Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Avqust 2014 09:00

Belarusdan olan Azərbaycanın Milli Qəhrəmanının ailəsinə "Qızıl Ulduz" medalı təqdim olunub

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə nazirliyin zabiti polkovnik Abdulla Qurbani Belarus və Ukraynaya ezam olunub.
Avqustun 21-də polkovnik A.Qurbani Belarus Respublikasının Slutsk şəhərində olub, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və rəşadətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş mayor Anatoli Nikolayeviç Davidoviçin ailəsinə baş çəkib.
Milli Qəhrəmanın ailəsinə Azərbaycan Respublikasının Müdafiə nazirinin salamlarını və hədiyyəsini təqdim etdikdən sonra ölkəmizin Belarusdakı səfirliyi, Belarusdakı Azərbaycan İcmaları Konqresi, Slutsk şəhəri icra komitəsinin nümayəndələrinin iştirakı ilə şəhidin məzarı önündə anma mərasimi keçirilib.
Mərasimdə Milli Qəhrəmanın məzarı önünə Azərbaycan Respublikasının Müdafiə naziri adından əklil qoyulub və ölümündən sonra onun təltif edildiyi "Qızıl Ulduz" medalı şəhidin anasına təqdim olunub. Məzarüstü abidəyə "Azərbaycan Milli Qəhrəmanı" sözləri yazılmış və səkkizguşəli ulduz həkk olunmuş mərmər xatirə lövhəsi vurulub.
Milli Qəhrəmanın anası Klavdiya Andreyevna, Slutsk şəhəri İcraiyyə Komitəsi sədrinin müavini Larisa Georgiyevna, Azərbaycanın Belarus Respublikasındakı səfirliyinin katibi İlham Səlimxanov və digər çıxış edənlər bu xeyirxah və vətənpərvər təşəbbüsə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Tədbir Belarusun kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.
Avqustun 23-də isə polkovnik A.Qurbani Ukraynanın Xarkov vilayətinin Zimiyov şəhərində dünyaya gəlmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində şəhid olmuş cəsur təyyarəçi Ruslan Aleksandroviç Polovinkanın məzarını ziyarət edərək Müdafiə Nazirliyi adından əklil qoyacaq və ölümündən sonra təltif edildiyi "Qızıl Ulduz" medalını 22 ildən sonra Azərbaycanın Milli Qəhrəmanının ailəsinə təqdim edəcəkdir.