Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Sentyabr 2013 09:00

Bir qrup ziyalının cəbhə bölgəsinə səfəri olub

Azərbaycan ordusu işğal olunmuş torpaqları hər an azad etməyə hazırdır.
Milli Məclisin bir qrup deputatının, yaradıcı və sənət adamlarının cəbhə bölgəsinə etdikləri səfərdən sonra bu qənaətə gəlinmişdir.
AzərTAc xəbər verir ki, sentyabrın 17-də tərkibinə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlunun, Xalq Yazıçısı Anarın, Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin, parlamentin təhlükəsizlik komitəsi sədrinin müavini Aydın Mirzəzadənin, xalq artistləri Amaliya Pənahovanın və Nurəddin Mehdixanlının, eləcə də uzun illər hərbi xidmətdə olmuş Mehdi Mehdiyevin daxil olduqları bir qrup ziyalı Tərtər rayonunun Borsunlu kəndindəki təmas xəttinin müdafiə zolağına getmiş, əsgərlərin həyat və məişət şəraiti ilə yaxından tanış olmuşlar.
Yaradılan şəraitdən razı qalan ziyalılar əsgərlərlə ünsiyyətdə olmuşlar.
Sonra ziyalılar təmas nöqtəsindən xüsusi cihazların köməyi ilə düşmən mövqeyinə baxmış, komandirlərlə söhbət etmişlər. Məlumat verilmişdir ki, bu təmas xətti düşmənlə ən yaxın məsafədə yerləşdiyindən şəxsi heyət həmişə ayıq-sayıq vəziyyətdədir. Ermənilər tez-tez atəşkəsi pozsalar da, cavab atəşi ilə susdurulurlar.
Ziyalıların cəbhə bölgəsində keçirdikləri görüşlərdən biri də "Milli Qəhrəman Mübariz İbrahimov" postunda olmuşdur. Onlar burada Mübariz İbrahimovun yatdığı otaqda onun qəhrəmanlıq yolundan bəhs edən guşəyə baxmışlar. Komandirlər Azərbaycanın igid oğlunun torpaqlarımızın azad edilməsi uğrunda göstərdiyi fədakarlıqdan ağızdolusu danışmışlar. Vurğulamışlar ki, ermənilər bilməlidirlər ki, Azərbaycan xalqının minlərlə, milyonlarla mübarizləri vardır və onlar hər an işğal olunmuş torpaqlarımızı azad etmək iqtidarındadırlar.
Xalq Yazıçısı Anar ölümün gözünə dik baxan və qorxmadan erməni əsgərlərinin üstünə təkbaşına gedərək onların hamısını məhv edən Mübariz İbrahimovun əsl xalq qəhrəmanı olduğunu demişdir. Bildirmişdir ki, vaxt gələr biz indi dayandığımız mövqedən deyil, ermənilərin işğal etdikləri həmin qarşı tərəfdən bu yerlərə baxarıq. Söz yox ki, o gün çox da uzaqda deyildir. Bax, onda burada işlədilən hərbi ləvazimat muzeylərdə nümayiş etdiriləcəkdir.
Sonra ziyalılar "Bulaq" deyilən əraziyə gəlmişlər. Burada komandirlərdən biri maraqlı bir hadisəni danışmışdır. Onun sözlərinə görə, bir dəfə bir erməni silahla azıb bu bulağa gəlir. Həmin anda bir Azərbaycan əsgəri də bulaqdan su götürürmüş. Söhbət zamanı azərbaycanlı görür ki, qarşısındakı silahlı ermənidir və onlar əlbəyaxa olurlar. Azərbaycanlı avtomat silahdan bərk yapışır və bu an erməni atəş açmağa başlayır. O, avtomat silahda nə qədər güllə var atır. Lakin azərbaycanlı əlini silahdan çəkmir. Güllə qurtarandan sonra qızmış silahdan əlini çəkən azərbaycanlı görür ki, ovcunun içi tamamilə yanıb. Buna baxmayaraq o, ermənini əsir götürərək hərbi hissəyə gətirir. Bax, budur Azərbaycan əsgərinin qüdrəti - deyən komandir, belə əsgərlərimizin çox olduğunu diqqətə çatdırmışdır.
Sonra bulağın yaxınlığında qurulmuş çadırda kütləvi informasiya vasitələri nümayəndələri üçün mətbuat konfransı keçirilmişdir. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu təmas xəttinə gələn ziyalılara və eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinə son illər Azərbaycan ordusunda həyata keçirilən köklü islahatlar haqqında geniş məlumat vermişdir. Bildirmişdir ki, təkcə cari ilin 8 ayında təmas xəttində ermənilər tərəfindən atəşkəs 1515 dəfə pozulmuş, Azərbaycan əsgərləri cavab atəşi ilə düşməni susdurmuşlar. Bu müddətdə Azərbaycan bir nəfər itki vermişdir. Atəşkəsin pozulması əsasən Ağdam, Füzuli, Tərtər və sair ərazilərdə olmuşdur. ATƏT-in monitorinq qrupunun sərhəd bölgələrində keçirdiyi 16 monitorinqin heç birində insident qeydə alınmamışdır.
İctimaiyyətlə ordu arasında yaranan birliyə toxunan nazirlik təmsilçisi onu da qeyd etmişdir ki, tez-tez ziyalılar, Milli Məclisin deputatları sərhəd bölgələrində olmuş, əsgərlərə yaradılan şəraitlə maraqlanmışlar. Bu görüşlərdə respublikanın kütləvi informasiya vasitələri nümayəndələri də fəallıqla iştirak etmişlər.
Mətbuat konfransında Azərbaycan ordusunun gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən də danışılmışdır. Bildirilmişdir ki, ordumuz bu gün dünyanın ən müasir texnikası və silahları ilə təmin olunmuşdur. Hərbi qulluqçuların bilik səviyyəsinin yüksəldilməsi üçün böyük işlər görülmüş, onların sosial-məişət şəraiti xeyli yaxşılaşdırılmışdır. Təkcə keçən il 300 hərbçi daimi mənzillə, 400-dən çoxu isə xidməti mənzillə təmin edilmişdir.
Müdafiə Nazirliyinin bir çox inkişaf etmiş ölkələrin müvafiq nazirlikləri ilə əməkdaşlığından danışan Eldar Sabiroğlu diqqətə çatdırmışdır ki, hazırda 31 ölkə ilə hərbi əməkdaşlıq barədə saziş bağlayan Azərbaycan Müdafiə Nazirliyi bu istiqamətdə işləri davam etdirməkdədir.
Sonra jurnalistlərin suallarına aydınlıq gətirən Eldar Sabiroğlu onu da vurğulamışdır ki, Azərbaycan nə qədər inkişaf edirsə, Ermənistan bir o qədər geriyə addımlayır. Düşmən ölkənin iqtisadiyyatı tənəzzülə uğradıqca, hərbi vəziyyəti də bir o qədər zəifləyir. Onların tez-tez təmas xəttində hərbi təlimlər keçirməsi isə bir növ gözdən pərdə asmaq xarakteri daşıyır.
Mətbuat konfransından sonra ziyalılar "N" saylı hərbi hissəyə gəlmiş, onun şəxsi heyətinə Azərbaycan torpaqlarının müdafiəsində mətinlik və şücaət arzulamışlar.
Sonra konsert olmuşdur. Əsgərlər yallı getmiş, müğənnilərin ifasında səslənən mahnılara qulaq asmışlar.