Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Oktyabr 2016 09:00

Bərdədə şəhid zabitimizin xatirəsinə həsr olunan "Ruhumuzun qələbəsi naminə" kompozisiyası təqdim edilib

Müdafiə Nazirliyi və Bərdə Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bərdə Rayon Mədəniyyət Mərkəzində "Xalqımıza qələbə sevinci bəxş edənlər" silsiləsindən aprel ayında cəbhə xəttində ermənilərin törətdikləri təxribatın qarşısını alarkən şəhid olmuş Azərbaycan Ordusunun baş leytenantı Ziya Həsənovun xatirəsini anma mərasimi keçirilib.
Rayon ictimaiyyətinin nümayəndələri, Ziya Həsənovun xidmət etdiyi hərbi hissənin komandanlığı, döyüşçü dostları Bərdə şəhidlər xiyabanına gedərək şəhidin məzarını ziyarət ediblər.
Mədəniyyət Mərkəzində Əməkdar İncəsənət Xadimi Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə Z.Həsənovun xatirəsinə həsr olunmuş "Ruhumuzun qələbəsi naminə" adlı kompozisiya təqdim edilib. Kompozisiyada Silahlı Qüvvələrin mahnı və rəqs ansamblı, Gəncə qarnizonu zabitlər evinin kollektivi, eləcə də hərbi birliyin bədii özfəaliyyət kollektivinin üzvləri iştirak ediblər. Tədbirdə Ziya Həsənovun həyat və döyüş yoluna işıq salınıb, qəhrəmanlığı təbliğ olunub. Təqdim edilən vətənpərvərlik mahnıları və hərbi marşlar tamaşaçıları Qarabağ uğrunda mübarizəyə səsləyib. Şəhidin ölümündən sonra dünyaya gəlmiş qızı Yağmurun səhnəyə gətirilməsi ilə Ziyanın ruhunun da səhnəyə gələrək və "Qarabağ uğrunda yenidə savaş başlarsa, balaca qızım Yağmurumun və Azərbaycanımızın gələcəyi naminə mən də ruhumla döyüşəcəyəm" deməsi tamaşaçılarda kövrək duyğulu və qürur doğuran anlar yaşadıb.
Tədbirin sonunda Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fəqət Şadlinskaya çıxış edərək ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb, xalqımızın şəhidlərə yüksək ehtiram göstərdiyini və Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə hər an torpaqlarımızın azadlığı uğrunda döyüşə hazır olduğunu bildirib.
Tədbirdə iştirak edən Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Cəmşid Naxçıvanski adına hərbi liseydə Ziya Həsənovun müəllimi olmuş Şakir Əhmədov, şəhid zabitin xidmət etdiyi hərbi birləşmənin komandiri Eldəniz İmaməliyev, Tərtər rayonundan gəlmiş Qarabağ müharibəsi veteranları çıxış edərək şəhidlərimizə Allahdan rəhmət diləyib, onların qanlarının yerdə qalmayacağına, işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə əminliklərini bildiriblər.
Şəhidin atası Niyazi Həsənov göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını ifadə edib.
Şəhid Ziya Həsənovun ölümündən sonra layiq görüldüyü "Cəmşid Naxçıvanskinin yubiley medalı" onun ailəsinə təqdim olunub.