Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 May 2015 09:00

C.Naxcıvanski adına Hərbi Liseydə Milli Qəhrəman Cəlil Səfərovun xatirəsi anılıb

Azərbaycanın Milli Qəhrəmanı Cəlil Səfərovun vaxtilə təhsil aldığı C.Naxcıvanski adına Hərbi Liseydə anma tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə klubun foyesində liseyin kursantlarının vətənpərvərlik mövzusunda rəsm əsərləri ilə tanış olublar.
Tədbir ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olan qəhrəmanların xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra polkovnik-leytenant Şahin Xankişiyev tədbiri giriş sözü ilə açaraq Azərbaycanın Milli Qəhrəmanlarından səkkizinin liseyin məzunu, bir nəfərin isə təhsil ocağının zabiti olduğunu bildirib. Qeyd edilib ki, Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycanın yüzlərlə igidi kimi Cəlil Səfərov da əsl qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlib. O, yeni qurulan ordumuzda peşəkar zabitlərə ehtiyacın olduğu bir vaxtda Vətənə dönərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinində zabit vəzifəsinə təyin edilib. Dağlıq Qarabağa ezam olunan Cəlil Səfərov Şuşaya, hərbi əməliyyatlara göndərilib. Dinc sakinlərin təhlükəsiz yerlərə köçürülməsində onun da müstəsna xidmətləri olub. Cəlil Səfərov 1992-ci il mayın 15-də Şuşa rayonunun Turşsu - Zarıslı istiqamətində gedən ağır döyüşdə qəhrəmancasına şəhid olub.
Cəlil Səfərova dərs demiş Əməkdar Müəllim Abbas Abbasov Milli Qəhrəmanla bağlı xatirələrini bölüşüb.