Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Dekabr 2018 19:13

“Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” kitabının təqdimatı olub

“Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 iyun tarixli Sərəncamının icrası ilə əlaqədar Müdafiə, Təhsil və Mədəniyyət nazirlikləri tərəfindən təsdiq olunmuş plana əsasən, ölkəmizdə silsilə tədbirlər keçirilir.
Yubiley tədbirləri çərçivəsində Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Heydər Əliyev muzey-lektoriyasında Azərbaycan Dövlət Tərcümə Mərkəzinin nəşr etdirdiyi “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” kitabının təqdimatı keçirilib.
Təqdimat mərasimində Bakı Qarnizonundakı hərbi hissələrin, qoşun növlərinin, xüsusi təyinatlı təhsil müəssisələrinin, veteran təşkilatlarının nümayəndələri, Mehdi Hüseynzadənin ailə üzvləri, eləcə də Azərbaycan Dövlət Tərcümə Mərkəzinin əməkdaşları iştirak ediblər.
Əvvəlcə Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış oğul və qızlarımızın xatirəsi qəhrəman döyüşçünün timsalında bir dəqiqəlik sükutla yad olunub.
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani xalqımızın ümummilli lideri Heydər Əliyevin kəlamlarını xatırlayaraq qeyd edib ki, xalq öz qəhrəmanlıq tarixini öyrənmədən, qiymətləndirmədən qəhrəmanlar yetişdirə bilməz. Gələcək qəhrəmanlıqların, igidliklərin təməli isə tariximizdə, atalarımızın keçdiyi şanlı döyüş yolundadır. Bu mənada təkcə ölkəmizdə deyil, Sloveniya, İtaliya, Fransa və Avropanın digər ölkələrində də yenilməz qəhrəman kimi tanınan Mehdi Hüseynzadə bugünkü nəsillər üçün nümunədir. Buna görə də Mixaylo qəhrəmanlıq məktəbi daha dərindən öyrənilməlidir.
A.Qurbani diqqətə çatdırıb ki, Mehdi Hüseynzadə və onun qəhrəmanlıqları haqqında neçə-neçə kitablar yazılıb, filmlər çəkilib, təsviri və tətbiqi sənət əsərləri yaradılıb, abidələr ucaldılıb, xatirəsi əbədiləşdirilib. Bu il anadan olmasının yüz illiyinin qeyd edildiyi Mixaylo xalqımızın qəlbində 26 yaşlı qəhrəman kimi xatirələrdə, ürəklərdə yaşayır.
Tədbirdə qeyd olunub ki, Mehdi Hüseynzadə haqqında həqiqətlərin üzə çıxmasında, layiq olduğu Sovet İttifaqı Qəhrəmanı fəxri adının ölümündən 13 il sonra verilməsində, ümumiyyətlə, Mixaylonun adının əbədiləşdirilməsində, onun faşizmə qarşı mübarizədə göstərdiyi qəhrəmanlığın təbliğində xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri var. Ulu Öndərin siyasətini davam etdirən dövlətimizin başçısı İlham Əliyev görkəmli sərkərdələrimizin, hərb xadimlərimizin, qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsinə və yubileylərinin dövlət səviyyəsində qeyd olunmasına xüsusi diqqət yetirir. Prezident İlham Əliyevin Sloveniya Respublikasına rəsmi səfəri zamanı Novo Qoritsa şəhərində Mehdi Hüseynzadənin xatirə muzeyinin açılışında iştirakı, ictimaiyyətlə görüşdə geniş nitq söyləməsi Azərbaycan-Sloveniya əlaqələrinin genişlənməsinin, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafının təsdiqidir. Məhz bu dostluğun təməlində Mehdi Hüseynzadə kimi igid həmvətənimizin qəhrəmanlıqları dayanır. Sloveniyalılar da Azərbaycanın igid oğluna vəfa borcu olaraq Moribor şəhərində müharibə qurbanlarının xatirəsinə həsr edilən Dobrava memarlıq park kompleksinin ərazisində Xocalı soyqırımı qurbanlarına xatirə lövhəsi ucaldıblar.
Sonra tədbir iştirakçılarına Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Mehdi Hüseynzadənin 100 illik yubileyinə töhfəsi olan, Sloveniya yazıçısı, şair, musiqiçi, bəstəkar Peter Amaliettinin “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” kitabı təqdim edilib.
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin aparat rəhbəri Yaşar Əliyev nəşr haqqında məlumat verərək diqqətə çatdırıb ki, bu publisistik roman igid həmyerlimizin həyatından və döyüş yolundan bəhs edir. Tarixi romanları, eləcə də İkinci Dünya müharibəsi haqqında publisistik yazıları ilə şöhrət qazanmış, İslam dini və mədəniyyəti haqqında sanballı elmi-tədqiqat əsərlərinin müəllifi olan P.Amalietti qəhrəman eloğlumuzun uşaqlıq, gənclik illərini, Böyük Vətən müharibəsində onunla bağlı olan və indiyədək qaranlıq qalan qəhrəmanlıq səhifələrini oxucuların gözləri qarşısında bir sənətkar ustalığı ilə açır. Əfsanəvi partizanın keçdiyi döyüş yolu uzun illər ərzində toplanmış nadir faktlar əsasında əsərdə geniş işıqlandırılıb, onun silah və əqidə dostlarının fəaliyyətindən ətraflı bəhs edilib. Nəşrdə M.Hüseynzadənin müharibə illərində sloven, italyan, sovet partizanlarını heyran qoyan, faşistləri vahiməyə salan qəhrəmanlıq nümunələri ilə tanış oluruq.
Bildirilib ki, yazıçının yorulmaz tədqiqatlarının bəhrəsi olan kitabda xüsusi xidmət orqanlarının arxiv sənədlərindən, şahidlərin xatirələrindən, sənədli-publisistik əsərlərdən geniş istifadə edilib. Müəllif Mehdi Hüseynzadənin əsirlikdə çəkdiyi əziyyətlərə, daxili iztirablara rəğmən faşistlərə boyun əymədiyini, ən yüksək əxlaqi və iradi keyfiyyətlərə malik olduğunu bədii dillə təsvir edir, çətin anlarda əsir yoldaşlarına mənəvi dayaq olduğunu göstərir, Azərbaycan legionuna üzv yazılmasının gerçək səbəblərini açıqlayır.
Sonra əsərin Azərbaycan dilinə tərcüməçisi Fərhad Abdullayev tədbir iştirakçılarına təqdim olunub.
İmzasını oxucuların yaxşı tanıdığı peşəkar tərcüməçi F.Abdullayev deyib: “Mən Sloveniya yazıçısının bu əsərini Mixaylonun ana dilinə sevə-sevə tərcümə etdim. Əvvəla, bu əsər başqa bir xalqın məşhur yazıçısının Azərbaycanın igid oğlu haqqında yaratdığı ədəbi abidədir. İkincisi isə kitabda qəhrəman Mixaylo barədə bildiyimiz və bilmədiyimiz bir çox məqamlar yenidən araşdırılıb, müharibə illərində Sloveniyada baş verən ictimai-siyasi proseslərə qiymət verilib. Mixaylo həm faşistlərə qarşı mübarizə aparan partizan, həm də Sloveniya milli-azadlıq hərəkatının sadiq əsgəri kimi təqdim edilir. Yazıcı öz qəhrəmanının dili ilə Azərbaycan və Sloveniya arasında tarixi paralellik aparır, hər iki xalqın təcavüzə, soyqırımına məruz qaldığına, azadlıq və müstəqillik uğrunda mübarizə apardığına dair konkret faktlar göstərir”.
Tərcüməçi F.Abdullayev əfsanəvi qəhrəmanın dəfn mərasimində komandir Dulenin vida nitqini həm göz yaşları içərisində, həm də böyük qürurla tərcümə etdiyini vurğulayıb. Bildirib ki, komandirin vida nitqində dediyi “Məzarında rahat yat, əziz dost! Mütərəqqi bəşəriyyət əfsanəvi qəhrəmanlıqlarına, insanlara sevginə görə sənə daim minnətdar olacaq! Qisasını düşməndən mütləq alacağıq, Mixaylo!” sözləri kitabın leytmotivini təşkil edir.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin rəisi, general-mayor Gəray Bağırov Mehdi Hüseynzadənin 100 illik yubileyi ərəfəsində bu kitabın nəşrində xidməti olan şəxslərə, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin kollektivinə Müdafiə Nazirliyinin rəhbərliyi adından minnətdarlıq edib. O, kitabın Azərbaycan Ordusunun şəxsi heyətinin əcdadlarımızın qəhrəmanlıq ənənələri ruhunda tərbiyə olunmasında, onların mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun, vətənpərvərlik hissinin daha da yüksəlməsində əhəmiyyətini xüsusi vurğulayıb.
Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının məsul işçisi, Əfqanıstan və Qarabağ müharibələri veteranı, ehtiyatda olan polkovnik Adil Haqverdiyev çıxışında ölkə rəhbərliyinin hərb tarixinin öyrənilməsinə və təbliğinə xüsusi önəm verdiyini deyib.
Sonra Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı qrupu Mehdi Hüseynzadənin kitabda təqdim olunan şeirləri əsasında hazırlanan ədəbi-bədii kompozisiya ilə çıxış edib.
Mehdi Hüseynzadənin bacısı oğlu Mehdi Əzizbəyov Azərbaycan Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə, həmçinin Sloveniya yazıçısının əsərini Azərbaycan dilinə tərcümə edib oxuculara təqdim edən Azərbaycan Dövlət Tərcümə Mərkəzinin əməkdaşlarına qəhrəmanın ailə üzvləri adından təşəkkürünü bildirib.
Tədbirin sonunda kitabın nəşrində xidmətləri olan Fərhad Abdullayevə və Yaşar Əliyevə Müdafiə Nazirliyinin hədiyyəsi, iştirakçılara isə kitabın nüsxələri təqdim edilib.
Xatırladaq ki, “Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 23 iyun tarixli Sərəncamında Mehdi Hüseynzadənin 1941–1945-ci illər müharibəsində faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazandığı və Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazdığı qeyd olunub. Sənəddə xüsusi vurğulanıb ki, yüksək əxlaqi keyfiyyətlərə malik cəsur kəşfiyyatçının rəşadət dolu şərəfli həyat yolu bu gün Vətənimizin sərhədlərini layiqincə qoruyan və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan mətin Azərbaycan əsgəri üçün parlaq qəhrəmanlıq nümunəsidir.