göstərərək həlak olmuş Çingiz Babayevə (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmiş, kursantlar isə "İgidliyə görə" medalı ilə təltif olunmuşlar.
Tədbirdə Ç.Babayevin atası Adil Babayev çıxış edərək Müdafiə Nazirliyinin, Hərbi Liseyin rəhbərliyinə və tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirib.
Milli Qəhrəmanlar Birliyinin sədri Mirbəşir Seyidzadə də kursantlara müraciət edərək Lisey ənənələrinin davam etdirilməsini, əsl vətənpərvər ruhda böyümələrini və Vətənə layiqli övlad olmalarını bildirib.
Xatirə mərasimində yazıçılar Südabə Sərvi və Aləmzər Sadıqqızının müəllifi olduqları və Milli Qəhrəman Ç.Babayevə həsr olunmuş "Əfsanəvi Qəhrəman" kitabının təqdimatı keçirilib.