Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Dekabr 2017 13:15

Bu il MOİK idmançıları respublika üzrə və beynəlxalq yarışlarda 83 medal qazanıblar

Dekabrın 19-da Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunda (MOİK) 2017-ci ilin yekunlarına və idmançıların mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə klubun rəisi, polkovnik-leytenant Rəşad Quliyev MOİK-in tarixindən və klub idmançılarının il ərzində qazandıqları nailiyyətlər barədə məlumat verib.
Rəşad Quliyev bildirib ki, Mərkəzi Ordu İdman Klubu 1961-ci ildə təsis edilib. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Ordu İdman Klubu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibinə verilib. 1992-ci ildən bu günədək Mərkəzi Ordu İdman Klubu şərəfli yol keçib. İdmançılarımız Olimpiya Oyunlarında, həmçinin dünya və Avropa çempionatlarında iştirak edərək medallar qazanıblar. Qazanılmış medalların sayına görə MOİK-in adı Gənclər və İdman Nazirliyi tərəfindən həmişə fərqlənən idman klubları sırasında çəkilib.
Diqqətə çatdırılıb ki, MOİK-də idmanın 20 növü üzrə bölmələr fəaliyyət göstərir. Azərbaycan milli komandasının əksər üzvləri MOİK-in təmsilçiləridir. Olimpiya, dünya, Avropa və başqa beynəlxalq yarışlarda qazanılan medalların bir hissəsi klubun idmançılarının payına düşür. 2017-ci ildə klubun idmançıları respublika üzrə və beynəlxalq yarışlarda 83 medal qazanıblar. Bunlardan 67-si cari ildə respublika yarışlarında əldə olunub. Medalların 28-i qızıl, 11-i gümüş, 28-i bürüncdür.
Klub rəisi deyib ki, ölkəmizdə idmana göstərilən dövlət qayğısı və dəstəyi, o cümlədən idmançılarımızın mütəmadi və uğurlu çıxışları nəzərə alınaraq, Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) qərarı ilə 2004-cü ildə Bakıda hərbçilər arasında cüdo, 2006-cı ildə güləş, 2008-ci ildə boks üzrə hərbçilər arasında dünya çempionatları təşkil olunub. Həmçinin 2011-ci ildə Şuranın Avropa Assambleyası, 2013-cü ildə futbol üzrə dünya kuboku yarışı keçirilib. Futbol yarışında Azərbaycan Respublikasının Silahlı Qüvvələrini təmsil edən hərbçilərdən ibarət yığma komanda fəal iştirak edərək 16 kollektiv arasında dördüncü yerə layiq görülərək ən yaxşı komandalar sırasında kubokla mükafatlandırılıb. Silahlı Qüvvələrimizi təmsil edən hərbçilərdən ibarət yığma komandanın bu uğuru Azərbaycan futbol tarixində ən yüksək nailiyyətdir. Mərkəzi Ordu İdman Klubunun nümayəndələri hər il Beynəlxalq Hərbi İdman Şurasının Avropa Assambleyasında və Beynəlxalq Baş Assambleyasında iştirak edirlər.
Diqqətə çatdırılıb ki, MOİK Azərbaycan Silahlı Qüvvələrini beynəlxalq və respublika səviyyəli yarışlarda peşəkar səviyyədə təmsil edir, həmçinin gənclərin vətənpərvərlik və fiziki hazırlığının yüksəldilməsində müxtəlif idman növləri üzrə fəal iş aparır.
Sonra fərqlənən idmançılar mükafatlandırılıblar.