Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 İyul 2018 19:00

“Bu gün gərək hər anımız Vətən desin!” devizi altında kütləvi vətənpərvərlik tədbiri keçirilib

Müdafiə Nazirliyi və Ağstafa rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Bu gün gərək hər anımız Vətən desin!” devizi altında kütləvi vətənpərvərlik tədbiri keçirilib.
Ağstafa şəhər Səməd Vurğun adına Mədəniyət və İstirahət Parkına toplaşan Müdafiə Nazirliyinin rəsmiləri, Ağstafa rayon İcra Hakimiyyətinin rəhbərliyi, bölgədə xidmət edən hərbi qulluqçular, müharibə veteranları, şəhid ailələri və ictimaiyyət nümayəndələri əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının dövlət himni ifa olunub.
Layihənin müəllifi, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani tədbirin mahiyyəti barədə ətraflı məlumat verib, vətənpərvərlik işinin ölkəmizdə bu gün geniş vüsət aldığını, Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik hissinin yüksəldiyini, xalq ilə ordunun birliyinin, həmrəyliyinin daha da möhkəmləndiyini bildirib.
Qeyd olunub ki, çətin, məsuliyyətli, ancaq şərəfli, müqəddəs bir missiyanı yerinə yetirən Azərbaycan Ordusu torpaqlarımızın müdafiəsi, xalqımızın əmin-amanlığının, xoşbəxt, firavan yaşamasının etibarlı təminatçısı olaraq Vətən, xalq, dövlət qarşısında vəzifələrini layiqincə yerinə yetirir.
2016-cı ilin aprelində Füzuli, Cəbrayıl, Ağdərə, Tərtər istiqamətlərində və bu yaxınlarda Naxçıvan Muxtar Respublikasında Azərbaycan əsgərinin düşmənə vurduğu sarsıdıcı zərbə, qazanılan zəfərlər xalqımızı sevindirir və hər bir ölkə vətəndaşının işğal altında olan əzəli torpaqlarımızın da tezliklə azad olunacağına inamını daha da artırır.
“Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə paytaxtımız Bakıda, Azadlıq Meydanında keçirilən möhtəşəm hərbi paradda Azərbaycan Ordusu güc və qüdrətini, nəyə qadir olduğunu həm xalqımıza, həm dünyaya, həm də düşmənlərimizə bir daha nümayiş etdirdi. Ali Baş Komandanımız hərbi paradın tribunasından dünyaya bəyan etdi ki, ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir və ordumuz düşmənin bütün strateji hədəflərini məhv etməyə qadirdir. Azərbaycan heç vaxt işğalla barışmayacaq və tezliklə öz ərazi bütövlüyünü bərpa edəcək”, - polkovnik A.Qurbani deyib.
Tədbirdə vurğulanıb ki, hərbi paraddan sonra düşmən təşviş içindədir. İşğal etdiyi əraziləri qeyd-şərtsiz tərk etmək, qoşunlarını geri çəkmək, işğala, təcavüzə son qoymaq əvəzinə, yenə də hiyləgər, məkrli niyyətindən əl çəkmir, atəşkəs rejimini intensiv olaraq pozur, təxribatlara əl atır, dinc əhalini atəşə tutur. Ancaq düşmənlərimiz və onların havadarları birdəfəlik bilməlidirlər ki, heç kim, heç bir qüvvə Azərbaycanı müstəqillik yolundan döndərə bilməz. Minlərlə şəhidimizin qanı hesabına qazandığımız dövlət müstəqilliyimiz əbədidir, daimidir, sarsılmazdır. Çünki dövlət müstəqilliyimizin Azərbaycan Ordusu kimi qarantı, Azərbaycan əsgəri kimi qəhrəman müdafiəçiləri və onların arxasında böyük bir xalq var. Bu gün hər bir Azərbaycan vətəndaşı ölkə rəhbərliyinin ətrafında sıx birləşib və hər bir azərbaycanlı Vətənə, dövlətə sədaqətlə xidmət edir.
Ağstafa rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov bütün xalqımız kimi ağstafalıların da bu gün vətənpərvərlik hissi ilə yaşadığını, ordumuza daim arxa, dayaq olduğunu, ağstafalı gənclərin Silahlı Qüvvələrin bütün qoşun növlərində Vətənə, dövlətə sədaqətlə xidmət etdiklərini, hərbi peşələrə həvəslə yiyələndiklərini bildirib və bu kimi vətənpərvərlik tədbirlərini cəbhəboyu rayonlarda mütəmadi olaraq təşkil etdiyinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq edib.
Rayon Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli, hərbi paradın iştirakçısı baş gizir Samir Rzayev, Azərbaycan Yazıçılar Birliyinin Qazax bölgəsi üzrə rəhbəri, Əməkdar İncəsənət xadimi, şair-publisist Barat Vüsal çıxış edərək Azərbaycan Ordusunun güc və qüdrətindən böyük qürur duyduqlarını deyib və builki hərbi paradın hər bir Azərbaycan vətəndaşının həyatında unudulmaz tarixi hadisəyə çevrildiyini fərəh hissi ilə nəzərə çatdırıblar.
Aşıq Hüseyn Hüseynov tədbir iştirakçılarını qələbəyə, birliyə, həmrəyliyə səsləyən ifası ilə tamaşaçılarda xoş ovqat yaradıb.
“Mənim oğlum Şahlar 1992-ci ildə Tərtər uğrunda döyüşlərdə qəhrəmanlıqla şəhid olub. Düşmənlərimiz elə bilirdi ki, Aşıq Hüseyn oğlunun ölümündən sonra bir daha saz çalmaz. Ancaq onlar eşitsinlər ki, mən də sazımnan, sözümnən bu gün əsgərəm. Nəyin gücünə olursa olsun, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik.”, - el aşığı deyib.
Tədbirdə Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndinin yetirməsi əsgər Tatarov Adil Əli oğlunun ölümündən sonra “Vətən uğrunda” medalı təltif olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oxunub və medal şəhidin valideynlərinə təqdim edilib.
Şəhid atası Əli Tatarov göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edib və şəhidlərin intiqamını almaq üçün Tatarovlar ailəsinin də Ali Baş Komandanın hər bir əmrinə hazır olduğunu bəyan edib.
Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin, Gəncə Qarnizonu Zabitlər Evinin yaradıcı kollektivləri hərbi marş və vətənpərvərlik mahnıları ifa ediblər.
Tədbirin sonunda hərbi qulluqçulara “Azərbaycan əsgərinə müraciət” bukletləri paylanılıb.