Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Aprel 2017 14:45

C.Naxçıvanski adına hərbi liseydə “Qələbəyə gedən yol” adlı hərbi vətənpərvərlik tədbiri keçirilib

Müdafiə Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə aprel döyüşlərinin ildönümü münasibətilə C.Naxçıvanski adına hərbi liseydə “Qələbəyə gedən yol” adlı hərbi vətənpərvərlik tədbiri keçirilib.
Tədbirdə C.Naxçıvanski adına hərbi liseyin kursantları, rayon məktəblərinin yuxarı sinif şagirdləri, Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin, rayon veteranlar cəmiyyətinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər hərbi liseyin yaranma tarixindən, məzunların torpaqlarımızın müdafiəsi uğrunda göstərdikləri qəhrəmanlıqlardan danışıblar. Qeyd olunub ki, hərbi liseyin 10 məzunu və 1 zabiti Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb. Aprel döyüşlərində də hərbi liseyin məzunları torpaqlarımızın müdafiəsi üçün qəhrəmanlıqlar göstəriblər.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək bildirib ki, 2016-cı ilin aprel döyüşlərinin baş verdiyi hər bir gün hamımız üçün böyük sınaq günləri idi. Həmin günlər Ordumuzun əsgərləri doğma Vətən torpaqlarının hər bir qarışının bizlər üçün nə gedər əziz olduğunu öz canları və qanları hesabına bir daha sübut etdilər. Aprel döyüşlərində qazanılmış qələbədə gənclərin vətənpərvərlik, yüksək əhval-ruhiyə nümayiş etdirməsi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu gənclər siyasətinin bariz nümunəsidir.
Hərbi liseyin xidmətdə fərqlənən bir qrup kursantına rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunduqdan sonra Nəsimi rayon 8 saylı tam orta məktəbin “Şahinlər” hərbi komandasının üzvləri hərbi and içiblər.