Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Yanvar 2013 09:00

BİR QRUP HƏRBİ QULLUQÇUNUN BƏYANATI

Biz Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları olaraq qarşımıza qoyulan tapşırıqları yerinə yetirməklə, ordumuzun günü-gündən güclənməsinə, torpaqlarımızı düşməndən mühafizə etməklə məşğul olduğumuz halda belə bir bəyanatla çıxış etməyə məcbur qalırıq. Əlbəttə, səbəbsiz deyil. Azərbaycan Ordusunun inkişafı deyəsən, daxildəki bəzi üzdəniraq ünsürləri də narahat etməyə başlayıb. Münasibətimiz bir qədər sərt səslənsə də, ancaq deməliyik ki, onların qarayaxmaları, gerçəkdən uzaq fikirləri, orduya qarşı anlaşılmaz hücumları qarşısında başqa ifadələr tapmaqda çətinlik çəkirik. Hazırda açıq dünyada yaşayırıq. Bu şəxslər unudurlar ki, onların hər hansı yanlış və uydurma mülahizələrindən düşmən məharətlə istifadə edir. Bunlar kimə lazımdır? Nə üçün adlarını «hərbi ekspert» qoyan bəzi adamlar bu cür anti-milli və anti-dövlət çağırışlara imza atırlar?! Biz bundan çox üzülürük. Axı ordumuz onların qələmə verdiyi şəkildə deyil. Son illər baş verən tərəqqini görməmək və yaxud görüb onu qiymətləndirməmək ən bağışlanılmaz haldır.

Təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Ali Baş Komandanımız cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu prosesinin konkret nəticələrini biz öz həyatımızda, gündəlik xidməti fəaliyyətimizə aydın hiss edir və duyuruq. Fikirlərimizdə tam səmimiyik. Əvvəlki illərlə müqayisədə hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması istiqamətində bu gün böyük irəliləyişlər baş verib. Hərbi qulluqçuların əmək haqlarının artırılması, yeni mənzillərlə təmin olunması, istifadə edilməmiş məzuniyyət günləri əvəzinə pul kompensasiyasının ödənilməsi vә  digər zəruri məsələlərlə bağlı lazımi addımlar atılmışdır. Bizim «qayğımıza» qalanlar niyə bunları görmürlər? Hər şey aydındır. Ordumuza qara yaxmaq istəyənlər görsənir ki, belə mənfur əməlləri bilərəkdən və düşünülmüş qaydada edirlər. Məqsəd də Silahlı Qüvvələrimizlə xalq arasında olan birliyi zəiflətmək, ordunun imicinə zərbə vurmaqdan ibarətdir. Bu niyyətlər heç zaman reallaşmayacaq. Biz öz dövlətimizə və Ali Baş Komandanımız İlham Əliyevin qayğılarına güvənir vә inanırıq. Heç bir qara qüvvə bu güvənci sarsıda bilməz.

Cənab İlham Əliyevin iradəsi və əzmkarlığının nəticəsidir ki, hazırda Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusuna çevrilib. Bu pafosla səslənən fikirlər deyil, həqiqətdir. Bu gerçək faktı indi beynəlxalq təşkilatlar və dövlətlər də etiraf edirlər. Ordumuz ən müasir silah və sursatla təhciz olunub. Bu bazanın gücləndirilməsi demək olar ki, hər gün aparılır. Əsgər vahid komandanlıq altında öz döyüş fəaliyyətini uğurla yerinə yetirir. Bunlara yalnız sevinmək lazımdır.

Orduya qara yaxanları bu cür mənfur niyyətlərdən əl çəkməyə və zabit korpusu adından yalan danışmamağa çağırırıq. Belə hərəkətlər başucalığı gətirmir. Üzdəniraq “ekspertlərin” düşmən dəyirmanına su tökmələri nəhayət yetər! Vaxtı ilə ordudan rüşvət, müxtəlif əliəyriliklər üstündə qovulan və zabit adına yaraşmayan hərəkətlərə görə rütbəsi aşağı salınanların qışqırmağa, şüarlar səsləndirməyə qəti haqları yoxdur. Biz o adamları yaxşı tanıyırıq və vaxtı ilə necə xidmət etdiklərinə də yaxından bələdik.    

Bir daha bildiririk ki, bu gün Silahlı Qüvvələrdə şərəfli xidmətimizlə fəxr edirik və cənab Ali Baş Komandanımızın əmr, göstərişlərini yerinə yetirməyə tam qadirik. Dövlətimizin və hökumətimizin hərbi qulluqçulara göstərdiyi diqqət və qayğını da yüksək qiymətləndiririk.

General-leytenant Yaşar Aydəmirov, polkovnik Yaqub Əhədov, polkovnik-leytenant İslam Gəncəliyev, polkovnik-leytenant Elçin Qasımov, polkovnik-leytenant Anar Ağayev, polkovnik-leytenant Adil Xeyrullayev, polkovnik-leytenant Nağı Eyvazov, polkovnik-leytenant Arif Kərimov, polkovnik-leytenant Qılman İmanov, polkovnik-leytenant Şıxəli Baxşıyev, polkovnik-leytenant Mehman Rüstəmov, polkovnik-leytenant Oktay Nəsirov, polkovnik-leytenant Emin Səfərov, polkovnik-leytenant Elman Vəliyev , polkovnik-leytenant Fərda İsmayılov, polkovnik-leytenant Mehman Yusifov, polkovnik-leytenant Hafiz Hidayətov, polkovnik-leytenant Rasim Babayev, polkovnik-leytenant Valeh Rəcəbov, polkovnik-leytenant Sərvər Cəbrayılov, polkovnik-leytenant Elşad Əbilov, polkovnik-leytenant Elçin Kərimov, polkovnik-leytenant Sadiq Yәhyazadə, polkovnik leytenant Elxan Şalbuzov, mayor Cavid Abbasov, mayor Siyavuş Mustafayev, kapitan Cavid Abdullayev, kapitan Zülfüqar Zülfüqarov, baş gizir Rövşən Qəhrəmanov…

Bəyanatı 150-dən artıq hərbi qulluqçu imzalayıb.